2018-09-22 18:35:04   |   128 dəfə oxunub

Qürbətdəki soydaş qətlləri...

Birlik, mehribançılıq yox olub, qana çevrilib

Əhməd Qəşəmoğlu: "Maddiyyatla bağlı fəaliyyət olduqda onlar biri-birlərinə maneçilik törətməyə çalışırlar"




Azad İsazadə: "Bəlkə də heç aralarındakı problem ölümə səbəb olacaq qədər böyük deyil"



Qürbətdə yaşayan azərbaycanlıların bir-birini qırması azərbaycanlıların xarici ölkələrdə bir-birilərinə qarşı kin-küdurətlə, kobud, hətta amansız davrandıqlarının bariz nümunəsidir.
Kimisi səadət, kimisi də bir tikə çörək üçün Rusiyanın, Türkiyənin ən ağır işlərində çalışan, cavanlığını qürbətdə çürüdən insanlarımız arasında nəyə görə birlik, mehribançılıq yoxdur?

Bir millət olaraq varlığı belə sual altında olan ermənilər xaricdə bir-birinə arxa çıxır, diaspor, lobbi fəaliyyətini gücləndirib dövlətin siyasətinə dəstək verir, bizim imkanlılar isə xarici müğənnilərin başına dolanıb sərvətlərini onların ayaqları altına sərir. 5 manat üstündə bir-birini al-qana qərq edirlər. Problem tək zəngin qürbətçilərimizdə deyil. Xarici ölkələrə mühacirət edən, bir parça çörək üçün evindən-eşiyindən didərgin düşüb qazanc dalınca gedən azərbaycanlıların heç biri bir-biriləri ilə yola getmir, hətta mübahisələr zamanı öz soydaşlarını qətlə yetirməkdən belə çəkinmirlər. Onsuz da sağımız-solumuz düşmən qaynayır. Ac qurd kimi qəsdimizə dayanan ölkələr bir xalq olaraq bizi əzməyə, milli kimliyimizi əlimizdən almağa can atır. Məgər belə bir situasiya qarşısında qalan həmyerlilərimiz səpələndikləri xarici ölkələrdə bir-birinə arxa çıxıb, varlıqlarını qorumağa çalışsalar, daha yaxşı olmazmı? Real görünmür, hə? Bizim diaspor nümayəndələrimizin birinin dediyi söz o birinin boğazından keçmir, sadə vətəndaşlarımız niyə həmrəylik nümayiş etdirsin ki?

Qeyd edək ki, bu mövzuya toxunmağımıza səbəb Türkiyədə yaşayan azərbaycanlı iş adamı, sabiq millət vəkili İlyas İsmayılovun oğlu Etimad İsmayılovun həmyerlimiz Gözəl Dəmirov tərəfindən qətlə yetirilməsidir. Cinayətə isə ortaq biznes maraqlarının səbəb olduğu iddia edilir. İki azərbaycanlı arasındakı mübahisə şəriklik etdikləri şirkətin 2 faizlik, yəni 4 milyon dollar dəyərindəki səhmlərinin köçürülməsi ilə bağlıymış. Təəssüf ki, bu qətl ortaq biznes maraqlarına, borca görə baş verən ilk hadisə deyil. Xüsusən də Rusiyada iki azərbaycanlının bir- birini pula görə öldürməsi xəbərini tez-tez alırıq.

Maraqlıdır, niyə azərbaycanlılar xarici ölkələrdə bir-birinə qarşı bu cür davranır, bir-birilərini sevmir, birlik olmurlar?

8-9 il Moskvada yaşadığını vurğulayan sosioloq Əhməd Qəşəmoğlu o dövrdə azərbaycanlıların bir-biri ilə çox mehriban olduğunu deyib: 

"30-40 il əvvəl ölkə xaricində olan azərbaycanlılardan biri də mən olmuşam. Çünki o zaman arada mənəvi məsələlər dururdu. Məsələn, Novruz və digər bayramlarda bir yerə yığışar, tələbələr arasında geniş əlaqələr qurardıq. Lakin son zamanlarda ölkədən müxtəlif təbəqələrdən olan insanlar xaricə axışmağa başladı. Gizlin deyil ki, onların arasında kriminal aləmin insanları, ağır psixoloji problemi olan şəxslər də var. 

Yəni, xaricdə olan bugünkü azərbaycanlılar 30-40 əvvəl bundan əvvəl olan azərbaycanlılar deyil. Onların əsas maraqları maddi məsələlərdir. Maddiyyatla bağlı fəaliyyət olduqda onlar biri-birlərinə maneçilik törətməyə çalışırlar. Məsələn, əgər eyni firmada çalışarlarsa və arada mənəvi dəyərlərin səviyyəsi aşağı olarsa, onda tamahkarlıq yaranır və bir-birini kənarlaşdırmağa çalışır, hətta bir-birinin üzərinə silah çəkir, öldürür. Bu baxımdan da qeyd edə bilərəm ki, xarici ölkələrdə azərbaycanlıların bir-birinə qarşı bu cür davranmasının kökündə maddiyyat dayanır. Bu faktor güclü rol oynayır".

Psixoloq Azad İsazadə isə deyib ki, konkret hadisə ilə bir bağlılığı olmasa da, belə bir deyim var: 

"Terroristin vətəni, milləti, dini olmur”. Onların özlərinin maraqları və daxili qanunları var. Biznesi də bu siyahıya əlavə etmək olar. Çox təəssüflər olsun ki, kommersiya sahəsində də milli duyğular rol oynamır. Biznesmenlər üçün pul daha vacibdir: "Amma bir məsələni qeyd edim ki, azərbaycanlıların şüurlatında belə bir prinsip də formalaşıb. İş görürəmsə, özümünkülərlə görüm, xeyir də ona qalsın. Bu düşüncə daha çox da biznesmenlərdə olur. Hansısa bir imkanlı şəxs öz işlərini yaxınlarına, dostlarına, yerlisinə əmanət edir. Təbii ki, bu prinsipi absurd hesab edib yadlarla əməkdaşlığa üstünlük edən azərbaycanlılar da yox deyil. 

Məgər Rusiyada ermənilərlə ortaq biznes quran azərbaycanlıların sayı azdır? İki dövlət bir-birinə düşməndir, cəbhədə əsgərlər üz-üzə dayanıb. Tərəflər az qala hər gün şəhid verir, amma bu onları qəti narahat etmir. Başlarını aşağı salıb öz biznesləri ilə məşğul olurlar. İstisna etmirəm ki, axşamlar görüşür, dost məclislərində biri-birinin şanına sağlıq deyirlər. Hətta bir-birindən qız alıb, qız verirlər. Bu misalı gətirməkdə məqsədim biznes sahəsində milli maraqların arxa planda qalmasını göstərməkdir. Konkret hadisəyə səbəb də maddiyatdır. Mətbuatdan oxuduğuma görə cinayət 4 milyon borc üstündə törədilib. Guya, iki şərik saatlarla mübahisə edib, əsəbiləşib və qəfildən hadisə baş verib. Halbuki ortada konkret məbləğ var. Acınacaqlı hal olsa da, reallıqdır. Bunun üçün Rusiyada, Türkiyədə yaşayan azərbaycanlıları misal göstərmək də vacib deyil. Ölkəmizdə də pul üstündə insanlar bir-birinin qanını tökür. Həm də bu pulun miqdarı milyonlarla yox, manatla ölçülür. 100 manata görə, dost-dostu, qonşu-qonşunu döyür, öldürür. Qardaş belə qardaşı bağışlamır”.

Psixoloqun sözlərinə görə, borca görə yaranan konfliktləri hansısa səviyyədə həll etmək ənənəsi olmadığı üçün bütün mübahisələr ölümlə nəticələnir. 

Ən azından hüquq-mühafizə orqanlarına müraciət etmək, yaxud da hər iki şəxsin hörmət etdiyi bir ağsaqqalı araya salmaq olar. Bəlkə də heç aralarındakı problem ölümə səbəb olacaq qədər böyük deyil. İnsanlarımız birdəfəlik başa düşməlidir ki, hər şeyə görə insan öldürmək, bir ailəni başsız qoymaq doğru deyil.

Şəymən







SON XƏBƏRLƏR

2018-12-11
2018-12-10