2018-09-24 18:09:45   |   200 dəfə oxunub

"Qərb ölkələri də Ermənistanın işğalçı siyasətini dəstəkləmir" - Təzyiq



"Bu görüşdən sonra Ermənistanın mövqeyi dəqiq məlum olacaq”

Bunu "Sherg.az”a Azərbaycan-Ermənistan XİN başçılarının 26 sentyabrda baş tutacaq Nyu-York görüşünü şərh edərkən politoloq Rasim Ağayev bildirib.

Onun sözlərinə görə, bildiyimiz kimi Ermənistanda yeni hakimiyyət fəaliyyətdədir:

"Bəzən danışıqlar məqsədli şəkildə iflic olunur. İndi isə ümid etmək olar ki, sentyabrın 26-da baş tutacaq görüşdə hər-hansısa bir irəliləyiş olacaq. Çünki hazırkı geosiyasi vəziyyət bu fikri təsdiqləyir. Yəni əvvəllər məsələnin həll açarının Rusiyanın əlində olduğu iddia olunurdu. Amma son vaxtlar şimal qonşumuz Ermənistanla müttəfiqliyini ayırmağa başlayıb. 

Bu məsələ də Paşinyan və komandasını ciddi şəkildə narahat edir. Həmçinin Qərb ölkələri də Ermənistanın işğalçı siyasətini dəstəkləmir. Hətta bəzən onlara müəyyən təzyiqlər göstərilir. Məncə, bu kimi faktorları da dəyərləndirsək, budəfəki, görüşdə müəyyən irəliləyişlər ola bilər. Amma yenə də Ermənistana bel bağlamaq olmaz. 

Ümumiyyətlə, budəfəki görüşdə hər hansısa bir irəliləyiş olsa, bu, bizim üçün müsbət haldır. Ermənistan yenə danışıqları pozsa, demək onlar əvvəlki kimi "köhnə hamam, köhnə tas” məsəlinə uyğun siyasət aparır. Bu məqamda da Azərbaycan Dağlıq Qarabağ münaqişəsini başqa cür həll etməlidir”.

Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı məlum olub. XİN-dən verilən məlumata görə, BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak edən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə bu ilin 26 sentyabr tarixində Nyu-Yorkda görüş keçiriləcək. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edəcək. Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

Kənan Eynuroğlu







SON XƏBƏRLƏR

2018-12-11
2018-12-10