2018-09-25 13:17:53   |   272 dəfə oxunub

Əsas məsələ xəstələrin sağlamlığıdır

Tibb üzrə təhsil alan hər kəs avadanlıqların istifadəsi və düzgün sterilizasiyası barədə geniş məlumata malik olmalıdır




Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında tibbin ayrı-ayrı sahələri ilə yanaşı, cihazlar üzrə də mütəmadi olaraq təlimlər keçirilir. Tibbi cihazlar üzrə mütəxəssis Cəmil Həsənov bildirib ki, təlimlərdə həkim, rezident və orta tibb işçiləri iştirak edirlər.

İlk olaraq neonatologiya şöbəsində aparılan təlimlərdə iştirakçılara "Neonatoloji nozal SPAP” cihazı haqqında ətraflı məlumat verilib və onun işləmə prosesi əyani şəkildə göstərilib: "Təlimlər zamanı cihazın təyinatı və strukturu, istifadə qaydaları tibb işçilərinə tam izah edilib. Bundan əlavə cihazın xüsusiyyətləri və imkanları barədə danışılıb, istifadə zamanı yarana biləcək əsas çətinliklərin həlli yolları müzakirə olunub”.

Cihazın hissə və detallarının sterilizasiyasının necə aparılmasından da söz açan mütəxəssis qeyd etdi ki, bu, həkimlərin işi olmasa da, texniki bilgilərin zənginliyi əlavə üstünlükdür. Hansı detalın harada, hansı temperaturda sterilizasiya edilməsi gərəkdiyini hər bir həkimin bilməsi, eyni zamanda, tələb etməsi çox zəruridir.

Bu gün tibbi avadanlıqların düzgün istifadəsi və sterilizasiyası insan sağlamlığı üçün vacib elementlərdən sayılır. Bəzən tibb təhsili alanlar yalnız öz ixtisaslarına aid avadanlıqları istifadə edə bilirlər. Onlar bu avadanlıqlarla nəzəri şəkildə tanış olurlar, lakin tibdə praktika əsas amil hesab olunur. Ona görə də keçirilən təlimlər, praktiki olaraq tibb işçilərinin avadanlıqlardan istifadə etməsi barədə biliklərin aşılanması müsbət qiymətləndirilə bilər.

Tibb elmləri doktoru, professor Adil Qeybulla "Şərq”ə açıqlamasında bildirib ki, tibbi avadanlıqların sterilizasiyası və onlardan istifadə qaydası tədris prosesində keçirilir. Lakin əlavə olaraq müəyyən təlimlərin olması da müsbət qarşılanmalıdır: "Məlumdur ki, tibb üzrə təhsil alan hər kəs avadanlıqların istifadəsi və düzgün sterilizasiyası barədə geniş məlumata malik olmalıdır. Çünki bu amillər ilk növbədə pasiyentlərin sağlamlığı üçün əsasdır”.

Həkim-allerqoloq Şahvələd Məmmədov da tibbi avadanlıqların sterilizasiyası və düzgün istifadəsinin vacib olduğunu dedi: "Normal sterilizasiya olmayan yerdə hər zaman xəstənin infeksiyaya yoluxması mümkündür. Ona görə də avadanlıqların sterilizasiyası ilə bağlı təlimlərin keçirilməsi çox yaxşı haldır. İxtisasından asılı olmayaraq bütün tibb işçilərinin belə təlimdə iştirakı alqışlanmalıdır. Çünki bu cür təlimlərin heç bir ziyanı yoxdur. Məsələn, stamotologiya üzrə təhsil alan birinin başqa tibbi ixtisasa aid avadanlıqlardan xəbərdar olması müsbətdir”.

Yeganə Bayramova







SON XƏBƏRLƏR

2018-10-20
2018-10-19