2018-09-22 20:22:58   |   396 dəfə oxunub

Təkcə kasıblar intihar etmir

Özünəqəsdi maddi problemlə bağlamaq olmaz

Sevinc Elsevər: “Mənəviyyatı zəngin olan insanı nə pulun çoxluğu, nə də kasıblıq yoldan çıxara bilər”




Əhməd Qəşəmoğlu: "Bəzən çoxtəminatlı ailələrdə intihar, xəyanət və digər xoşagəlməz hallar baş verir”

Orxan Oruc: "Kasıblıq intihara yalnız dolayı olaraq səbəb ola bilər”


Cəmiyyətdə baş verən proseslər insan psixologiyasına təsirsiz ötüşmür. Maddi sıxıntılar, gərgin iş rejimi, ailədaxili problemlər və digər neqativ hallarla demək olar ki, hər gün qarşılaşırıq. İnsanların kasıb həyat tərzi bəzən acı sonluqla nəticələnir ki, belə ailələrin sayı az deyil. Söhbət social vəziyyətin ağırlığının gətirdiyi psixoloji gərginlikdən və nəticədə özünəqəsddən gedir. Amma o da var ki, bütün intiharlar maddi sıxıntılardan qaynaqlanmır. Məsələn, Finlandiya dünyanın zəngin ölkələrindən sayılır. Amma statistic nəticələrə baxsaq, çox intihar edənlər də məhz bu ölkə vətəndaşlarıdır. Bəzi psixoloqlar kasıblığın insan xarakterini fərqli şəkildə formalaşdırdığını iddia edir. Dahilərdən biri deyib ki, kasıblıq insan beynini uşaqlıqdan məhv etdiyi üçün insan məhv olmuş beyinlə kasıblıqdan çıxa bilmir. Nəticədə kasıblıq nəsildən-nəslə ötürülür.

19-cu əsrin insanı kasıblığı faciə kimi görmürdü...

Əvvəlki illərdə kasıblığın insan xarakterinə o qədər də təsir etmədiyini deyən xanım yazıçı Sevinc Elsevər bildirir ki, keçmiş dövrdə kasıb insanlar özlərini daha xoşbəxt hiss edirdi. Çünki onlar çox vaxt varlı insanların necə həyat sürdüyündən xəbərsiz idilər: "Bu xəbərsizlik rahatlıq, xoşbəxtlik gətirirdi, onlar aza qane olurdular və kasıblığı faciə kimi görmürdülər. 19-cu əsrdə insanlar daha çox mənəvi məsələlərə üstünlük verirdilər. Həmin dövrdə dini yanaşma da əsas rol oynayırdı. Məsələn, deyirdilər ki, kasıbsansa, deməli, bu, Allahın sənə qismətidir, indiki dünyada çəkdiyin yoxsulluğun əvəzini o biri dünyada çıxaracaqsan. Amma 21-ci əsr insanı bir az rasional düşünür və baş verən bütün proseslərdən xəbərdardır. Bu gün Azərbaycan qadınının xəbəri var ki, Norveçdə, Finlandiyada, Almaniyada və digər inkişaf etmiş ölkələrdə qadınlar necə yaşayır. Həmçinin televiziyalardakı türk seriallarında varlı insanların həyatı tərənnüm olunur. Müasir dövr insanı ekrandan da olsa varlıların həyatına və öz həyatına baxır, müqayisələr edir və məyus olur”.

Sevinc xanım bildirir ki, günümüzdə mənəvi amillər arxa plana keçdiyi üçün kasıblıq insanın xarakterini fərqli şəkildə formalaşdırır: "Səfillər”dəki Jan Varjanı oğurluğa vadar edən aclıq və yoxsulluq idi. Amma o demək deyil ki, varlı, ehtiyacsız insanlar kamildir. Varlılar daha çox oğurluq edirlər və oğru adını qazanmırlar. Lakin kasıb bir parça çörək oğurlasa, ona dərhal oğru damğası vuracaqlar. Bütün hallarda insanın mənəviyyatı nə qədər güclüdürsə, o, neqativ hallar qarşısında davam gətirəcək. Mənəviyyatı zəngin olan insanı nə pulun çoxluğu, nə də kasıblıq yoldan çıxara bilər”.
İnsanın özünü zənginləşdirməli olduğunu vurğulayan S.Elsevər hesab edir ki, uşaqları keçici həvəslərə aludə olmamağa çağırsaq, xoşagəlməz hadisələr yaşanmaz: "Hər kəs eyni dözümə, eyni ruha malik deyil. Amma uşaqlarımızın ruhunu və bədənini sağlam etməliyik. Onlar fiziki və ruhi cəhətdən sağlam olsalar, mövcud çətinliklər zamanı güclü olacaqlar”.

Sabaha inam...

Sosioloq-alim Əhməd Qəşəmoğlu isə hesab edir ki, sovet dövrünün insanı ilə indiki insanlar arasında kəskin fərqlər var. O bildirib ki, sövet dövründə insanlar sabaha daha inamlı idilər, onların ümidli olması üçün bəzi faktorlar var idi: "Kasıblıq zamanı insan xarakterində baş verən dəyişmələri, sosial problemləri yalnız iqtisadi amillərlə əlaqələndirmək yanlışdır. Hər zaman müdrik insanlar cəmiyyətdə mənəvi dəyərlərin öndə olması üçün çalışmağımızı tövsiyə ediblər. Belə olduqda cəmiyyət özü-özünü tənzimləməyə başlayır. Bu zaman iqtisadi amillər artıq həlledici deyil, köməkçi rol oynayır. Əlbəttə ki, yaşayışımızı təmin etmək üçün maddiyyat mühüm rola malikdir. Əgər bir insan yaradıcı əməklə məşğuldursa, o elə iqtisadi amillər axtarır ki, yaradıcılığı ilə daha yaxşı məşğul ola bilsin. Bir də var ki, adi insandır, yalnız öz ailəsini düşünür. Həmin ailədə mənəvi dəyərlər öndədirsə, insan çalışır ki, normal yaşayışı üşün iqtisadi amillər tapsın”.

Sosioloq qeyd edib ki, mənəvi amillər əsas rol oynayanda, maddi sıxıntılar, yoxsulluq, kasıblıq kimi hallar qorxunc görünmür. Elə ki mənəvi amillər arxa plana keçdi, bu zaman kasıblıq olduqca çətinlik yaradır: "Bəzən çoxtəminatlı ailələrdə maddiyatın önə keçməsi ailənin dağılmasına, xəyanətə və digər xoşagəlməz hallara səbəb olur. Ona görə də mənəvi amillər maddiyyatı tənzimləməlidir. Belə olanda cəmiyyətdə ədalətli münasibətlər yaranır, harınlamış insanlar yoxsul təbəqəyə köməklik göstərir. İnsanların sabaha inamlı olması da məhz mənəvi amillərin zənginliyidir. İnsanlar sabaha ümidli olmalıdır, çalışmalıyıq ki, hər kəs sabahını daha işıqlı görsün”.

İnsan var ki, kasıblıqdan yaxa qurtardıqdan sonra qəddarlaşır...

Psixoloq Orxan Orucun fikrincə, insanın kasıb olması heç də onun intihar etməsinə səbəb deyil. O bildirib ki, Afrika ölkələrində əhalinin aylıq gəliri 50 dollardan aşağıdır: "Gərək həmin ölkələrdə hamı intihar etsin. Statistikaya baxanda ən kasıb ölkələrdə intihar səviyyəsinin az olduğunu görürük. İntiharları maddi durumun zəif olması ilə əsaslandırmaq olmaz. Kasıblıq intihara yalnız dolayı olaraq səbəb ola bilər”. Psixoloq qeyd edir ki, kasıblıq yox, cəmiyyətdəki sosial münasibətlər, insanların bir-birinə olan davranışı, kasıblara fərqli reaksiyanın verilməsi onları intihara vadar edir: "Statistik açıqlamalara görə, depressiya və intiharın ən çox qeydə alındığı ölkələrdən biri Skandinaviya ölkələridir. Halbuki orda insanların yaşayış tərzi, maddi durumu digər ölkələrlə müqayisədə kifayət qədər yüksəkdir. Görürük ki, insanların maddi durumu onların intiharı ilə birbaşa əlaqəli deyil”.
Kasıblığın insan psixologiyasına necə təsir etməsi sualına gəlincə, psixoloq bildirib ki, kasıblıq hər kəsdə fərqli izlər buraxa bilər: "Məsələyə fərdi yanaşmaq lazımdır. Kasıblıqdan yaxa qurtarmış şəxslərin sonrakı davranışları müxtəlif ola bilər. İnsan var ki, maddi çətinlik yaşayır və sonra imkanı olanda kasıblara köməklik göstərir. İnsan da var ki, maddi durumu yaxşılaşdıqdan sonra qəddarlıq etməyə başlayır. Düşünür ki, "vaxtilə mən kasıb idim, amma heç kəs mənə köməklik göstərmədi”. Yəni bu, insanların xarakterindən asılıdır. Ümumi olaraq hər kəsə eyni rəyi vermək düzgün deyil”.
Ekspertlərimizin rəylərindən belə qənaət yaranır ki, maddi sıxıntı, social ağırlıq insanın canına qıymasına səbəb deyil. Problem cəmiyyətdə münasibətlər sistemindədir.

Yeganə Bayramova









SON XƏBƏRLƏR

2018-10-20