2018-09-25 10:35:26   |   248 dəfə oxunub

“Kanallar təqdimatı işıqlandırdı, amma məni göstərmədilər"

Rasim Balayev: “Çünki bəziləri vəzifədə oturarkən düz sözü eşitmək istəmirlər”

“Əbülfəz Qarayev mənim fikirlərimə münasibət bildirməyə çalışdı. Dedi ki, siz elə düşünməyin ki, biz burda yatmışıq, problemlər barədə düşünmürük...”



Gənclər "Bozbaş pikçers"in mənasız obrazlarının adını tanıyırlar, amma bu millətin ictimai xadimlərini, ziyalılarını, bəstəkarlarını tanımırlar...





Bu günlərdə Azərbaycan kinosunun 120 illik yubileyi münasibətilə dövlət başçısı tərəfindən xüsusi mükafatlara layiq görülən kino xadimlərinin təltifetmə mərasimi keçirili. Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevin iştirakı ilə keçirilən tədbirdə bir çox kino işçilərinə, rejissorlara, aktyorlara mükafatlar təqdim edilib. Mərasimin ən yaddaqalan və müzakirə mövzusuna çevrilən çıxışı Xalq artisti Rasim Balayevdən gəlib.
Məlumat üçün qeyd edək ki, Prezidentin sərəncamı ilə Rasim Balayev "Şərəf" ordeninə layiq görülüb. Şərəf ordeni mükafatı ilə təltif olunan Rasim Balayev onun kino sahəsindəki xidmətlərini qiymətləndirdiyi üçün ölkə başçısına təşəkkürünü bildirib. 

Daha sonra Rasim Balayev kino sahəsindəki problemlər barədə nazirə müraciət edib. Hərçənd bəziləri Rasim Balayevin haqlı iradlarından narahatlıq keçirsələr də, xalq artisti mövcud problemlərlə bağlı həyəcan təbili çalınmasının zamanı yetişdiyini xatırladıb. Bununla bağlı Şərəf ordenli Rasim Balayev "Şərq"ə danışdı.

- Rasim müəllim, "Şərəf" ordeni ali mükafatına layiq görüldünüz. Təbrik edirik. Mükafatlandırma mərasimindəki çıxışınız maraqla qarşılandı. Kinomuzun yaralı yerinə toxundunuz. Hərçənd iradlar barədə danışmağınız bəzilərini narahat belə etdi.

- Çox təşəkkür edirəm. Kinomuzun 120 illik yubileyi qeyd edilir. Hamı deyir ki, kino sahəsində hər şey əladı, çəkilən filmlərin keyfiyyəti yüksəkdi, kino sahəsində ciddi işlər görülür. Amma heç də kino sahəsinin uğurları danışılan qədər deyil. Mən yalandan tərifləməyi bacarmıram. Təqdimatdan sonra bir çox kanallarda o mərasimi işıqlandırsalar da, məni göstərmədilər, çıxışım barədə bir kəlmə belə efirdə görüntü təqdim etmədilər. Çünki bəziləri vəzifədə oturarkən düz sözü eşitmək istəmirlər. Düz söz onlara xoş gəlmir. Kinostudiyanın direktorundan tutmuş, nazirə qədər hamı deməyə çalışır ki, kino sahəsində işlər əla gedir. Amma belə deyil axı. Tərifləyirlər, tərif üçün isə heç nə yoxdu. Mən istəmirəm bundan sonra çəkilim. Amma bizdən sonra gələn gənc nəsil var. Onlar çəkilmək istəyir, çəkiliş meydançasında təcrübə qazanmağa çalışır. Əvvəllər heç olmasa dövlət büdcəsindən 5-6 milyon manat kino sahəsinə vəsait buraxılırdı, filmlər çəkilirdi. İndi bu maddi dəstək də yoxdu. Bu gün çəkilən ekran əsərlərinin kinoya aidiyyəti yoxdu. Səviyyəsiz kinolar çəkilir. Mən çıxışımda da 3 dəfə səviyyəsiz sözünü işlətdim. Hər dəfə o sözü vurğulamağım də səbəbsiz deyil. O sözün altında mesajlar var idi. Bu gün peşəkar kino əsərləri çəkilmir. Aktyorlar, rejissorlar yetişmir. Yalandan tərifləyirik ki, kinomuz inkişaf edir. Mən çıxışımda da qeyd etdim ki, həyəcan təbili çalınmalıdır.

- Azərbaycan kinosu iflic vəziyyətə düşüb. Bizim və bizə qədər olan nəslin yaratdığı kino tarixi dağıdılır. Azərbaycan kinosunun 120 illik yubiliyində kino xidmətlərinə görə, bir çox kino işçiləri, sənətkarlar mükafat aldılar. Bundan sonrakı nəslə o mükafatları hansı xidmətlərinə görə verəcəklər. İndikilər kino xidmətinə görə mükafata layiq idilər, bundan sonrakılar nəyə görə ad alacaqlar, maraqlıdır.

- Sizin bu tənqidlərinizə reaksiya necə oldu? Nazir Əbülfəz Qarayevin sizə münasibəti maraqlıdır...

- Çıxışımdan sonra Əbülfəz Qarayev mənim fikirlərimə münasibət bildirməyə çalışdı. Dedi ki, siz elə düşünməyin ki, biz burda yatmışıq, problemlər barədə düşünmürük. Kino sahəsində olan qüsurların aradan qaldırılması istiqamətində işlər görülür, buna görə narahat olmağa səbəb yoxdu. Vəd etdi ki, kino sahəsindəki inkişaf qısa müddətdə özünü göstərəcək.

- Siz necə, kino sahəsində problemlərin həll olunacağına ümid edirsiz?

- Sənət elə bir sahədir ki, onu digər sahələrlə müqayisə etmək doğru deyil. Ola bilər kimsə hansısa səbəbdən sənətdən incik düşsün, bu sahədə çalışan insan incisin, kənar qalsın. Kimsə xəstəliyi ilə bağlı sənətdən, çəkiliş meydançasından, səhnədən uzaqlaşar. Amma sənət ölmür axı. Sənəti öldürən sənətə olan diqqətsizlik ola bilər. Əgər sənət aləminin inkişafı üçün işlər görülməsə, bəli, bu sahə zamanla çökər, bitər. Azərbaycan kinosu illərlə olan əməyin sayəsində bu günə gəlib çatıb. Amma son illər kino sahəsi ölü ruhu xatırladır. Bilirsiz, sənət aləmində müəyyən ənənələr var ki, bunları yavaş-yavaş itiririk. Sonra o ənənəni qazanmaq, yenidən qaytarmaq üçün illər lazımdı. Kinostudiyanın müəyyən xüsusiyyətləri var, onları nəzərə almaq lazımdı. Kino, təkcə rejissor "motor" deməklə, aktyor kamera qarşısında oynamaqla da bitmir axı. Kinostudiyada, çəkiliş meydançasında adi tüstü verən işçidən tutmuş, texniki işçisinə qədər kinoya bağlı insanlar olmalıdır. Bizim zamanımızda kinostudiyada canlı həyat hiss olunurdu. Bu gün kinostudiya qəbiristanlıqdakı sükutu xatırladır. Bilirsiz, kino işçilərini yetişdirmək üçün illər, təcrübə lazımdı.

- Son illərdə çəkilən bir neçə ekran əsərində, hətta seriallarda sizi gördük, sonra yenə çəkildiniz kənara. Sizi yoran nə oldu?

- Bəli, darıxırdım, evdə oturmaq məni bu yaşda sıxırdı. Dəvətlər gəldi, bir neçəsini dəyərləndirib çəkilməyə razılıq verdim, çəkildim. İstəyirdim çəkilişlərdə olum, öz işimi vicdanla yerinə yetirim ki, kino sahəsinə bu yaşda da nəsə bir dəstək verim. Amma peşman oldum. Çəkiliş meydançasında olarkən gördüm ki, burda çəkiliş meydançasından çox bazarı xatırladır. Peşəkarlıq, kino ənənələrindən bir xırda detalı belə görmək mümkün deyil. Mənim gördüyüm, illərlə çəkilərkən hiss etdiyim çəkiliş meydançalarından çox fərqli bir dünyada özümü hiss etdim. Bir ev kirayə götürürlər, bir günə az qala o evdə çəkilməsi olan bütün kadrları çəkməyə çalışırlar. Sanki film çəkilmir, kombayndan cücə istehsal edilir. Burda hansı peşəkar kinodan danışmaq olar. Film tamaşaçıya hansısa mesajı çatdırmaq məqsədi daşımalıdır. Hər hansı ekran əsəri çəkilərkən məqsəd olmalıdır. İndi çəkilən ekran əsərləri məqsədsiz çəkilir. Bir məqsəd var, pul qazanmaq. Bir neçə nəfərin cibinə pul getsin deyə, bazar açıb, guya kino çəkirlər. Film tamaşaçıya söz demək üçün çəkilir. Bu filmlərlə tamaşaçıya söz çatdırılmır. Son vaxtlar rişxəndlə "Bozbaş pikçers" deyə kinoya qara damğa düşüb. Həqiqətən kinoya qara ləkə gətirib "Bozbaş pikçers". Gənclərin zövqünü korlayıblar. Onlar kino çəkmirlər, sənətlə məşğul deyillər. Onlar sənət aləminə zərərli maddə gətirən viruslardı. Gənclərin mənəviyyatını korlamaqla bu xalqın mənəviyyatını şikəst edirlər. Kim onlara bu haqqı verib? Niyə bunlara "dayan!", "dur!" deyən yoxdu. Gənclər "Bozbaş pikçers"in mənasız obrazlarının adını tanıyırlar, amma bu millətin ictimai xadimlərini, ziyalılarını, bəstəkarlarını tanımırlar. Gənclərdən sorğu aparılır. Üzeyir Hacıbəylini, Sabiri, İlyas Əfəndiyevi tanıyan yoxdu, amma "Şəmini", "Fəlakəti" tanıyırlar. Bu faciə deyil, nədir? Bunları bilib həyəcan təbilini niyə çalmırıq?

- Bunlar sizi narahat etdi deyə, nazir qarşısında çıxış edərkən hamı kimi susmadınız?

- Mənim vicdanım susmadı. Mən orda necə susa bilərdim. Kino sahəsində olan insanlara mükafat verilir, kinoya verilən xidmətlərə görə mükafatlar təqdim olunur, hamı alqışlayır, amma problemi görməyə, dilə gətirməyə heç kim cəsarət etmir, ya da ehtiyac hiss etmirlər. Ölkə başçısı hər çıxışında qeyd edir ki, istənilən sahədə olan qüsurları qeyd edin, mənə çatdırın ki, problem vaxtında aradan qaldırılsın. Mən həqiqətləri danışdım, həqiqətləri dilə gətirib sözümü dedim. Görünür nə nazirimiz, nə də digərləri bu iradları və tənqidləri eşitməyə hazır deyillər. Bilirəm ki, mənim bu sözlərim və açıqlamamdan sonra kimlərinsə narahatlığı yaranacaq. Hətta mən bu açıqlama ilə az qala güllə qabağına qoyulacam. Amma deməsəm vicdanım rahat olmazdı. Narahat vicdanla yaşamaq isə çətin olur.

Tahirə







SON XƏBƏRLƏR

2018-10-18
2018-10-17