2018-09-22 21:35:56   |   200 dəfə oxunub

Paşinyan işğalçılıq siyasətindən əl çəkməsə, onun aqibəti Sarkisyandan da pis olacaq



Ermənistanın bugünkü hakimiyyəti əvvəlki xunta rejminin siyasətini davam etdirir və bir çox hallarda çox ziddiyyətli və sərsəm bəyanatlar verir. Bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan parlamentinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən xüsusi iclasda çıxışına münasibət bildirərkən deyib.

E.Nəsirov qeyd edib ki, bu ziddiyyətli bəyanatlar Dağlıq Qarabağ münaqişəsinin həlli imkanlarını daha da məhdudlaşdırır və münaqişənin daha da dərinləşməsinə xidmət göstərir:

"Azərbaycan münaqişəni dinc yolla həll etmək istəyir, lakin gərək qarşı tərəf də adekvat olsun. Təəssüf ki, biz bu adekvatlığın şahidi deyilik. Azərbaycan öz torpaqlarının erməni işğalı altında olmasına baxmayaraq, bu gün dünya xəritəsində bir uğur modelidir, nümunəsidir və son 15 ildə bizim iqtisadiyyatımızda 3,2 dəfə artım var ki, bu da dünyada analoqu olmayan bir hadisədir. Ermənistanda isə bu gün yoxsulluq rəsmi 30 faiz, qeyri-rəsmi isə 50 faiz səviyyəsinə gəlib çatıb. Ermənistan rəhbərliyi bütün bunlardan nəticə çıxarmalı və siyasətinə düzəlişlər etməlidir. Əks halda isə Paşinyanı heç şübhəsiz ki, hakimiyyətdən uzaqlaşdırdığı Sarkisyanın taleyi gözləyə bilər”.

Deputat bildirib ki, Azərbaycanda bütün uğurların kökündə xalq-hakimiyyət birliyi dayanır: "O birlik ki, Ermənistanda heç bir halda yoxdur. Bu gün Ermənistan hakimiyyətinin atdığı addımlar ölkəni daha da zəiflədir. Ermənistanın xarici siyasəti də iflasa uğrayıb. Ermənistanın müstəqillik günündə Rusiya Prezidenti Vladimir Putin Ermənistanın dövlət başçısı Armen Sarkisyanı təbrik edir, amma Paşinyanı təbrik etmir. Müqayisə üçün deyim ki, Putin İsrailin, Almaniyanın baş nazirlərini təbrik etmişdi. Yəni bu, Paşinyana olan münasibətin ifadəsidir. Eyni zamanda BMT Baş Assambleyasının növbəti iclasında Paşinyanla ABŞ Prezidenti Donald Trampın görüşü hazırlanırdı, lakin ən son məlumata görə, Tramp həmin görüşdən imtina edib. Yəni bütün bunlar onu göstərir ki, Paşinyanın həm daxili, həm də xarici siyasəti faktiki olaraq iflasa uğrayıb”.

E.Nəsirovun sözlərinə görə, N.Paşinyan hələ də dərk etməyib ki, özündən əvvəlki hakimiyyətlərin süqutunu şərtləndirən ən mühüm amil işğalçılıq siyasəti olub: "Paşinyan bu siyasətdən imtina ilə bağlı heç bir addım atmır. Deməli, Paşinyanın taleyini proqnozlaşdırmaq o qədər də çətin deyil. Onun aqibəti Sarkisyandan da pis ola bilər”.






SON XƏBƏRLƏR

2018-12-11
2018-12-10