2018-09-14 17:02:18   |   323 dəfə oxunub

"Abituriyentlər buraxılış və qəbul imtahanlarının ballarına əsasən ixtisas seçəcəklər"



"2019-cu ildə tam (11 illik) orta təhsil səviyyəsi üzrə yekun qiymətləndirilmə (buraxılış) imtahanları bir mərhələdə – tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçiriləcəkdir”.

Bunu "Sherg.az”a yeni tədris ili üçün müəyyən olunan qəbul imtahanı modelindən danışarkən tanınmış təhsil eksperti, tarix üzrə fəlsəfə doktoru Kamran Əsədov söyləyib. 

Onun sözlərinə görə, buraxılış imtahanlarında şagirdlərin bilikləri kurikulum əsasında, tələb olunan bacarıq və vərdişlərin yoxlanılması üçün açıq və qapalı tipli tapşırıqlardan istifadə olunmaqla qiymətləndiriləcəkdir:

"Bu mərhələdə iştirak edənlər maksimum 300 bal toplaya biləcəklər. Qeyd edim ki, indiyə qədər bu 90 bal idi, amma bu mərhələdə toplanan ballar qəbul imtahanında hesablanmırdı. Birinci mərhələ həm də şagirdlərin attestat alması üçün vacibdir. Dövlət İmtahan Mərkəzi (Dİm) tərəfindən 2019-cu ildə keçiriləcək buraxılış imtahanlarında həm də attestat almaq üçün bal həddi müəyyən olunacaq. Yəni müəyyən olunmuş balı toplayan şagirdlər attestat alıb, ali məktəblərə qəbul imtahanına buraxılacaqlar. Düşünürəm ki, bu attestat alanların sayına müsbət təsir göstərəcək. 

Əvvəlki illərlə müqayisədə indi daha çox şagird orta məktəbi bitirmək haqqında sənəd əldə edəcək. Bu test tapşırıqlarına görə, müəyyən edilmiş balların çoxalması ilə bağlıdır. Belə ki, əvvəlki illərdə bir doğru cavab bir balla qiymətləndirildisə, 2019-cu ildən etibarən isə bir doğru cavab daha çox balla qiymətləndiriləcək və şagirdlərin müvəffəqiyyət göstəriciləri artacaq.

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanı 5 ixtisas qrupu üzrə aparılacaq. Abituriyentlər I, II,III və IV qrupa aid ixtisaslara qəbul olmaq üçün 3 fənn üzrə imtahan verəcəklər. I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. 

Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər. I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları seçdikləri ixtisas qrupuna daxil olan fənlərlə yanaşı buraxılış imtahanı formatında əlavə qəbul imtahanı da verəcəklər və hər iki imtahandan topladıqları balların cəminə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər. 

Bu mərhələdə isə şagirdlər maksimum 400 bal toplayacaqlar. Ali məktəblərə qəbul olmaq istəyənlər üçün isə iki mərhələdə əldə edilən imtahan nəticələri toplanacaq və yekun bal olaraq nəzərə alınacaq”.

Qeyd edək ki, Təhsil naziri Ceyhun Bayramov yeni imtahan modelinə görə, abituriyentin balı buraxılış imtahanı və qəbul imtahanında topladığı balların cəmi olaraq hesablanacaq:

"Belə ki, I mərhələdə (buraxılış imtahanında) abituriyentlər 3 fəndən (ana dili, riyaziyyat, xarici dil) maksimum 300 bal, II mərhələdə (qəbul imtahanında) isə 3 fəndən (ixtisas qruplarına uyğun) maksimum 400 bal olmaqla cəmi 700 bal toplaya bilərlər. Yeni modelə əsasən ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən məzunlar daha az sayda fəndən imtahan verirlər və verdikləri hər bir imtahanın onların həyatına təsiri olur. 

Əvvəlki illərdə məzunlar eyni fəndən 2 dəfə imtahan verməli olsalar da, bu imtahanlardan yalnız qəbul imtahanı məzunun gələcək həyatına təsir edirdi. Əvvəlki illərdə olduğu kimi, imtahanlar Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək”.

Aysel Aslan











SON XƏBƏRLƏR

2018-11-21
2018-11-20