2018-09-22 17:27:14   |   258 dəfə oxunub

Məleykə Abbaszadə haqlı çıxdı

"Məsələdə kimin haqlı olduğunu demək çətindir"




Builki yay qəbul imtahanında abituriyent Əsgəri İbrahim Əli oğlunun valideynləri övladlarının 596 bal topladığını iddia edirdilər. Lakin həmin vaxt DİM açıqlamışdı ki, abituriyent yaz imtahanında 410, yay imtahanında isə 451 bal toplayıb. Həmin abituriyent daha aşağı bal topladığı üçün müsabiqədən keçməyib.

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə valideynlərin bu iddia ilə əlaqədar məhkəməyə müraciət etmədiklərini bildirib. Onun sözlərinə görə, valideynlərin iddiaları tamamilə əsassız olub: "Məlum idi ki, bu bal məsələsi tamamilə qondarma məsələ idi. Valideynlər Dövlət İmtahan Mərkəzində mənim iştirakımla keçirilən mətbuat konfransında narazı qaldıqları üçün məhkəməyə müraciət edəcəklərini bildirmişdilər. Biz də bunu gözləyirdik, lakin onlar heç nə etmədilər. Çünki bu, yalan məlumat idi. Təəssüf ki, bəzi şəxslər bu prosesdən özlərini reklam etmək üçün istifadə edirlər. Buradan mediaya müraciət edərək bildirirəm ki, hansısa məlumatın araşdırılması üçün birbaşa DİM-ə, eyni zamanda, Mərkəzin sosial şəbəkələrdəki səhifələrinə müraciət etmək olar. Biz hər zaman rəsmi mövqeyimizi bildiririk".

Abituriyentin imtahan nəticəsi barədə heç bir məlumatı olmadığını deyən tarix elmi üzrə fəlsəfə doktoru, təhsil ekpserti Kamran Əsədov "Şərq”ə bildirib ki, DİM abituriyentin nəticəsini saxtalaşdırdığını iddia edib:

 "Abituriyent isə deyir ki, bu, həqiqi nəticədir. Mənə DİM tərəfindən ancaq şifahi şəkildə abituriyentin nəticəsi barədə məlumat verilib. Məsələdə kimin haqlı olduğunu demək çətindir. Çünki valideynləri abituriyentin nəticəsi barədə çap olunan kağız təqdim etdilər. 

Düşünürəm ki, DİM bu məsələ ilə bağlı addım atmalı idi. Yəni, əgər həqiqətən də abituriyent tərəfindən nəticə dəyişdirilməsi baş veribsə, bu barədə tədbir görülməli idi. Mənə müraciət edəndə deyilmişdi ki, abituriyent 596 bal toplayıb. Amma bu nə qədər doğrudur, yanlışdır, bilmirəm. 

Düşünürəm ki, DİM humanist davranıb, abituriyentin yaşını, gəncliyini nəzərə alıb onu məhkəməyə verməyib. Hər halda bu addım təqdirəlayiqdir. Çünki əgər abituriyent gənc yaşında məhkəmə prosesinin iştirakçısı olsa, onun psixoloji cəhətdən sarsıntıları ola bilərdi. DİM həmişə olduğu kimi, abituriyentin tərəfində, onun müdafiəçisi qismində çıxış edib”.

Yeganə Bayramova









SON XƏBƏRLƏR

2018-12-12
2018-12-11