2018-09-14 17:28:46   |   149 dəfə oxunub

"Narkomanları həbsxana deyil, xəstəxanalara yerləşdirin ! " - TƏKLİF



"Narkotik maddə istifadəçisi olduğu üçün həbsə düşən şəxslər mütləq müalicə edilməli, reabilitasiya mərhələsindən keçdikdən sonra cəmiyyətə qaytarılmalıdır”.

Bunu "Sherg.az”a Daşkəsəndə narkotik istifadəçisi olan məhbusun həbsdən çıxdıqdan sonra valideynlərini baltalamasından danışarkən hüquq müdafiəçisi Novella Cəfəroğlu söyləyib. 

Onun fikrincə, xəstəxana əvəzinə, həbsxanalara yerləşdirilən narkotik maddə istifadəçilərinin əksəriyyəti bunu tərgitmədən həbsdən çıxır:

"Bu problem bütün dünyada mövcuddur. Narkotik maddələrə aludə olan vətəndaşlar psixoloji, tibbi müalicələr götürməlidirlər.

Sözügedən məsələni hökumət özü qaldırmalıdır. Çünki narkotik istifadəçisi olan vətəndaş tək özünə ziyan vermir. Onlar müxtəlif cinayətlərə, oğurluqlara, qanunsuzluqlara əl atırlar. Beləliklə, narkotik aludəsinə görə, ciddi cinayətlər baş verir. Milli Məclis üzvləri problemin aktuallığını nəzərə alıb, müvafiq təkliflər irəli sürməlidirlər”.

Səhiyyə imkanlarının və xəstəxanaların bu prosesə hazır olub-olmamasına gəlincə, N. Cəfəroğlu hesab edir ki, qərar qəbul edilsə, texniki imkanlar yaradıla bilər:

"Biz Amerikada olanda reabilitasiya mərkəzlərində baxış keçirdik. Həmin xəstəxanalarda spit, narkotik aludəçiliyi kimi xəstəliklərin müalicəsi üçün şərait yaradılmışdı. Psixoloqlar, həkimlər, tibb işçiləri və s. məhbuslara xidmət göstərirdilər. Nəticələrə görə, reabilitasiya mərkəzinə müraciət edən narkotik maddə istifadəçilərinin müəyyən qədəri sağalaraq, ailəsinin yanına qayıdır.

Düşünürəm ki, narkotik maddələrin istifadəsini azaltmaq üçün orta məktəblərdən, təhsil müəssisələrindən başlayaraq, geniş maarifləndirmə aparılmalıdır”.

Qeyd edək ki, Daşkəsəndə oğulun ata-anasını baltalamasının bəzi təfərrüatları məlum olub. Rayonun Qabaqtəpə kəndində yaşayan 1944-cü il təvəllüdlü İlyas Həmzə oğlu Bağırov və həyat yoldaşı, 1954-cü il təvəllüdlü Tamara Mövsüm qızı Bağırova axşam saatlarında onlarla birgə yaşayan oğulları Firdovsi İlyas oğlu Bağırov tərəfindən balta ilə ağır dərəcəli bədən xəsarətləri alıblar. O, anasının başına balta ilə bir neçə zərbə endirib, atasına isə küt alətlə zərbələr endirərək baş və üz nahiyəsinə ciddi xəsarətlər yetirib.

Hadisə zamanı F.Bağırovun sərxoş olduğu bildirilir. Narkotik maddə istifadəçisi olduğu üçün bir neçə il məhkumluq həyatı yaşayan F.Bağırov bir müddət əvvəl həbsdən çıxıb və həyat yoldaşından ayrılaraq, ata-anasının yanında qalıb.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-11-21