2018-09-14 15:31:32   |   103 dəfə oxunub

Yalandan özünü xəstəliyə vuran da var

Hemofiliyalı xəstələrə dərmanların elektron resept əsasında verilməsi effektli olacaq



Gələn ildən etibarən ölkəmizdəki hemofiliyalı xəstələrə dərmanların elektron resept əsasında verilməsi nəzərdə tutulur. Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbəri Gülnarə Hüseynovanın sözlərinə görə, xəstələrin hər birinin elektron kartla təmin olunması və həmin kartla onlara elektron reseptlərin verilməsi planlaşdırılır.

Qurum rəhbəri bildirib ki, artıq 2019-cu ildə bütün hemofiliyalı xəstələr üçün dərmanlar elektron reseptlərlə buraxılacaq: "Regionlarda yaşayan xəstələr müalicə üçün Regional Hemofiliya Mərkəzlərinə müraciət edə biləcəklər və orada onlara elektron reseptlər yazılacaq. Xəstələr dərmanlarını bunun üçün müəyyən edilmiş xüsusi apteklərdən alacaqlar".

Dərmanların elektron reseptlə verilməsi yəqin ki, şəffaflığın artırılmasına xidmət edir. Məlumdur ki, bəzən xəstə olmadığı təqdirdə bundan sui-istifadə edənlər olurdu. Maraqlıdır, yeni sistem başqa xəstəliklər üçün də nəzərdə tutula bilərmi?

Elektron reseptlə bağlı fikirlərini "Şərq"lə bölüşən həkim-allerqoloq Şahvələd Məmmədov yeni sistemin effektiv olacağını düşünür: 

"Aydın məsələdir ki, elektron sistemə keçid Avropada tətbiq olunmuş bir metoddur. Hemofiliya xəstəliyi ən ağır xəstəliklərdən biridir. Təbii ki, yeni sistem neqativ halların qarşısını alacaq. Elektron reseptlə hemofiliya xəstələrinə qan köçürülməsi və onların digər dərman preparatları ilə təminatı dövlətin ayrıdığı vəsaitlərlə təmin olunacaq. Eyni zamanda bu sistem yalandan özünü xəstə kimi göstərən insanların qarşısını alacaq. Xəstələrin müalicəsi və tələbatını ödəmək baxımından bu sistem olduqca sərfəlidir".

Həkimin sözlərinə görə, elektron resept gələcəkdə digər xəstəliklər üçün də nəzərdə tutula bilər: 

"Düşünürəm ki, yeni sistem pilot layihə kimi hemofiliya xəstələri üzərində tətbiq olunacaq və sonra monitorinqlər keçiriləcək. Monitorinq əsasında yüksək nəticələr əldə olunarsa, digər xəstəliklər üçün də belə reseptlərin tətbiqi gözləniləndir".

Yeganə Bayramova









SON XƏBƏRLƏR

2018-09-22
2018-09-21