2018-09-24 17:10:12   |   331 dəfə oxunub

"Şagirdlərin biliyinin qiymətləndirilməsi sistemi kökündən yanlışdır" - Kurikulumun problemləri



İbtidai siniflərdə dərs yükünün azaldılması ilə bağlı hazırlanan yeni qaydalara əsasən, I siniflərdə nə kiçik summativ qiymətləndirmə (KSQ), nə də böyük summativ qiymətləndirmə (BSQ) nəzərdə tutulub.

Təhsil Nazirliyinin Təhsildə innovasiyalar sektorunun müdiri Vidadi Bağırovun sözlərinə görə, bu addım onların həm yaş xüsusiyyətləri, həm də psixoloji durumları ilə əlaqədar olub. Birinci sinif şagirdlərinin il əzində 72 summativ qiymətləndirmə yükündən azad olunduğunu vurğulayan sektor müdiri ibtidai təhsil səviyyəsində də müəyyən dəyişikliklər nəzərdə tutulduğunu deyib: "II və III siniflərdə də yalnız kiçik summativ qiymətləndirmə nəzərdə tutulub. Bu siniflərdə böyük summativ qiymətləndirmə olmayacaq. IV sinifdə isə BSQ olacaq”.

Təhsil eksperti Nadir İsrafilovun fikrincə orta məktəblərdə qiymətləndirmə mexanizminin təkmilləşdirilməsi ilə bağlı qəbul edilən bu qərar zərurətdən irəli gələn və həllini gözləyən vacib məsələdir: 

"Təhsil sahəsində tətbiq edilən kurikulum sistemi nə özünü doğrultdu, nə də gözlənildiyi kimi, təhsil ideyamıza çevrildi. Əksinə kurikulum standartları əsasında hazırlanmış qiymətləndirmə mexanizmləri şagirdlərimizin nitq qabiliyyətini, yazı vərdişlərini, məntiqi təfəkkürünü nəinki inkişaf etdirdi, əksinə bir çox ziddiyyət və anlaşılmazlıqlar yaratmaqla vəziyyəti bir az da ağırlaşdırdı.

N. İsrafilovun sözlərinə görə, Təhsil Nazirliyi və DİM rəhbərliyi dəfələrlə öz açıqlamalarında mövcud qiymətləndirmənin doğru olmadığını vurğulayıb:

"Fikrimcə, doğru yolu tapmaq üçün məhz summativlərdən başlamaq lazım idi. Bu addım hər şeydən əvvəl müəllimləri əlavə yükdən, ən başlıcası isə şagirdlərimiz lazımsız stresdən, fiziki və mənəvi gərginlikdən azad edəcək. Mən bu summativlərin yarada biləcək fəsadlarına diqqəti hələ bu sənədlər ilkin müzakirə mərhələsində olanda bildirmişdim.Təəsüf ki, o vaxt nəzərə alan olmadı və nə az, nə çox 10 il həmin yükü daşımalı olduq. Əvvəlki illərdən fərqliolaraq, Təhsil Nazirliyinin bu kimi vacib və əhəmiyyətli məsələləri ictimai müzakirəyə çıxarması yalnız təqdirəlayiqdir”.

Azad Müəllimlər İctimai Birliyinin rəhbəri Məlahət Mürşüdlü isə hesab edir ki, şagirdlərin biliyinin qiymətləndirilməsi sistemi kökündən yanlışdır. O ümumiyyətlə indiyədək orta məktəblərdə tətbiq edilən qiymətləndirmə sistemlərinin özünü doğrultmadığını deyib.

Summativ qiymətləndirmədə müəyyən problemlərin olduğunu vurğulayan təhsil eksperti ümumi orta təhsil məktəblərinin 2007-ci ildən kurikulum proqramı ilə işlədiyini xatırladıb:

"Bu günə qədər olan summativ qiymətləndirmə yazı-pozu işlərinə çox yol açırdı. Eyni zamanda da şagirdin bilik və bacarıqlarının qiymətləndirilməsi obyektivliyi pozulurdu.Bu, qiymətləndirmənin özündən gələn bir problem idi.Ona görə də burada sadələşdirilməyə, islahat aparılmağa ehtiyac var idi. Hazırda bu müzakirələr gedir.Sözsüz ki, 1-ci sinifdən şagirdə 4-5 qiymətinin qoyulması düzgün deyil.Ətrafımıza baxsaq heç bir təhsil sistemində bu məsələlərin olmadığını görərik. 

Düşünürəm ki, indi aparılması gözlənilən islahatlar orta məktəblərdə mövcud olan formalizmi aradan qaldıracaq.Daha real şəkildə summativ qiymətləndirmə aparılmasına imkan yaradacaq.Burada təkcə kurikulum işi yox, həm də şagirdlərin həyatda bacarıqları da qiymətləndirilməlidir.Fikrimcə, bu sənəd bir çox problemləri aradan qaldırmağa xidmət edəcək”.

Şəymən







SON XƏBƏRLƏR

2018-12-15
2018-12-14