2018-09-25 10:38:23   |   226 dəfə oxunub

Paşinyan istefadan qaçış siyasəti yeridir

Yeni gərginlik Ermənistan üçün çox riskli situasiyanın yaranması deməkdir



Ermənistan baş naziri Nikol Paşinyan noyabr-dekabr aylarında növbədənkənar parlament seçkisi keçirmək istəyir. Bu barədə məlumatı "Jamanak” qəzeti yayıb. Qəzetin iddiasına görə, Paşinyan başa düşür ki, növbədənkənar seçkini yaza qədər təxirə salsa, o zaman onun reytinqi əhəmiyyətli dərəcədə aşağı düşəcək və öz niyyətinə çata bilməyəcək: 

"Paşinyan anlayır ki, konstitusiya dəyişikliklərini həyata keçirə bilməyəcək. Ona görə ki, parlament bu dəyişikliklərə səs verməyəcək. Yeni parlamentin formalaşması üçün yeganə imkan onun istefasıdır. Parlamentdə əksəriyyəti təşkil edən Respublikaçılar Partiyasının baş nazir vəzifəsinə namizəd irəli sürə bilməməsi üçün Paşinyan yeni mitinqlər hazırlayır. 

O, parlament binasını mühasirəyə almaq niyyətindədir. Bununla iki həftə ərzində parlamenti növbədənkənar seçki keçirməsi üçün iclas çağırmağa məcbur etmək istəyir”. Paşinyanın ölkə daxilində müəyyən planlarının olması, hakimiyyətini uzunömürlü etməyə çalışması barədə faktlar çoxdur. Məlumdur ki, düşmən ölkədə Sarkisyan-Köçəryan cütlüyünə tabe olan qüvvələr baş nazir Paşinyana dəstək vermirlər. Hazırda Paşinyanın Moskva ilə münasibətləri də normal deyil. Lakin buna baxmayaraq, baş nazir gələcək siyasi perspektivi haqda düşünür.

Düşmən ölkədəki vəziyyəti "Şərq”ə şərh edən "Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli deyib ki, baş nazir Paşinyanın İrəvanın mer seçkilərində dəstəklədiyi namizədin qalib gəlməsi Nikolun müəyyən planlarının olmasını göstərir: 

"Mən Paşinyanın siyasi perspektivinə nikbin baxmıram. Bu cür gedişatla baş nazir özünü də, ölkəsini də uçuruma aparır. Ətrafına toplanmış insanlardan istifadə edərək tezliklə parlament seçkiləri keçirmək istəyir. Dərk edir ki, buna nail olmaq üçün yenidən küçəyə müraciət etməlidir. 

Ancaq Respublikaçılar Partiyasının qarşısını almaq üçün yenidən mitinqlər təşkil etmək və parlament binasını mühasirəyə almaq, bu ölkədə növbəti gərginlik deməkdir. 

Düşünürəm ki, Paşinyan buna gedə bilər. Lakin yeni gərginlik Ermənistan üçün çox riskli situasiyanın yaranması deməkdir. Heç şübhəsiz, Qarabağ klanı müqavimət göstərəcək. Amma Rusiya bu dəfə sakit dayanmayacaq. Ermənistanda vəziyyətin gərginləşməsi Azərbaycana sərf edir. Düşmən ölkədəki vəziyyət hərbi əməliyyatların növbəti mərhələsini başlada bilər”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-10-20
2018-10-19