2018-09-14 16:27:49   |   219 dəfə oxunub

Xəzər sahilini hasarlayanlar təşvişdə: "Obyektlər, villalar sökülə bilər"


Xəzər sahilini hasarlayanlar təşvişə düşüb. Obyektlərin, villaların sökülmə təhlükəsi var. İşlər belədir; kiminsə «təhlükə» hesab etdiyi hal, xalq üçün əksinə, real təhlükədən xilasdır. Çünki Xəzər sahilinin hasarlanması ekoloji tarazlığın pozulması, hava axınlarının sərbəst hərəkətinin qarşısının alınmasıdır. Bu, belə. İndi keçək, məsələnin məğzinə.

Əmlak Məsələləri Dövlət Komitəsi Xəzər dənizinin sahilboyu 20-50 metrlik mühafizə zolağına düşən torpaq sahələrində inşa edilmiş bütün tikililərlə bağlı aparılmış monitorinqdərin nəticələrini məhkəməyə təqdim edib. 

Məhkəmələrə göndərilən işlərdən 5-i haqqında qəbul edilən qərarın icrasına başlanacaq. İcra gerçəkləşəcəyi təqdirdə dəniz sahili boyunca, şairanə desək, «göz işlədikcə uzanan sahil» ictimaiyyət üçün əlçatan olacaq. Vətəndaşlar dəniz sahilində istirahət edə biləcəklər.
Amma söküntü işlərinə başlanması üçün məhkəmənin qərarı mütləqdir.

Lakin fərqli düşünüb məhkəmə qərarları ilə sahil zəbti probleminin həll olunacağına şübhə ilə yanaşanlar da var. Qanun öz yerində, iqtisadi maraqlar, büdcə gəlirləri baxımından sahil zolağında nəhəng tikililərə icazə verilməsi, torpaqların böyük məbləğ müqabilində icarəyə verilməsi variantları da irəli sürülür. Həmçinin, sahil zolağının konkret yerlərdə ictimai yerlər kimi təsdiqlənməsi də variantlardan biridir.

Bu arada, xatırladaq ki, millət vəkili Fazil Mustafa sahil zolağının qanunsuz zəbt edilməsi probleminə yenə toxunub. Millət vəkili bu dəfə fərqli təkliflə çıxış edib

. «Yeni Müsavat»a müsahibəsində F.Mustafa «Xəzərdə sunami ehtimalı olmadığından, görünür, bu hasarlar və içindəki villalar daha çox Xəzərdən gələ biləcək mümkün xarici təhlükənin qarşısını almaq üçün vətənpərvərlik duyğuları ilə tikilib. O halda, müraciət etmək lazımdır ki, həmin tikililərin hamısının sahibləri könüllü şəkildə bu yerləri Sərhəd Qoşunlarının balansına versinlər…» 

Təbii ki, burada istehza aşkardır. Həmin hasarlar və villalar xarici təhlükədən daha çox özünümüdafiə istehkamına bənzəyir. Fəqət, kimdən və nədən? Amma məsələnin müsbət tərəfi budur ki, artıq tərpəniş var. ƏMDK-nin monitorinqlər aparması və nəticələri məhkəmələrə göndərməsi müsbət dəyişikliyin olacağına inam yaradır.

İqtisadçı Fuad İbrahimov isə problemin həlli yollarını belə izah etdi:

- Məlumdur ki, mərhum Prezident, ümummilli lider Heydər Əliyev Xəzər sahili boyunca ən azı 150 metrlik mühafizə zolağının qorunması ilə bağlı sərəncam imzalamışdı. Mən o zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışırdım və görürdüm ki, nazirlikdə bu istiqamətdə ciddi iş aparılır, nəzarət edilir. Amma sonra məhz yerli icra hakimiyyətləri tərəfindən qaydaların pozulması halları artmağa başladı və vəziyyət bugünki şəklini aldı. Hamımız bilirik ki, sahil zolağı kimlərsə tərəfindən hasarlanıb, villalar tikilib, istirahət zonaları fəaliyyət göstərir, vətəndaşların dəniz sahilindən istifadəsi faktiki qeryi-mümkünləşib. 

Dəniz sahili obyektlərlə doludur, hamısı da «özəlləşib». Sovet vaxtı da dəniz sahilində obyektlər vardı. Sanatoriyalar, ayrı-ayrı dövlət qurumlarına aid istirahət mərkəzləri. Amma fərq burasında idi ki, onlardan hamı istifadə edə bilirdi. Hansısa dövlət qurumu tərkibində çalışmayan şəxslər də istirahət zonası ərazisinə gəlir, dəniz sahiində dincəlirdi. İndi isə bir-iki ümumi çimərlikdən savayı, bütün digərlərinə giriş pulludur. 

Dəniz sahili tamamilə zəbt edilib. İnsanlar dənizə həsrət qalıb. Bu problem artıq 18 ildir mövcuddur. Hər dəfə deyilir, danışılır, amma bir nəticə hasil olmur. Hesab edirəm ki, problemin həlli yolu ilk növbədə ərazilərin təsnifatının aparılmasıdır. Dəniz sahili boyunca yerləşmiş tikililərin təyinatı müəyyənləşməlidir. Bilinməlilir ki, bu tikilinin təyinatı nədir. Sizə deyim, doğru-düzgün təsnifat aparılsa, görəcəyik ki, o torpaqların əksəriyyəti tamam fərqli təyinat adı altında zəbt olunub. Sənəddə təsdiqlənib, ümumi istifadədə olan istirahət mərkəzi, amma villa tikilib, konkret adama xidmət edir. İctimai iaşə obyekti adı altında tikintiyə razılıq verilib, amma təyinat dəyişib. Sahil zolağındakı tikililərin bəlkə də çoxunun tikinti aparmaq üçün heç sənədləri olmayıb, yoxdur. Həm də bu problem təkcə sahil zolağı ilə bağlı deyil, bir çox bölgələrdə meşə zonalarının qanunsuz özəlləşdirilməsi, tikinti aparılması faktları da var. 

Bunların hamısı həllini gözləyən problemlərdir. Qaldı, vergi məsələsinə – hansısa ölkədə dənizin ortasında, çayın üzərində turistik obyekt tikib dövlətə vergi ödənməsinə, hesab edirəm ki, Azərbaycan dövlətinin buna ehtiyacı yoxdur. Dəniz dəniz kimi qalsın, meşə meşə kimi. O zaman ekologiyamız da normal olacaq, havamız, suyumuz da.

Məlahət Rzayeva







SON XƏBƏRLƏR

2018-11-15