2018-09-20 18:08:38   |   205 dəfə oxunub

Ekspert: "3 D formatlı zolaqlar məktəblərin önündəki yollarda tətbiq edilsə... "


Azərbaycanda ilk dəfə olaraq avtomobil yollarında 3D formatlı piyada zolağı çəkilib. Bu yenilik Naxçıvan şəhərində tətbiq edilib.

Şəhərin mərkəzi prospektlərindən biri - Heydər Əliyev prospektində tətbiq olunan 3D formatlı piyada zolaqlarının digər küçə və prospektlərdə də çəkilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 3D formatlı zolaqların yolda qoyulmuş bordür effekti yaratması piyadaların həmin zolaqlardan daha təhlükəsiz istifadəsinə imkan verir.

Sosial Strateji Tədqiqatlar Birliyinin rəhbəri, nəqliyyat eksperti İlqar Hüseynli Naxçıvanın avtomobil yollarında 3D formatının tətbiqini müsbət hal kimi dəyərləndirib: 

"Piyada keçidlərində elektron təcrübədən istifadə olunması ancaq alqışlanmalıdır. 3D formatı çox güman ki, görüntünü, qarşıdakı maneəni yaxınlaşdıran bir sistemdi. Bunun sayəsində də sürücülər piyada keçidinə deyək ki, 5-10 metr məsafədə zolaqları fərq edəcək, qarşıdakı maneəni ona çatmağa kifayət qədər ara məsafəsi qaldığı bir vaxtda görəcək, sürücüdə elə təəssürat yaranacaq ki, bir qədər də hərəkət etsə, piyadanı vura bilər, nəticədə, istər-istəməz sürət həddini azaldacaq. 

Bu da piyadaların təhlükəsizliyinin təmin edilməsi deməkdir. Hesab edirəm ki, bu, çox uğurlu təcrübədir. 3 D formatlı zolaqlar məktəblərin önündəki avtomobil yollarında tətbiq edilsə nəticəsi daha da müsbət olacaq. Çünki bütün dünyada piyadaların vurulması ilə nəticələnən avtomobil qəzalarının baş verməsinə ən çox uşaqlar səbəb olur. Uşaqlar dəcəl, çılğın olur, həyatları üçün əndişə keçirmirlər, avtomobillərin önündən qaçırlar. 

Böyüklər, yaşlılar kimi yolu keçərkən ehtiyatlı davranmırlar. Dərsdən çıxan uşaqları görürük hamımız. Maşın yolunda necə qaçırlar, yolu tez keçmək istəyirlər. Üzərlərinə gələn təhlükəni fərq etmirlər. Bu, əlbəttə ki, yaş kateqoriyası ilə bağlı yanaşmadır. Ona görə də məktəblərin, tədris müəssisələrinin yerləşdiyi ərazilərdə piyada keçidlərinin, işıqforların olmasına xüsusi diqqət ayrılmalıdır”.

İ.Hüseynli Bakıdakı piyada keçidlərində də 3D formatının tətbiqinin arzuedilən olduğunu deyib: 

"Naxçıvandan sonra Bakıda da bu cür piyada keçidlərinin olmasını istəyərdik. Amma etiraf edək ki, son illərdə paytaxtda yol mədəniyyətinin səviyyəsi xeyli yüksəlib. Sürücülərin piyadalara yol verməsi, piyadaların keçidlərdən istifadəsi halları artıb. Bunun bir səbəbi də cərimələrdir. Bir sürücü keçiddə piyadaya yol vermədiyinə görə, əgər 5 dəfə kameraya düşürsə, 2 ballıq cərimə ilə birlikdə 40 manatdan 200 manatadək cərimə oluna bilər. 

Hansı sürücü "göz görəsi” bunu istəyər? Ona görə sürücülərimiz də artıq ehtiyatlı olmağa, qaydaları pozmamağa çalışır. Yəni, bizdə artıq piyada keçidi və yol mədəniyyəti formalaşmaq üzrədir. Lakin şəhərin bəzi yerlərində yol infrastrukturunda hələ də çatışmazlıqlar var. Gediş-gəlişin intensiv olduğu yollarda yerüstü və yeraltı keçidlərin inşasına ehtiyac var. Bu məsələlər Dövlət Yol Polisi tərəfindən araşdırılmalı, müəyyənləşməli və lazımi tədbirlər görülməlidir. Xüsusən də orta məktəblərin, uşaq bağçalarının qarşısındakı yollarda keçidlərin, işıqforların daim işlək olması lazımdır”.

Şəymən






SON XƏBƏRLƏR

2018-10-18
2018-10-17