2018-09-22 19:09:43   |   251 dəfə oxunub

Anemiyalı uşaqların sayı artıb

“Belə xəstələr ət məhsulları və meyvə yeməlidirlər”



Uşaqlar arasında geniş yayılan xəstəliklərdən biri də anemiyadır. Ötən il ölkə ərazisində ilk dəfə qanazlığı diaqnozu qeydə alınmış xəstə uşaqların sayında artım müşahidə olunub. 2012-ci ildə əhalinin hər 100 000 nəfəri arasında ilk dəfə anemiya diaqnozu qoyulmuş xəstələrin sayı 845,2 nəfər, 2015-ci ildə isə 1087,7 nəfər, 2016-cı ildə 1114, 2017-ci ildə 1117,0 nəfər olub.

Artımın səbəbləri ilə bağlı açıqlama verən pediatr Xanım Bəkirovanın sözlərinə görə, xəstəliyin geniş yayılma səbəblərindən biri anemiya profilaktikasının uşaqlarda düzgün aparılmamasıdır:

 "Anemiya qanda hemoqlabinin miqdarının aşağı olmasıdır. Uşaqların qanında hemoqlabinin miqdarının 100 qram litrdən aşağı olması artıq qanazlığı sayılır. Düzgün qidalanmama, dəmirlə zəngin qidaların uşağa vaxtlı- vaxtında verilməməsi, qurd xəstəliklərinin geniş yayılması və vaxtında müraciət edib problemi həll etməmək qan azlığına səbəb olur. 

Böyrək və mədə-bağırsaq sistemi ilə bağlı xəstəliklər zamanı qida ilə sutkalıq alınan dəmir normal mənimsənilmir. Bu səbəbdən də uzunmüddətli dəmir çatışmazlığı ilə bağlı anemiya formalaşır. Hamiləlik zamanı qadının düzgün qidalanmaması, dərin toksikoz keçirməsi də anemiyalı körpələrin doğulmasına gətirib çıxarır”.

Həkimin sözlərinə görə, anemiyası olan uşaqların immuniteti zəifləyir, tez-tez xəstələnirlər, ürəkdöyünmə, oksigen çatışmazlığı, ağır anemiyalarda ürək çatışmazlığı kimi fəsadların yaranması da mümkündür. Anemiyası olan uşaqlarda patoloji iştah baş qaldırır. Bu, normalda yeyilməsi mümkün olmayan nələrəsə qarşı iştahdır. 

Torpaq, təbaşir yemə, ayaqqabı mazı, neft iyləmə kimi meyilləri olur. Müayinə zamanı belə uşaqlarda qara ciyər, dalağın böyüdüyünü görürük. Uşaqlarda halsızlıq, iştahsızlıq, tez yorulma, ürəkdöyünmə kimi hallar varsa, valideynlər diqqətli olmalı, qan analizi aparılmalı, uşaqların düzgün qidalanmasına önəm verilməlidir. Ət məhsulları və meyvə yeməli, lazım gəldikdə dəmir preparatları qəbul etməlidir. Xüsusən də risk qrupunda olan uşaqların qidasına ciddi diqqət ayrılmalıdır.

Şəymən







SON XƏBƏRLƏR

2018-12-10
2018-12-09