2018-09-25 13:10:16   |   124 dəfə oxunub

Sağlamlıq turizmi mövsümi deyil

Azərbaycanda bu sahənin inkişafı üçün potensial var

“İnfrastruktur qurub sağlamlıq turizminin təbliğini aparmaq lazımdır”



Azərbaycanda turizm sənayesinin inkişaf etdirilməsi, ölkəyə daha çox xarici turistlərin cəlb edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Görülən işlər, həyata keçirilən kompleks tədbirlərin qarşılığı olaraq bu istiqamətdə müsbət nəticələr də əldə edilməkdədir. Hər halda ildən-ilə Azəbaycana gələn xarici turistlərin sayında müşahidə edilən artım belə deməyə əsas verir. Müsbət məqamlardan biri də ondan ibarətdir ki, təkcə postsovet ölkələri deyil, eləcə də Avropa, Asiya, hətta ərəb ölkələrindən də Azərbaycana təşrif buyuran turistlər var.

Azərbaycanın iqlimi, coğrafi məkanı, zəngin təbiəti, eləcə də malik olduğu bir sıra təbii zənginlikləri ölkəmizə bütün dövrlərdə turistlərin gəlməsi üçün münasibdir. İstər qış turizmi, istər yay turizmi, istərsə də digər turizm növlərinin inkişaf etdirilməsi üçün Azərbaycanda kifayət qədər imkanlar var.
Bu səbəbdən də ekspertlər Azərbaycanda alternativ turizm növlərinin inkişaf etdirilməsini çox vacib məsələ hesab edir.

Onların fikrincə, Azərbaycanda sağlamlıq turizmi də yeni bir istiqamət olaraq inkişaf etdirilməlidir. Sağlamlıq turizmi hər yerdə inkişaf edir və müasir turizm sənayesinin qlobal tendensiyasına çevrilir.
Amma dünya ölkələrində Azərbaycan səhiyyəsi iə bağlı formalaşan mənfi fikirləri də gözardı etməmək lazımdır.

Amerika hökumətinin öz vətəndaşlarına "Azərbaycan səhiyyəsindən uzaq durun" deməsinin üstündən nə qədər müddət keçib ki? Təxminən bir il bundan əvvəl ABŞ rəhbərliyi Azərbaycanda mövcud olan tibb sisteminin peşəkar olmadığını vurğulamışdı. Sağlamlıq turizminin inkişaf etdirilməsi istiqamətində görülən işlər, hazırlanan strategiyalar bu stereotipləri qıra biləcək?

Sağlamlıq turizmini XXI əsrin bir fenomeni kimi dəyərləndirən turizm üzrə ekspert Ruslan Quliyev hesab edir ki, yaxın gələcəkdə Azərbaycana gələn turistlərin 25-35 faizinin sağlamlıq turizmin payına düşəcəyini proqnozlaşdırmaq olar: "Son 3 ildə mədəni, etnoqrafik, eyni zamanda, sağlamlıq turizmi sürətlə inkişaf edir. Sağlamlıq turizminin əsas üstünlüyü odur ki, 365 gün ərzində fəaliyyət göstərir, mövsümi deyil. 

Sağlamlıq turizmində minimum 14-18-21 gün mütləq qaydada kurs müalicəni almaq üçün gecələmə faktoru var ki, bu da iqtisadi cəhətdən çox əhəmiyyətlidir. Dünyada hər il 1 milyard insan turist kimi səfərə çıxır, yaxın iki il ərzində bu rəqəm 2 milyarda çatacaq. Dünyada 100 milyona yaxın insan sağlamlıq turizmi məqsədilə öz yaşadığı məntəqəni tərk edir. 

Sağlamlıq turizmi XXI əsrin bir fenomeni kimi dəyərləndirilməlidir. Bu sahədə də biz yeni marka və trend ortaya qoyuruq. Naxçıvanda Duzdağ, Naftalan bölgəsində və Qalaaltı sanatoriyası və s. bu baxımdan maraq cəlb edir. Qalaaltı Avropa Termal Tarixi Şəhərlər Assosiasiyasının üzvü olduğu üçün bu o deməkdir ki, Avropa xəritəsində artıq yeri var. 

Naftalana gələn turistlərin 35 faizi Qazaxıstanın payına düşür. Araşdırma göstərir ki, Pribaltika ölkələrindən də Naftalana gələn çoxdur. Qazaxıstanın şimalında olan bəzi əyalətlərin əhalisi də Duzdağ sanatoriyasına çox böyük maraq göstərir. Yaxın gələcəkdə Azərbaycana gələn turistlərin 25-35 faizinin sağlamlıq turizmin payına düşəcəyini proqnozlaşdırmaq olar”.

Sağlamlıq turizminin ölkəmizdə inkişaf etdirilməsi üçün potensial olduğunu vurğulayan turizm eksperti Elxan Vəliyevin "Şərq”ə açıqlamasına görə, Azərbaycanda sağlamlıq turizminin inkişafına nail olmaq üçün müəyyən infrastruktur qurub bunun təbliğini aparmaq lazımdır. Bu da yalnız dövlətin üzərinə düşmür. Bu sahədə olan aparıcı şirkətlərin xarici ölkələrdə maarifləndirici tədbirlər, sərgilər keçirməsi, bu sahədə ciddi dönüş yaranmasına səbəb ola bilər:

"Alternativ turizm növlərinin inkişafı nöqteyi-nəzərindən gündəmdə olan məsələlərdən biri də sağlamlıq turizminin inkişaf etdirilməsidir. Bu gün İstanbula səfər edən turistlərin əksəriyyəti sağlamlıq xidmətlərindən yararlanır. Ölkə iqtisadiyyatı da bundan böyük gəlir əldə edir. Azərbaycanda da yaxın bir neçə il ərzində bu sistem oturuşa bilər. Bilirsiniz ki, klinikalarımızın əksəriyyəti Avropa standartlarına uyğunlaşdırılıb və xaricdən alınan tibbi avadanlıqlarla təchiz edilib”.

Ekspertin sözlərinə görə, sağlamlıq turizminin inkişafına nail olmaq üçün dövlətin həyata keçirdiyi tədbirlərdən əlavə özəl şirkətlərin, klinikaların da öz üzərində işləməsi vacibdir: 

"Klinikalar turistlər üçün xüsusi paketlər hazırlamalıdır ki, onların xidmətindən istifadə edən əcnəbilər yaxınlıqdakı otellərin birində 50 faiz endirim əldə edəcək. Bundan əlavə, turistlərin rahatlığını təmin edəcək digər vasitələr də düşünmək lazımdır. Təbii ki, səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması ən başlıca şərtlərdən biridir. Görülən işlər isə beynəlxalq səviyyədə reklam olunmalıdır. Necə ki, digər turizm sektorunun əməkdaşları inkişafa nail olmaq üçün xarici ölkələrdə öz tanıtımlarını edirlər. Əks halda, bir müddət sonra Azərbaycana turist axını dayana bilər. 

Bizim şirkətlər xarici əlaqələrini elə qurmalıdır ki, əcnəbi vətədaşları onların təklif etdiyi xidmət barədə məlumatlı olsun. Azərbaycanda turizmin stabil inkişafına ancaq bu yolla nail olmaq mümkündür. Klinikalarımız da öz xidmətlərini xarici bazara çıxarmaq üçün mümkün vasitələrdən istifadə etməli, öz tanıtımlarını etmək üçün xaricdə keçirilən tibb sərgilərinə qatılmalıdırlar. Eyni zamanda, Türkiyədən, Avropa ölkələrinin həkimlərini öz klinikalarına dəvət edib, həmin ölkələrdə öz klinikalarının reklamlarını apara bilərlər”.

E.Vəliyev deyib ki, təbliğat xarakterli məlumatlar, sadəcə özəl şirkətlərin saytında deyil, sosial media hesablarında da yayılmalıdır. Hər bir klinikanın yutub kanalı olmalı və xüsusi hazırlanmış videoroliklər orada yayılmalıdır. Eyni zamanda, "feysbuk", "instaqram" və "tvitter" səhifələri də aktiv olmalı və bütün yeniliklər həmin səhifələrdə öz əksini tapmalıdır.

Şəymən








SON XƏBƏRLƏR

2018-10-16
2018-10-15