2018-09-25 13:20:47   |   665 dəfə oxunub

Kəskin reaksiya verilməlidir

Səssizlik manyakların rahatlığına şərait yaradır

"Qəşəng qız və ya xanım görəndə onu qucaqlamaq bəlkə də çox kişinin ürəyindən keçə bilər"



Bakıda yetkinlik yaşına çatmayan qızlara və qadınlara qarşı əxlaqsız hərəkətlər edən manyak peyda olub. Paytaxt sakini Rauf Süleymanov adlı şəxs qısa ətəkli qadınlara xoşagəlməz hərəkətlər etdiyi üçün polis tərəfindən saxlanılıb.

Manyak ifadəsində Xətai, eləcə də ətraf rayonlar ərazisində qadınlara qarşı bu cür hərəkətlər etdiyini bildirib: "Qarşıma mini ətəkdə qadın çıxanda qucaqlayıb buraxıram. Təxminən 20 qadına qarşı bu hərəkəti etmişəm. Təbi gələndə özümdən asılı olmur”.

Saxlanılan şəxsin psixoloji durumunun normal olduğunu söyləmək bir qədər çətindir. Ən azından sağlam ruha malik birinin bu cür davranış sərgiləməsi onun bəzi problemlərindən xəbər verir. Əsasən gənc xanımlara qarşı əxlaqsız hərəkətlər edilərkən onlar ya qorxduqları, ya da utandıqları üçün səssiz qalırlar. Bəlkə də bu səssizlik manyakların rahatlığına və çoxalmasına şərait yaradır.

Qadınlara qarşı əxlaqsız hərəkət edənlər arasında ruhi xəstələrin də olduğunu deyən psixoloq Azad İsazadə "Şərq”ə bildirib ki, qəşəng qız və ya xanım görəndə onu qucaqlamaq bəlkə də çox kişinin ürəyindən keçə bilər. Amma bu, fizioloji bir tələbatdır və normal insanı belə hərəkətdən saxlayan onun tərbiyəsi, mədəniyyəti və cəmiyyətdə qəbul olunmuş qaydalardır: 

"Qəşəng bir qadını qucaqlamaq bəlkə hansısa ölkələrdə və cəmiyyətlərdə normal qəbul olunur. Lakin bizim cəmiyyətimizdə müəyyən stereotiplər var. Biz öz hərəkətimizə nəzarət edirik. Söhbət yalnız cinsi istəkdən getmir. Əlimiz çirklidirsə və acıqsa, yemək yemirik. Çirkli əllərlə yemək yeməyə mədəniyyətimiz icazə vermir. Çalışırıq ki, cəmiyyətdə normal qəbul edilməyən addımlar atmayaq. Saxlanılan şəxsin psixoloji durumunun necə olduğunu yalnız tibbi ekspertizadan sonra bilmək olar. Amma psixoloji, həmçinin cinsi problemləri olan şəxs bəzən özünü idarə edə bilmir və xoşagəlməz əməllər törədir”.

Psixoloq bildirir ki, bu cür manyaklara qarşı kəskin reaksiyalar verilməlidir:

 "Sözsüz ki, qaranlıqda və təklikdə insan reaksiya verməyə qorxur, amma qışqırmaq, hansısa müqavimət göstərmək, hay-küy qaldırıb camaatın diqqətini cəlb etmək lazımdır. Bəzən xanımlar utanırlar və sadəcə qırağa çəkilirlər. Amma belə insanlara qarşı kəskin reaksiyalar olmalıdır ki, həmin şəxs törətdiyi hərəkətdən özünü yığışdırsın. Əgər belə insanların adam öldürmək fikri varsa, özümüzü nə qədər sakit, dinc aparsaq da, onun beynində öldürmək varsa, öldürəcək. Amma müqavimət göstərilsə, xilas olmaq üçün şans daha çox olar. Çünki belə manyaklarla qarşılaşan vaxt insan qorxursa, manyak bu qorxudan ləzzət ala bilər. 

Müqavimət göstərib qışqıran insan görəndə, o çox vaxt uzaqlaşır. Qorxan, özünü itirən, iflic vəziyyətinə düşən insan ona ləzzət verir və o, istədiyi əməli törədir. Ona görə də belə insanlara qarşı mütləq müqavimət göstərmək lazımdır”. Psixoloqun dediklərindən belə qənaətə gəlmək olar ki, cəmiyyətdə qadınlara qarşı əxlaqsız əməllər törədən insanların böyük qismi psixoloji olaraq sağlam deyil. Lakin bu cür insanların təzyiqindən yaxa qurtarmaq üçün özünümüdafiə əsas şərtlərdən biridir.

Yeganə Bayramova







SON XƏBƏRLƏR

2018-10-20
2018-10-19