2018-09-22 01:06:11   |   359 dəfə oxunub

Paşinyanın hərbi ritorikasına qarşı cavablar gəlməyə başlayıb




ABŞ Prezidenti Donald Tramp Ermənistanın baş naziri Nikol Paşinyana ölkənin 27-ci müstəqillik günü münasibəti ilə təbrik məktubu göndərib. Məktubda ABŞ Prezidenti Dağlıq Qarabağ münaqişəsinin nizamlanamsında yeni imkanlar barədə ilginc anons verib. Bildirilib ki, yaxın aylarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün yeni imkanlar yaranacaq ki, bu da Ermənistan-ABŞ əlaqələri üçün yeni variantlar yarada bilər:

 "ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Birləşmiş Ştatlar münaqişəsinin uzunmüddətli sülh ilə həlli yollarının axtarışı üzrə sizinlə işləməyə hazırdır”. Bu arada Amerikanın dövlət katibi Maykl Pompeo Ermənistanın müstəqillik günü ilə bağlı yayımladığı bəyanatda rəsmi İrəvanı və Bakını tezliklə intensiv danışıqları bərpa etməyə çağırıb: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə sadiqdir və tərəfləri tezliklə intensiv danışıqları bərpa etməyə çağırır”. Tramp Administrasiyasının Paşinyan hökumətinə münasibəti bəllidir. O da məlumdur ki, Trampla Paşinyanı görüşdürmək istəyən qüvvələr buna nail ola bilmirlər. ABŞ-ın həmsədr olaraq Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində sərgilədiyi mövqe də heç kimə sirr deyil. Belə məqamda indiki məktubun mahiyyəti nədir, Tramp konkret olaraq Paşinyan hökumətindən nə tələb edir?

"Şərq”in suallarını cavablandıran politoloq Azər Rəşidoğlunun sözlərinə görə, Trampın məktubu onu deməyə əsas verir ki, Paşinyanın hərbi ritorikasına qarşı cavablar gəlməyə başlayıb. 

Analitik deyib ki, Amerika Birləşmiş Ştatlar Ermənistanı faktiki olaraq, sülh danışıqlarına və ATƏT-in Minsk Qrupu çərçivəsində fəaliyyət göstərməyə dəvət edir: "ABŞ-ın mövqeyi bəllidir. Vaşinqton Qarabağda nə Ermənistanın, nə də Azərbaycanın qələbəsini istəyir. Vaşinqton Ermənistana tam nəzarət etmək imkanında da deyil. Ermənistan Gürcüstanla müqayisədə çox mürəkkəb ölkədir. Həm sosial-iqtisadi, həm də siyasi və hərbi cəhətdən İrəvanın Kremldən asılılığı güclüdür. Rusiyanın Ermənistanda 102 nömrəli hərbi bazası var və bu bazada ən müasir hərbi texnikalar yerləşdirilib. Təsir rıçaqları Moskvaya imkan verir ki, istənilən anda Ermənistanda siyasi kataklizmlər yaratsın. Bu baxımdan, Trampın məktubunun da Qarabağ danışıqlarına böyük təsiri olmayacaq. Əgər söhbət ABŞ vasitəsi ilə İrəvana təsir göstərib Ermənistanı konstruktiv olmağa məcbur etməkdən gedirsə, bu, real görünmür. Düzdür, Ermənistana beynəlxalq təzyiqlər artacaq. Lakin bu təzyiqlər Qarabağın qaytarılması ilə bağlı olmaya da bilər. Tramp İrəvanı yeni Qarabağ savaşından yayınmağa səsləyir. Əvəzində "mükafat” da vəd edir, yəni "Ermənistan-ABŞ əlaqələri üçün yeni variantlar yarada biləcəyini” vurğulayır. ABŞ üçün bu mərhələdə Ermənistan-İran sərhədinə nəzarət etmək daha vacibdir. Ona görə də Vaşinqton İrəvanı Qarabağ danışıqlarını bərpa etməyə səsləyir. Görünür, Paşinyan Trampa İran məsələsində lazım olacaq”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-10-16
2018-10-15