2018-09-25 13:25:27   |   858 dəfə oxunub

“Vətən uzaqda deyil” layihəsinə Amerikadan REAKSİYA:"...səbirsizliklə gözləyəcəyik !"


Soydaşlarımızın səbirsizliklə gözlədiyi "Vətən uzaqda deyil” televiziya proqramı fəaliyyətə başlayıb. Layihənin əsas məqsədi dünya azərbaycanlılarının müzakirə platformasını formalaşdırmaq, onları maraqlandıran məsələlərin müzakirəsini təşkil etmək və soydaşlarımız arasında etibarlı körpü yaratmaqdan ibarətdir.

Diasporla İş Üzrə Dövlət Komitəsinin İctimai Televiziya və Radio Yayım Şirkətinin birgə layihəsi olan veriliş Vətən nisgilimizdən xəbər verir. Proqramın ilk buraxılışında Cümhuriyyətin 100 illiyi ilə bağlı təşkil olunmuş Diaspor Gənclərinin 1-ci yay düşərgəsində iştirak edən gənclərlə Vətəndə yaşayan gənclərin debatı təqdim olunub.

Amerika Qadın Cəmiyyətinin rəhbəri Minəvvər Vahabova bildirib ki, debatda iştirak edən gənclərimiz savadları, dünya görüşləri ilə Vətənə xidmət etmək əzmindədirlər:

 "Qəlbimiz fərəh hissi ilə doldu ki, Vətənimizin gəncləri harada yaşamaqlarından asılı olmayaraq doğma Azərbaycanımızı çox sevirlər və onun üçün müsəlləh əsgər olmağa hər zaman hazırdırlar. Debatda və düşərgədə oğlum Anar da iştirak edirdi. Hər bir gəncin söylədiyi fikirlərə diqqətlə qulaq asdıqdan sonra belə bir qənaətə gəldim ki, diasporumuzun taleyi etibarlı əllərdədir. "Diaspor Gənclərinin İnternet Şəbəkəsi”nin yaradılması onların bir-biri ilə daha sıx əlaqə saxlamalarına, fikir mübadiləsi aparmalarına dəstək olacaq. Layihənin Vətəndən uzaqda yaşayan, qürbətin nə olduğunu bilən, Azərbaycan adı gələndə nostalji hisslərə qapılan bizlərin proqramımız olacağına bütün qəlbimizlə inanırıq”

Cəmiyyət rəhbəri deyib ki, Diasporla İş Üzrə Dövlət Komitəsində gedən müsbət dəyişiklər diaspor təşkilatlarını daha da əzmlə çalışmağa ruhlandırır: 

"Komitə bizim, necə deyərlər, "Ata ocağımız” rolunu oynamağa başlayır. Biz dünyanın müxtəlif ölkələrində yaşasaq da, bir sığınacaq yerimiz olan ocağa hər zaman ehtiyac duyuruq. Soydaşlarına arxa-dayaq olacaq bir ocağın olması hər zaman bizdə özünə inam hissi yaradır. "Vətən uzaqda deyil” layihəsinin növbəti buraxılışlarını səbirsizliklə gözləyəcəyik. Doğrudan da Vətən uzaqda deyil, bizim ruhumuzda,qəlbimizdədir!”.

Yeganə Bayramova






SON XƏBƏRLƏR

2018-12-10
2018-12-09