2018-09-24 14:59:30   |   173 dəfə oxunub

"Plastik qablaşdırma və sellofan paketlər hədsiz ziyanlıdır" - Çağırış




Dünyada plastik qablaşdırmalara, sellofan torbalara savaş elan edilib.
Bakı metrosunda da bu mövzuda sosial reklamlar yerləşdirilib. Xatırlayırsınızsa, bir müddət öncə paytaxtın məşhur super-marketlərindən birində alıcılara kağız torbalar təqdim olunmuşdu; sellofan paketlərə etiraz əlaməti olaraq. Yəni, dünyanın müxtəlif ölkələrində plastiklərlə mübarizə üsulları da müxtəlifdir. Birləşmiş Ştatların Kaliforniya ştatının qubernatoru isə bir az da irəli gedib. Qubernator içkilərdə istifadə olunan plastik borucuqların qadağan edilməsi haqqında fərman imzalayıb («Azərtac»).

Fərmanda borucuqlardan istifadə tamamilə qadağan edilmir. Sadəcə, yeni qaydalara görə, ofisiantlar yalnız müştərinin sifarişi ilə içkiləri plastik borucuqlarla gətirəcəklər.

Bundan əvvəl Kaliforniya ştatının San-Fransisko və Vaşinqton ştatının Sietl şəhərlərində plastik borucuqlardan tamamilə imtina edilib. Hakimiyyət dairələri bu addımı okeanın çirklənməsinin qarşısını almaq üçün plastik maddələrin istehlakını azaltmaq məqsədilə atırlar. ABŞ-ın Milli Parklar Xidmətinin hesablamalarına görə, amerikalıları hər gün 500 milyona yaxın plastik borucuqdan istifadə edirlər.
Dünyada pul qazanmağın yolunu bilən «ağıllı» insanlar var. Əvvəlcə müxtəlif əşyalar istehsal edir, cəmiyyətə ötürür, reklamını, parlaqlığını təşkil edir, ondan külli miqdarda vəsait əldə edir, illər sonra isə «bu, ziyanlıdır, daha istifadə etməyin» deyirlər. Bəs, indiyədək istifadə edilənlərin məsuliyyəti kimin üzərindədir?

Təcili Tibbi Yardım Stansiyasıniın həkimi Şahvələd Məmmədov «Şərq»ə açıqlamasında plastik qablaşdırmaların, sellofan paketlərin insan orqanizmi üçün hədsiz ziyanlı olduğunu dedi:

- Azərbaycanda da bu mövzu ilə bağlı geniş müzakirələr aparılır, müxtəlif sosial aksiyalar həyata keçirilir. Görürük ki, könüllü dəstələr dəniz sahilinin təmizlənməsinə cəlb edilir, alış-veriş mərkəzlərində kağız torbalardan istifadə olunur və s. Plastik qablaşdırmalarla bağlı efirdə Respublika Sanitar-epidemioloji stansiyasının işçiləri ilə müzakirələr də aparılıb. Əlbəttə ki, plastik qablaşdırmalar da ziyanlıdır, tərkibində plastik maddələr olan istənilən əşya da. 

Siz fikir versəniz, görərsiniz ki, yeni istehsaldan çıxmış plastik qablardan necə spesifik qoxu gəlir. Plastik qabların istehsalında bir sıra kimyəvi maddələrdən istifadə olunur ki, onlar da insan orqanizminə ziyandır. Plastik qablaşdırmada «Coca-cola», «Fanta» kimi içkilər xüsusilə ziyandır, çünki burada artıq kimyəvi proses gedir. Amma şüşə qablaşdırmada istər şirələr olsun, istərsə də mineral sular uzun müddət – göstərilən son istifadə tarixinədək tərkibi dəyişməz qalır. 

Plastik borucuqlar da o cümlədən insan orqanizmi üçün ziyanlıdır. Plastik borucuqlar dişlərdə, ağız boşluğunda, mədə-bağırsaqda bir sıra fəsadlar yarada bilər. Bəzən deyirlər, körpələrin ağız boşluğu, dişlər zədələnməsin deyə, metal qaşıq, çəngəldən istifadə edilməsin, amma əksinə, plastik çəngəl-qaşıqdansa, metal olanı daha yaxşıdır. Plastikin tərkibindəki kimyəvi maddələr insan orqanizminə düşdükdə bir sıra xəstəliklərin yaranmasını şərtləndirə bilir.

Məlahət







SON XƏBƏRLƏR

2018-10-20