2018-09-22 11:08:51   |   199 dəfə oxunub

Parlamentin 100 yaşının qeyd olunması vacib idi

Bununla dünyaya xalqımızın demokratik yaşam tarixinə malik olduğunu göstərdik



Dünən Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilib. 150-dən çox ölkənin parlament nümayəndələrinin qatıldığı möhtəşəm tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib. Dövlət başçısı iclasda geniş nitq söyləyərək bir çox mühüm məqamlara toxunub. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını tarixi hadisə adlandıran dövlət başçısı xalqımızın Şərqdə ilk demokratik respublikanın yaradılması ilə fəxr etdiyini bildirib. Cümhuriyyət dövründə bir sıra dövlət atributlarının təsis edildiyini vurğulayan Prezident Azərbaycan dövlətinin Cümhuriyyətin və onun qurucularının fəaliyyətini yüksək qiymətləndirdiyini bəyan edib. Həmçinin, bu il "Cümhuriyyət İli” çərçivəsində dövlət səviyyəsində bir sıra tədbirlərin keçirildiyini diqqətə çatdırıb.

Parlamentin 100 illiyi münasibəti ilə keçirilən möhtəşəm tədbir və Prezidentin diqqət çəkdiyi məqamlarla bağlı "Şərq”ə danışan tarix üzrə fəlsəfə doktoru, Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova bildirib ki, Azərbaycan Parlamentinin 100 illik tarixi çox təqdirəlayiq hadisədir və Milli Məclis tərəfindən təntənəli iclasla qeyd olunması məqsədəmüvafiqdir: 

"100 il əvvəl dekabrın 7-də çox ağır şərtlər daxilində Azərbaycan parlamenti çox təntənəli şəkildə açıldı. Məhəmməd Əmin Rəsulzadənin Milli Şuranın fəaliyyətini bərpa etməsindən sonra bu tarixi hadisə baş tutdu. Həmin gün qeyri-iş günü elan olundu və Azərbaycan cəmiyyəti sevinclə, bayraqlarla, xarici nümayəndələrin iştirakı ilə möhtəşəm günü qeyd etdi. Azərbaycan parlamentinin fəaliyyət məzmunu son dərəcə demokratik idi. Səciyyələndirsək, Azərbaycan parlamenti qanunvericilik fəaliyyətinə görə dövlətçilik tarixində strateji qanunların qəbul edilməsi ilə tarixdə iz qoyub. 

Məsələn, Azərbaycan dövlət bankının yaradılması, vətəndaşlıq haqqında qanunun qəbul olunması, qadınların seçki hüququnun tanınması, mətbuatın senzuradan azad edilməsi, Bakı Dövlət Universitetinin təsisi, 100 tələbənin xaricə göndərilməsi və s. Bunların hamısı taleyüklü qərarların qəbul edilməsi baxımından çox önəmlidir. Azərbaycan parlamenti müxtəlif siyasi qüvvələrin və təmsilçilərin hamısının fəaliyyət göstərdiyi bir orqan kimi olduqca nümunəvidir. Parlament üzvləri siyasi əxlaq normalarına və peşəkarlıq səviyyəsinə görə təqdirəlayiq bir nümunə qoyublar. Azərbaycan parlamenti təkcə müsəlman Şərqində deyil, həm də demokratik ənənələrə malik Avropa parlamentlərindən də geri qalmır, bəzən isə üstələyirdi”.

Tarixçi-alim bildirib ki, Azərbaycan Milli Məclisi haqlı olaraq 100 il əvvəl məhz belə bir qanunverici qurumu yaradan xalqın varisi kimi fəxr edir, qürur duyur: 

"Azərbaycan parlamenti qısa müddətdə mühüm işlər gördü. Parlament Cümhuriyyətin hüdudlarından kənarda baş verən proseslərə aktiv reaksiya verirdi. Biz həmin parlamentin iclaslarına baxdıqda görürük ki, regionun müqəddəratı ilə bağlı Azərbaycan Cümhuriyyəti söz sahibi, kənar proseslərə təsir imkanına malik olub. Ümumilikdə götürsək, Azərbaycan Parlamentinin 100 yaşının qeyd olunması Azərbaycan xalqının beynəlxalq aləmdə bir təqdimatıdır ki, bizim xalq parlamentli respublika formasında da demokratik yaşamaq ənənəsinə və tarixinə malikdir”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-12-14
2018-12-13