2018-09-25 12:02:08   |   818 dəfə oxunub

Tiflisdə Azərbaycan mətbuatı tarixinin izləri...

"Əkinçi"yə ilk dəstəyi də bu şəhərdəki ziyalılarımız verib




Tarixi materiallardan bəlli olduğu kimi, XIX əsrin II yarısında Azərbaycanın iqtisadi və ictimai inkişafı milli mətbuatımızın yaranmasını zəruri edib. Bu zərurəti dərk edən görkəmli maarifçi Həsən bəy Zərdabi uzun mübarizədən sonra çar üsul-idarəsi şəraitində müstəmləkə ucqarında ana dilində "Əkinçi” qəzetinin çap edilməsi üçün icazə alıb. Bu qəzetin çıxması bütün Qafqazda geniş əks-səda doğurub. Qəzetin nəşri üçün Həsən bəy Zərdabi İstanbuldan xüsusi ərəb mətbəə şriftləri gətirtməli olub. Nəhayət, xeyli əziyyətdən sonra 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində qəzetin ilk nömrəsinin nəşrinə nail olub. 

Yuxarıda da qeyd etdiyimiz kimi, "Əkinçi”nin nəşrilə həm də milli mətbuatımızın əsası qoyulub. Məlumatlara əsasən, "Əkinçi” qəzetində Moskvadan Nəcəf bəy Vəzirov və Əsgər ağa Gorani, Şamaxıdan Seyid Əzim Şirvani və Məhəmmədtağı Əlizadə Şirvani, Dərbənddən Heydəri və Tiflisdən Mirzə Fətəli Axundovun məqalə və digər yazıları dərc olunub.

 Məhz bu kimi müəlliflərin köməyi ilə "Əkinçi”nin səhifələrində elm və texnika, kənd təsərrüfatı, mədəniyyət sahələrindəki yeniliklərə geniş yer verilib. İlk vaxtlar qəzetin bütün redaksiya heyəti bir adamdan ibarət olub. Belə ki, Həsən bəy Zərdabi həm naşir, redaktor, həm də korrektor və mürəttib olub. Xalqı cəhalətdən, fanatizmdən uzaqlaşdırmaq, onlara hüquqlarını anlatmaq, xalqın savadlanmasına kömək məqsədi ilə "Əkinçi” misilsiz iş görüb. 

Ümumilikdə, 56 sayı işıq üzü görən qəzet ayda iki dəfə 300-400 tirajla nəşr edilib və bu mətbu orqanda "Daxili xəbərlər”, "Əkin və ziraət xəbərləri”, "Elmi xəbərlər”, "Təzə xəbərlər” rubrikaları altında müxtəlif mövzularda yazılan məqalələr dərc olunub. "Əkinçi” qəzeti çox tez bağlansa da, xalqımızın mədəniyyət salnaməsində böyük ad qoyub. Bu qəzetin Azərbaycan milli mətbuat tarixində açdığı yol, yaratdığı ənənələr çox uğurlu, uzunömürlü olub. "Əkinçi” qəzetinin nəşri ilə Azərbaycan milli mətbuat tarixinin əsası qoyulub. Bu dövrdən sonra həm Azərbaycanın indiki sərhədləri daxilində, həm də hüdudlarımızdan kənarda ana dilli mətbu orqanlar işıq üzü görüb. Milli mətbuatımızın bir çox dəyərli nümunələrinin çap olunduğu məkanlardan biri də dövrün siyasi-ictimai mərkəzi sayılan Tiflis şəhəri olub.

Mətbuat tarixi üzrə tədqiqatçı, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı vurğulayıb ki, Azərbaycan mətbuatı tarixinin müəyyən mərhələləri Tiflislə bağlıdır. Araşdırmaçının sözlərinə görə, "Əkinçi” ilə başlanan milli mətbuat və jurnalistika sisteminə keçid dövründə Tiflisdə nəşr olunan "Tiflis əxbarı”, "Zaqafqazski vestnik” qəzetlərinin azərbaycanca əlavələri də Tiflisdə nəşrə başlayıb: 

"Əgər bu əlavələri nəzərə almasaq, "Əkinçi”yə qədər nə Bakıda, nə də Tiflisdə müstəqil anadilli mətbuat orqanları nəşr olunmayıb. XIX əsrin ikinci yarısından başlayaraq Azərbaycan ziyalıları ana dilində qəzet çıxarmaq təşəbbüsləri göstərdilər və bu təşəbbüslər Çar Rusiyasının kəskin senzura şəraitində baş tutmadı. Xalqımızın mədəniyyət tarixində böyük mərhələ yaradan Mirzə Fətəli Axundov hələ 1841-ci ildə Tiflisdə Azərbaycan türkcəsində xüsusi litoqrafiya açmağa səy göstərdi. Bu böyük şəxsiyyətə litoqrafiya açıb, azərbaycanca nəşr çapına razılıq verilsə də, sonda bu işə əngəl yaradıldı və Axundovun bu təşəbbüsü də gerçəkləşmədi. M.F.Axundovun yaxın dostu, azərbaycanlıların Qafqazda mədəni hüquqlarının müdafiəçisi, gürcü ziyalısı Akaki Sereteli azərbaycanca nəşrlərin çapına dəstək verdi. Ancaq mövcud şərait buna imkan vermədi. "Əkinçi” qəzetinin nəşri ilə Azərbaycan milli mətbuatının, jurnalistikamızın əsası qoyuldu. Həsən bəy Zərdabinin gərgin əməyinin, titanik fəaliyyətinin nəticəsi olaraq yaranan «Əkinçi»yə ilk dəstəyi də Tiflisdəki Azərbaycan ziyalıları verdilər”.

A.Aşırlı bildirib ki, Tiflisdə azərbaycanca qəzet nəşr etmək təşəbbüsünü Seyid, Cəlal və Kamal Ünsizadə qardaşları da göstərib: 

"Onlar bu ideyanı gerçəkləşdirə bildi. Cəlal Ünsizadənin redaktorluğu ilə 1879-cu ilin 14 yanvarında "Ziya” qəzeti Tiflisdə işıq üzü gördü və qəzetin nəşri 1880-ci ilə qədər davam etdi. "Ziya” Azərbaycan mətbuatının yaranmasında, ictimai fikrin canlanmasında bütöv bir səhifədir. "Əkinçi”dən sonra ikinci Azərbaycan qəzeti məhz Tiflisdə yarandı. 1880-ci ildən sonra qəzet "Ziyayi-Qafqaziyyə” adı ilə 1884-cü ilə qədər nəşr olundu. Tiflisdə Azərbaycan ədəbi mühitinin formalaşmasına böyük təkan verdi. Cəlal Ünsizadə qardaşlarının, yaxın qohumlarının köməyi ilə "Ziyayi-Qafqaziyyə”nin çapı üçün daşbasma üsulu ilə, yəni litoqrafiya üsulu ilə mətbəə yaratdı və bununla da Azərbaycanda ilk mətbəələrin biri Tiflisdə yaradıldı. 

Bu mətbəədə qəzetlərlə yanaşı, kitablar da nəşr olundu. Tiflisdə Ünsizadə qardaşlarının çox çətinliklə yaratdıqları "Ünsizadələr mətbuatı”na bir jurnal da əlavə olundu. Məhz Cəlal Ünsizadənin təşəbbüsü ilə 1883-cü ildə Tiflisdə "Kəşkül” jurnalı nəşr olundu. 1884-cü ilin yanvarında isə bu jurnal qəzet formatına keçdi və həftədə bir dəfə işıq üzü gördü. "Kəşkül”ün redaktoru Cəlal Ünsizadə bütün istedadını, yaradıcılıq enerjisini yeni jurnalistikanın formalaşmasına, ədəbi qüvvələrin inkişafına yönəltdi. Cəlal Ünsizadə bir tərəfdən müəllimlik və jurnalistlik edir, digər tərəfdən yeni tipli məktəblər üçün dərslik və oxu kitabları hazırlayıb çap edirdi. 

"Kəşkül” Mirzə Fətəli Axundovdan sonra "yetimlik dövrü keçirən” Azərbaycan ədəbiyyatına imkan daxilində yardım göstərirdi. C.Ünsizadə "Kəşkül”də təkcə ədəbi əsərlər çap etmir, həm də Tiflisdəki ziyalılarla, xüsusən Qori Seminariyasının məzunları ilə əlaqə saxlayırdı. Təsadüfi deyildi ki, Azərbaycanın dövlətçilik tarixində silinməz izlər buraxan Nəriman Nərimanov da Qori Müəllimlər Seminariyasından sonra "Kəşkül” redaksiyasına gəlmiş, doğma Vətənə, xalqa sədaqətlə xidmət etməyə hazır olduğunu bildirmişdi. "Ziya” kimi "Kəşkül”ün də xüsusi mətbəəsi vardı və bu mətbəədə dövrün ziyalılarının bir çox əsərlərini, tərcümələrini, "Qurani-Kərim”in təfsiri ilə bağlı kitablar nəşr olunurdu.

Çox ciddi və ağır basqılar altında "Ziyayi-Qafqaziyyə” kimi "Kəşkül” də 1891-ci ildə nəşrini dayandırmalı oldu. "Kəşkül”ün bağlandığı 1891-ci ilin statistikasına görə, Tiflisdə nəşr edilən 26 adda qəzet və jurnalın 14-ü rus, 6-sı erməni, 5-i gürcü dilində idi. Azərbaycanca mətbuat "Ziyayi-Qafqaziyyə” və "Kəşkül”lə öz ömrünü başa vurmuşdu. Belə bir vəziyyətdə Azərbaycan ziyalılarının mətbuat orqanları yaratmaq uğrunda mübarizələri təbii idi. Bu dövrdə Tiflisdə Məhəmməd ağa Şahtaxtlı "Tiflis”, Kamal Ünsizadə "Yerli elanlar”, "Daniş” adlı mətbu orqan yaratmağa çalışırdılar”.
Məlumatlara əsasən, Rusiyanın mərkəzi şəhərlərində, Qori Müəllimlər Seminariyasında və başqa yerlərdə təhsil almış gənclər "Kəşkül” qəzetinin mütərəqqi təşəbbüslərini müdafiə edərək, onun ətrafına toplaşıblar. 

"Kəşkül”ün başladığı hərəkatda Tiflisin rus ziyalıları, tərəqqipərvər Tiflis müəllimləri də iştirak ediblər. S.Ə.Şirvani, F.Köçərli, M.Şahtaxtlı, A.Qayıbov və başqaları qəzetlə fəal surətdə əməkdaşlıq ediblər. Qəzetin Bakı, Quba, Qarabağ və İrəvanda öz müvəkkilləri olub. Onlar qəzetin oxucularla əlaqəsinin möhkəmləndirilməsində az rol oynamayıblar. Qəzet Cənubi Qafqaz, Rusiya, Avropa və Asiya xalqlarının mədəni irsinin təbliğ edilməsinə böyük diqqət verib. Onun səhifələrində A.A.Bakıxanov, M.F.Axundov, S.Ə.Şirvani və başqalarının yaradıcılığına geniş yer ayrılıb. Redaksiya inkişaf etməkdə olan yeni demokratik ədəbiyyatın nümunələrinin çapına böyük diqqət yetirib. 

"Kəşkül” realist ədəbiyyatın əhəmiyyətini yüksəyə qaldırıb, köhnə mədrəsələrdə islahat keçirilməsinə, yeni məktəblərin, kitabxana və teatrların açılmasına, digər milli mədəniyyət ocaqlarının təsis edilməsinə tərəfdar çıxıb. Qəzet öz oxucularını həmçinin rus klassiklərinin əsərləri ilə tanış edib, Azərbaycan dilində rus ədəbiyyatından tərcümələr çap edib. Qəzet klassiklərin təbliğində müəyyən rol oynayıb, Xəyyam, Sədi, Hafiz və başqalarının irsinə böyük əhəmiyyət verib.

Tədqiqatçı deyib ki, 1903-cü ildə Məhəmmədağa Şahtaxtlıya "Şərqi-rus”u nəşr etməyə icazə verdilər. Qəzet elə həmin ildə çap olunmağa başladı: "Şərqi-rus” M.Şahtaxtlının şəxsi qəzeti idi və onun redaktorluğu və naşirliyi ilə işıq üzü görürdü. "Şərqi-rus”un ilk sayı 1903-cü il martın 30-da çıxdı. Qəzet əvvəllər həftədə üç dəfə Tiflisdə nəşr olunurdu. 1904-cü ilin iyunun 8-dən etibarən isə gündəlik qəzetə çevrildi. Azərbaycanın ictimai-siyasi fikir tarixində, maarifçilik hərəkatının genişlənməsində "Şərqi-rus”un mühüm xidmətləri var. 

O, XX əsrin ilk, həm də gündəlik Azərbaycan qəzetidir. Qəzetin bütün saylarının tədqiqi onu göstərir ki, qadın azadlığından, ona təhsil verilməsinin zərurətindən, ərəb əlifbasının dəyişdirilməsi zərurətindən bəhs edən yazılar üstünlük təşkil edir. Qəzet rus, Avropa və Şərq ədəbiyyatı haqqında qiymətli materiallar dərc edərək ədəbiyyatın inkişafına da öz töhfələrini verirdi. M.Şahtaxtlının Ə.Topçubaşovla və Əhməd bəy Ağaoğlu ilə birgə "Şərqi-rus”un Tiflis mühitindən çıxarılıb Bakıya köçürülməsi planı üzərində çalışmaları, səyləri nəticəsiz qaldı və qəzet 1905-ci ildə fəaliyyətini dayandırdı.

"Şərqi-rus” bağlandıqdan sonra Məhəmmədağa Şahtaxtlı redaksiyanın mətbəəsini satışa çıxardı. Bu barədə Ömər Faiq Nemanzadə öz xatirələrində yazır ki, satışa çıxarılan bu mətbəəni almaq məsləhəti ilə o, Cəlil Məmmədquluzadəyə müraciət edir. Mətbəəni almaq üçün maddi vəsait axtarışına çıxan dostlar, nəhayət, belə xeyirxah insanı tapırlar. Bu, əslən Naxçıvandan olan Məşədi Ələsgər Bağırov idi. Yeni mətbəə "Qeyrət” adı ilə 1905-ci il mart ayında fəaliyyətə başlayır və 1907-ci ilə qədər bu iş davam edir. "Qeyrət” mətbəəsi çox böyük işlər görür, Azərbaycan mətbuat tarixində yeni bir mərhələnin əsasını qoyan "Molla Nəsrəddin” jurnalı bu mətbəədə çap olunur. "Qeyrət”çilər Azərbaycan ədəbiyyatına, mədəniyyətinə böyük töhfə olan kitabçalar, siyasi intibahnamələr çap edir. Mətbuat tariximizin yeni bir dövrünün başlanğıcı olan "Molla Nəsrəddin” jurnalı 1906-cı ilin 7 aprelində Tiflisdə nəşrə başladı. Cəmiyyətdə baş verən neqativ hadisələrə, cəhalətə, fanatizmə qarşı mübarizə aparan, yeni bir jurnalistika istiqaməti, ədəbi məktəb yaradan "Molla Nəsrəddin” xalq yumoru, satirası ilə seçildi. 

Tiflisdən başlanan Molla Nəsrəddin” yolu türk-müsəlman dünyasında ən aparıcı jurnalistika istiqamətinə çevrildi. Tiflis, Bakı, İrəvan, Təbriz, Naxçıvan, Gəncə, Şamaxı, Şəki, Dərbəndlə yanaşı, Orta Asiyada, Krımda, Kazanda, Ufada, Həştərxanda, Tehranda, Ərzurumda, İstanbulda, Qahirədə, Kərkükdə böyük oxucu kütləsi vardı. Mətbuat tariximizə bu qısa nəzər-diqqətimiz onu deməyə əsas verir ki, Tiflisdə anadilli mətbuat orqanlarımızın yaranması və inkişafı prosesləri dövrün tələblərinə uyğun idi. Həmçinin, Tiflisdə Azərbaycan mətbuat tarixinin örnəkləri yaradılıb və jurnalistika tariximizdə silinməz izlər buraxıb.

İsmayıl







SON XƏBƏRLƏR

2018-12-15
2018-12-14