2018-09-14 16:20:52   |   140 dəfə oxunub

“Niyə mənim 32 min manatımı kimsə yeməlidir?”

Könül Kərimova: "O qadının sözlərindən elə çıxır ki, mən susmalıyam, ötüb keçməliyəm"

"Mən o pulları rahatlıqla qazanmamışam ki, kiməsə səbəbsiz hədiyyə edim. Demokratik ölkədə yaşayırıq, qanun hər kəs üçün alidir"




Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məlahət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə müğənni Könül Kərimova ifadə verib.

O bildirib ki, M.Məmmədovanı məclislərin birindən tanıyır: "Məclisdə mənə yaxınlaşıb özünü Təhsil Nazirliyində işləyən şəxs kimi təqdim etdi. Bir neçə il keçəndən sonra oğlumu Rusiyada universitetə qəbul etdirəcəyi vədi verdi. Məlahət xanıma 32 min manat pul verdim. Sonra oğlumun işi orada alınmadı. Məlahət xanımla da əlaqə saxlaya bilmədim. Üç ildən sonra oğlum Rəşadı Gəncəyə köçürtdük".

K.Kərimova qeyd edib ki, M.Məmmədova ona həmin məbləğdən 11 min manatı geri qaytarıb.
M.Məmmədova söyləyib ki, K.Kərimovanın oğlunu ona verdiyi 12 min manatla Rusiyada 3 il oxutdurub: "Öz qızım da orada təhsil alıb. Yataqxananın qəbzləri də var. Rəşad gəlib evdən onu aparıb".
K.Kərimova M.Məmmədovanın dediklərinə etiraz edib: "Mən özüm artistəm. Heç "Azdrama"da Məlahət Məmmədova kimi artistlər yoxdur".
M.Məmmədova isə K.Kərimovaya 14 min manat pul qaytardığını söyləyib: "Qalan pulla da Könül xanımın oğlu Rəşadı Rusiyada oxutmuşam. Mən burada heç bir dələduzluq etməmişəm. Könül Kərimova bir dəfə də olsun ora gedib oğlunun təhsili ilə maraqlanmayıb".
Məhkəmənin növbəti iclası sentyabrın 19-na təyin edilib.

Qeyd edək ki, M.Məmmədova dələduzluqda təqsirli bilinir. O, bir neçə şəxsin etibarından sui-istifadə edərək, ümumilikdə, 300 minə yaxın pulu dələduzluq yolu ilə ələ keçirib.

Cinayət işi üzrə Azərbaycanın əməkdar artisti, müğənni Könül Kərimova da var.
İttiham aktına əsasən, M.Məmmədova müğənninin oğlu Rəşad Rəhimovu Rusiya universitetlərindən birinə qəbul etdirib, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinə köçürtdürəcəyi vədi verib.
O, bu işə görə, K.Kərimovadan, ümumilikdə, 32 min manat pul alıb. Lakin sonradan verdiyi vədə əməl etməyib.

M.Məmmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham edilir.
Məhkəmənin hazırlıq iclasında məlum olub ki, M.Məmmədova əvvəllər məhkumluq həyatı yaşayıb.
O bildirib ki, 2012-ci ildə dələduzluqda ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alıb.

Əməkdar artistlə əlaqə yaradıb dələduzluq faktı ilə bağlı "Şərqə açıqlama verməyini istədik. Könül Kərimova bildirdi ki, tanınmış olduğu üçün ilk vaxtlar bu barədə mətbuatda məlumatın getməyini istəməyib: 

"Mənim xarakterim barədə az-çox bilirsiz. Mətbuata çıxıb söz danışmağı, açıqlama verməyi, qalmaqallı olaylarda adımın çəkilməsini heç vaxt istəməmişəm. Bu illər ərzində sənətimlə gündəmdə olmuşam. Amma bu elə bir məsələdir ki, hüquq-mühafizə orqanlarına müraciət etməyə məcbur qaldım. Çünki böyük məbləğdə pul məndən dələduzluq yolu ilə alınıb. Dələduzluqda ittiham olunan Məlahət Məmmədova məhkəmədə günahsız olduğunu, əməlində dələduzluq olmadığını sübut etməyə çalışır. Bilirsiz qəribəsi nədir? 

Yaxşı, Könül Kərimova onu dələduzluqda ittiham edir, bəs eyni maddə ilə şikayətçi olan qalan bir neçə şəxs də yalan danışır? Onlar ki, mənim tanışlarım, qohumlarım deyil. Mən böhtan atıram, bəs başqaları da yalan deyir? Niyə bir insanı bir neçə nəfər eyni dələduzluq hadisəsi ilə şikayət etsin. Elə çıxır hamı yalançıdır, bir o qadından başqa. İnanın, məhkəmə prosesində elə artistlik edirdi ki, mən özüm illərdir səhnədəyəm, belə artist görməmişdim. İnsan yalanı bu qədər mükəmməl necə deyə bilər: "Mən 32 min manat o qadına oğlumun təhsili üçün pul vermişəm. Söz vermişdi ki, sonradan oğlumu Bakıdakı universitetə köçürdəcək və Rəşad Bakıda təhsilini davam etdirəcək. O qədər inandırdı ki, mən o məbləği verdim. Bilirsiz hər bir ana, hər bir valideyn çalışır ki, övladı yaxşı təhsil alsın, tələbə olsun. 

Mən də ana kimi buna çalışmışam. O qadınla mənim şəxsi intriqam olmayıb ki, ona böhtan atıb nəsə əldə edim. Mən sənətçi insanam. İşimi-gücümü görüb balalarıma çörəkpulu qazanıram. Niyə mənim 32 min manat pulumu kimsə yeməlidir? Onun sözlərindən elə çıxır ki, mən susmalıydım, ötüb keçməliydim. Mən o pulları rahatlıqla qazanmamışam ki, kiməsə səbəbsiz hədiyyə edim. Demokratik ölkədə yaşayırıq, qanun hər kəs üçün alidir. Mən də bu dövlətin qanunlarına sığınmışam, başqa şəkildə də pulu ala bilərdim bəlkə. Amma mən qanunlara, məhkəmənin ədalətinə sığınmışam. 

Əminəm ki, məhkəmdə də ədalətli qərar verəcək. Bir də Allah o qadının ürəyinə bir az Allah qorxusu salsın. Məhərrəmlik ayıdır. Mən Allahımdan qorxan insanam. Kimsənin qəlbini də bu günə qədər bilərəkdən qırmamışam ki, birdən günaha bataram. Məhkəmədə elə yalan ifadələr verir ki, mən özüm az qala inanmaq istəyirəm ki, bəlkə gördüklərim yuxudur. Məhkəmə prosesi davam edir. Mən qanuna sığınmışam".

Tahirə







SON XƏBƏRLƏR

2018-09-25