2018-09-20 18:01:58   |   150 dəfə oxunub

Ədliyyə naziri 40 nəfəri işə götürdü, onlara rütbələr verdi


Ədliyyə Akademiyasında icbari təlimi başa vuraraq penitensiar xidmətdə orta rəis heyətinə və ATU-nun Hərbi Tibb fakültəsini bitirərək tibb xidmətinə təyinat alan 40 nəfər gənc əməkdaşla nazirliyin rəhbərliyinin görüşü keçirilib.

Modern.az xəbər verir ki, Nazirlikdə keçirilmiş tədbirdə ədliyyə naziri Fikrət Məmmədov çıxış edib.
Nazir dövlət başçısı tərəfindən "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunmuş 2018-ci ildə 100 illiyi qeyd olunan Azərbaycan ədliyyəsinin tarixinə, keçdiyi inkişaf yoluna toxunan nazir məhkəmə və ədliyyə sistemində aparılan islahatlarından danışıb, ölkə başçısının penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı 2017-ci ilin fevral 10-da imzaladığı mühüm, proqram xarakterli Sərəncamının məhkəmə və penitensiar sahələrdə əməli tədbirlərin görülməsi üçün "yol xəritəsi" olduğunu vurğulayıb. Həmçinin Penitensiar xidmətdə qulluq keçmənin xüsusiyyətləri barədə məlumat verib, gənclərə işlərində məsuliyyətli olmağı, qanunçuluq, insan hüquqları, humanizm prinsiplərinə, nizam-intizama, etik davranış qaydalarına dönmədən əməl etməyi tapşırıb, korrupsiya və digər neqativ halların yolverilməzliyini vurğulayıb, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Gənclər çıxış edərək qulluğa qəbul olunmalarından yüksək qürur hissi keçirdiklərini bildirib, müstəqil Azərbaycanımızın hərtərəfli tərəqqisi naminə ölkə başçısının ətrafında sıx birləşərək yorulmaz fəaliyyətində daim layiqli yardımçı olacaqlarını vurğulayıb, onlara göstərilən yüksək etimadı doğruldacaqlarına, ədliyyə işçisi adını şərəflə daşıyacaqlarına və daim uca tutacaqlarına söz veriblər.

Daha sonra təyinat almış yeni əməkdaşlar Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə təntənəli qaydada and içiblər, aidiyyəti işçilərə xüsusi rütbələr verilib.






SON XƏBƏRLƏR

2018-10-20
2018-10-19