2018-09-25 13:16:07   |   287 dəfə oxunub

Körpələrinizə yazığınız gəlsin

Uşaqları texnoloji avadanlıqlardan uzaq tutmaq lazımdır

“Valideynlər bilməlidir ki, mobil telefon və digər texnoloji avadanlıqlar uşaqların həm fiziki, həm də əqli inkişafına ciddi ziyan vurur”



Müasir texnologiyanın inkişafı böyüklər qədər uşaqların da həyat tərzinə təsir göstərməkdədir. Bu gün azyaşlıların əksəriyyəti kompüter və telefonda oyun oynamağa çox meyillidirlər. Bir çox hallarda valideynlər uşağı yedirtmək, sakitləşdirmək üçün ona mobil telefon və ya planşet verir. 6-9 aylıq uşaq ana-atasının səsi əvəzinə planşetdə və ya telefonda səslənən musiqi səsinə sakitləşir. Valideyn bununla uşağı özlərindən uzaqlaşdırmaqla yanaşı, onun sağlamlığına da mənfi təsir göstərir.

Araşdırmalara görə, mobil telefonlar radiasiya yayır və bədənimizdə əks təsirlər göstərir. Pultların da mobil telefonlar qədər təhlükəli olduğu bildirilir. Körpə uşaqların mobil telefonlar qədər pultlara olan marağı danılmazdır. Pultlardakı radiasiya insan orqanizminə nə qədər ziyanlıdırsa, üzərindəki mikroblar da xüsusilə körpələr üçün təhlükəlidir.

Körpələri texnoloji avadanlıqlardan tamamilə məhrum etməyin mümkünsüz olduğunu deyən həkim-pediatr Vaqif Qarayev "Şərq”ə bildirib ki, bu məsələ bütün dünya ölkələrinin diqqət mərkəzindədir. Həkim deyib ki, indiki uşaqlarla əvvəlki dövrdəki uşaqlar arasında olduqca fərq var: 

"Uşaqların telefonlara və digər texnoloji avadanlıqlara olan aludəçiliyi mütləq onların sağlamlığına ziyan gətirəcək. Məsələn, 2-3 yaşındakı uşaq saatlarla telefonda oynayırsa, beynini yorur, onda yuxu və yemək pozğunluğu yaranır, yayılan radiasiya onun aqressivliyinə səbəb olur”.

Pediatr bildirib ki, texnoloji vasitələrdən çox istifadə etməsi uşaqların nitqində ciddi qüsurlara, nitq ləngimələrinə də səbəb olur: 

"Körpə valideynlərinin danışdıqlarını eşidir, sözlər yaddaşında qalır, amma dil saatlarla işləmədiyinə görə onun nitqində qüsurlar yaranır. Bəzən bu mövzuda bir sıra mübahisələr olur. Ananın biri uşağı telefondan tamamilə məhrum etdiyini və bunun mümkün olduğunu deyir. Digər ana isə uşağın mobil telefondan asılılığına son qoymağın qeyri-mümkünlüyünü deyir. Hətta bəzi analar əsəbi sakit olsun deyə uşağın uzun müddət telefonla oynamasına icazə verirlər.

Yemək yeyərkən də uşağa telefon verilməsi düzgün deyil, amma müvəqqəti çıxış yolu kimi, köprəni yeməyə həvəsləndirmək üçün ona bir neçə dəqiqəlik telefon vermək olar. Yeməyə öyrəşəndən sonra isə qətiyyən belə hallara yol verilməməlidir. Çünki bu zaman uşaq daha yemək yeməyəcək və onun fikri yalnız telefonda qalacaq”.

Həkimin sözlərinə görə, uşaqların diqqətini cəlb etmək üçün alternativ yollar axtarmaq lazımdır: 

"Körpələrin maraq dairəsinə uyğun vasitələrdən istifadə edilməlidir. Valideynlər bilməlidir ki, mobil telefon və digər texnolji avadanlıqlar uşaqların həm fiziki, həm də əqli inkişafına ciddi ziyan vurur. Anaların aktiv olması da vacibdir. Elə analar var ki, körpənin diqqətini cəlb etmək üçün fərqli metodlardan istifadə edirlər. Ona görə də bu məsələdə valideynlərin üzərinə məsuliyyət düşür”.

Yeganə Bayramova







SON XƏBƏRLƏR

2018-12-15
2018-12-14