2018-09-24 13:41:21   |   206 dəfə oxunub

Zaman körpələrdən gedir: Alim analar güzəşt istəyir



İspaniyanın Elm Nazirliyinə 295 nəfərin imzaladığı petisiya daxil olub. Petisiyada elmi tədqiqat sahəsində gender diskriminasiyası probleminin həlli və qadın alimlərə ana olmaq arzusu naminə elmi karyerasından vaz keçməməyə imkan verən tədbirlər görülməsi tələb olunur.

Xəbərdə bildirilir ki, kampaniyanın təşəbbüskarı elm sahəsində işləyən üç qadın – Sanyaqo-de-Kompostela Sağlamlıq Tədqiqat İnstitutunun nanoonkologiya bölməsinin direktoru Mariya de la Fuente, mühəndis və süni intellekt üzrə elmlər doktoru Diana de la İqlesiya və bioloq, neyrologiya üzrə elmlər doktoru Karmen Aqustindir.

Kampaniyada iştirak edən fəalların hazırladığı videoçarxda analığın onların karyerasına təsirindən bəhs olunur. Bununla yanaşı, sosial şəbəkələrdə "#oCientíficaoMadre” (ya alim, ya da ana) heşteqi yerləşdirilib. Onlarca qadın videoçarxa münasibət bildirərək, ana olmağa qərar verdikdən sonra peşə və elmi fəaliyyətlərində qarşılaşdığı problemləri paylaşıb.

Mart ayında "Change.org” portalında hökumətdən bu vəziyyəti nizama salmaq üçün tədbirlər görülməsini tələb edən petisiya yerləşdirilib. Cəmi bir ay ərzində onu 300 min nəfər imzalayıb. Alimlər İspaniyanın elm məsələləri üzrə dövlət katibi Anxeles Eras ilə görüşdə problemin təhlili və mümkün həlli yollarını müzakirə etməyə hazırlaşırlar.

Əslində, ispan qadınların qaldırdığı problem Azərbaycan üçün də xarakterikdir. Ölkəmizdə də elm sahəsində çalışan qadınlar çoxdur. Görəsən, hansı ifadə daha doğrudur – alim-qadın, yoxsa qadın-alim? Alim sözü birinci yazılanda, alimlik önə keçir, qadın sözü birinci yazılanda qadınlıq. Seçim etmək yenə də qadının öhdəsindədir. Ya alimliyi ilk plana keçirməli, ya da qadınlığı – analığı. Hərdən, bəzən hətta tez-tez, efirdə, müxtəlif tədbirlərdə xanımların pafoslu nitqlərinin şahidi oluruq. Deyirlər, elmlə məşğul olmaq nə analığa, nə də qadınlığa manne olmayıb, o başdan oyanmışam filan işimi görmüşəm, uşaqlarım, həyat yoldaşım korluq çəkməyib, filan… İnandırıcı deyil. Çünki «dərdləşəndə» xanımlar həmişə narazılıq edir: işimi görə bilmədim, çatdırmadım, uşağı anam bağçaya, məktəbə apardı, belə yoruldum, belə üzüldüm və sair… Real olan budur. Günün 24 saatını insan qaçhaqaç, qovhaqovla keçirə bilməz. Bir gün olar, iki gün olar, 3-cü gün dizi yerə gələr. Kənardan kömək, dəstək olmasa, qadının həm işində, xüsusən də, elm sahəsindədirsə, həm də evində dörd-dördlük olması mümkün deyil.

Bəs nə etməli? Qadınlara hansı güzəştlər tanına bilər ki, təbiətin onlara tanıdığı analıq hüququnu da, cəmiyyətin tanıdığı alimliyi də birgə yürüdə bilsinlər?

Mövzunu, elm sahəsində aktiv çalışan xanımla – Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva ilə davam etdirdik.

S.Əliyeva ispan qadınların başlatdığı aksiyanı alqışladığını dedi:

- İspan qadınların keçirdiyi aksiya ilə tamamilə razıyam. Belə fikir var ki, qadınlar elm sahəsində bacarıqlarını kişilər qədər göstərə bilmir. Bu, həqiqətən belədir. Səbəb də alim qadının alimliklə yanaşı ana, həyat yoldaşı olmasıdır. Normal ana, istər alim olsun, istərsə hansısa digər peşənin sahibi, ilk növbədə uşağının səsinə səs verəcək. Qadın uşağının səsinə səs vermirsə, o, bir ana kimi öz vəzifəsini tam yerinə yetirmiş sayıla bilməz. Şəxsən mənə yenidən seçim etmək imkanı verilsəydi, mən birinci növbədə ailəmi, övladımı seçərdim. Çünki, övladım 5 yaşında olanda, mən elmi iş üzərində işləyirdim və övladıma gərəkən diqqəti, gərəkən zamanı ayıra bilmirdim. Elm sahəsində olanlar bilir ki, elmi iş üzərində işləmək necə çətin bir işdir. Hələ sənədlərin hazırlanması prosesi… Danışılası deyil. Övlad hansı yaşdadırsa, ana da o yaşda olmalıdır. Mən təəssüf edirəm ki, övladımın yaşında ola bilmədim. Düzdür, gənc yaşda elmi nailiyyətlərə imza atdım, seçildim, mənə vəzifə verildi, məsuliyyət daşıyıram. Amma qadın gərək ilk növbədə analıq vəzifəsini yerinə yetirsin. Əgər qadın evinin qapısından içəri daxil olursa, artıq anadır, həyat yoldaşıdır. Mən deyə bilmərəm ki, bu gün filan məqalə üzərində işləmişəm, ona görə bu gün ac qalacaqsız. Mən belə qadınlığı qəbul etmirəm.

S.Əliyeva hesab edir ki, qadınların həyat qayğılarını azaldacaq addımlar atıla bilər:

- Əgər biz cəmiyyətimizin həqiqətən də normal şərtlər altında inkişafını istəyiriksə, yəni, qadınların elm sahəsində və ümumiyyətlə, sosial həyatın bütün sahələrində kişilərlə bərabər çalışmasını istəyiriksə, qadınların həyat qayğılarını azaldacaq nələrsə etmək olar. Bu, bizim cəmiyyətə lazımdır. Məsələn, mən elmlər doktoru kimi yay mövsümündə 52-56 gün məzuniyyətdə oldum. Bəs sonra? Analıq ancaq məzuniyyət dövrü ilə məhdudlaşmalıdır? Qadın yalnız məzuniyyətdə olduğu müddətdəmi anadır?! Qadının yükünün azalması gərək gündəlik həyatı əhatə etsin. Düşünürəm ki, məsələn, iş saatları azaldılsa yaxşı olar. Qadın evinə, ailəsinə, uşağına bir az da artıq vaxt ayırar. Analıq məzuniyyətinin müddəti də çox azdır. Doğuşdan 3 ay əvvəl, 3 ay da sonra qadına ödənişli məzuniyyət hüququ verilir. 

Qadın övladı 3 yaşına çatanadək evdə oturub uşağa baxmaq hüququna malikdir. Amma bələdə, iş yeri saxlansa da, əmək haqqı ödənişi edilmir artıq. İşləyən əksər qadınlar məhz maddi durumla bağlı işə qayıdır. Ana olmuş qadınların 90 faizi bir neçə aydan sonra işə çıxır. Belədə təbii ki, körpə anasız böyüyür. Analıq məzuniyyəti dövründə verilən müavinətin miqdarı da azdır. Bu da gənc anaların övladın baxımını kənara qoyub işə çıxmalarına bir səbəbdir. 

Hesab edirəm ki, övladlarımızın daha sağlam və sosiallaşmış böyüməsi üçün, həm də qadınların elm sahəsində daha aktiv çalışmaları üçün analıq məzuniyyəti və müavinət məsələlərinə yenidən baxılmalıdır. Deyə bilərlər ki, evdə oturan qadın elmlə necə məşğul olacaq, amma indiki internet, geniş kommunikasiya imkanları zamanında bunların heç biri problem deyil.

Məlahət Rzayeva







SON XƏBƏRLƏR

2018-10-20
2018-10-19