2018-09-14 16:18:22   |   396 dəfə oxunub

"Daha Ramiz Əzizbəyli heç kim üçün maraqlı deyil"

"Əgər mənim müalicəmin Türkiyədə aparılmasına maraqlı olsaydılar, özləri zəng edib göndərərdilər"

"Mən kişiliyimi kimsənin qarşısında bu günə qədər sındırmamışam. Kiməsə yalvarmaq da mənim əqidəmə yaraşmaz. Əgər ölürəmsə, elə belə, sakitcə evimdə can verib gedərəm"



Xalq artisti Ramiz Əzizbəyli xeyli müddətdir ev şəraitində müalicə alır. Tanınmış sənətkar bir neçə il əvvəl iflic olub. Bu səbəbdən yaradıcılığı ilə məşğul ola bilmir, iş prosesindən tamamilə uzaqlaşıb. Xalq artisti ilə əlaqə yaradıb durumu ilə maraqlandıq. 

Ramiz Əzizbəyli "Şərq"ə açıqlamasında bildirdi ki, iflic olması son dönəmlər əsəblərini də gərginləşdirib: "Bütün günü evdə uzanmışam.

İflic olduğumdan heç yerə də gedə bilmirəm. Hərdən bacanağım gəlib məni evlərinə aparır ki, bir az ürəyim açılsın. Hərdən də təmiz hava almaq üçün maşınla şəhərdə bir az gəzdirir. Qalan vaxtlar evdən heç yerə gedə bilmirəm. Azərbaycanda məni müalicə edən həkimlərdən gileylənmirəm. Yaxşı həkimlərimiz var. Amma deyilənə görə, Türkiyədə mənim xəstəliyimin müalicəsi daha yaxşı aparıla bilər. Hətta deyirlər ki, yeriməyə də imkanım ola bilər. Təəssüf ki, mənim Türkiyədə müalicə olunmaq üçün maddi imkanım yoxdur. 

Yəni xaricdə, Türkiyədə müalicə üçün maddi imkanım buna yol vermir". Maraqlandıq ki, Türkiyədə müalicəsi üçün rəsmi hansısa quruma müraciət olunubmu? Ramiz Əzizbəyli bildirdi ki, bu günə qədər ailəsi tərəfindən heç bir rəsmi quruma, kiməsə müraciət olunmayıb: "Qızım, mənimlə indiyə qədər heç kim maraqlanmayıb. 

Yəni Ramiz Əzizbəyli heç kim üçün maraqlı deyil daha. Artıq mənim üçün də heç kim maraqlı deyil deyə, müraciətə ehtiyac görmürəm. İllərdir yataq xəstəsi olduğumu bilirlər. Mətbuat bu barədə tez-tez yazır. Əgər mənim müalicəmin Türkiyədə aparılmasına maraqlı olsaydılar, özləri zəng edib göndərərdilər. Demək ki, mən onların yadına düşmürəmsə, özüm yalvarıb yada salmaqla niyə şəxsiyyətimi alçaldım? 

Mən kişiliyimi kimsənin qarşısında bu günə qədər sındırmamışam. Kiməsə yalvarmaq da mənim əqidəmə yaraşmaz. Əgər ölürəmsə, elə belə, sakitcə evimdə can verib gedərəm. Yox, əgər kimsə mənim səhhətimlə maraqlanmaq istəsə, mənim Türkiyədə müalicəm üçün şərait yaratsa, yalan nə deyim, yox, demərəm. 

Yenə də dostlarım sağ olsunlar ki, yatağa düşdüyüm vaxtdan bu günə qədər məni tək qoymayıblar, axtarıblar, soruşublar, baş çəkirlər. Sadəcə, illərimi sənətə qurban vermişəm. Amma hərdən peşman oluram ki, gərək alverçi olaydım, özümə gün ağlayaydım. Bir anlıq hissdir, gəlib geçir. Sonra başa düşürəm ki, mən sənətə vurğun biriyəm. İflic olsam belə sənət adı gələndə sümüklərim inildəyir, köksüm dağ bağlayır. Mənim ruhum sənətlə yoğrulub. Heyif ki, tez yatağa düşdüm. Arzularım ürəyimdə qaldı. Yenə də Allahdan hamıya, bütün xəstələrə can sağlığı istəyirəm, içi də mən qarışıq. Allah hər kəsə kömək olsun".

Tahirə







SON XƏBƏRLƏR

2018-11-21