2018-09-25 17:32:24   |   137 dəfə oxunub

Azərbaycan İlahiyyat İnstitutunda tələbələr dərs vəsaitləri ilə təmin ediliblər



Sentyabrın 24-də Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) tələbələrə ödənişsiz dərsliklərin təqdim edilməsinə həsr olunmuş tədbir keçirilib.
Aİİ-dən "Sherg.az"a bildiriblər ki, bu ali məktəbin rektoru Ceyhun Məmmədov ölkəmizdə bütün sahələrdə olduğu kimi təhsilə, mədəniyyətə, milli mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət ayrıldığını qeyd edib. Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasının bu istiqamətdə atılmış ən vacib addımlardan biri olduğunu, Aİİ-də dövlətimizin qayğısı ilə hər cür şəraitin yaradıldığını, təhsilin ödənişsiz əsaslarla təşkil edildiyini, bütün dərs vəsaitlərinin pulsuz verildiyini diqqətə çatdıran rektor tələbələrin dərs vəsaiti ilə təmin olunmasının birbaşa ölkə Prezidentinin göstərişi əsasında həyata keçirildiyini vurğulayıb. Aİİ-nin nəinki ölkəmizdə, hətta bütün dünyada seçilən ali təhsil müəssisəsinə çevrilməyi qarşısına məqsəd qoyduğunu bildirən rektor bununla bağlı tələbələrin üzərinə düşən böyük məsuliyyəti xatırladıb. C.Məmmədov dövlət tərəfindən göstərilən etimadı doğrultmaq üçün tələbələri dərslərdə fəal olmağa, dil bilgilərinə yiyələnməyə, institutun ictimai həyatında fəallıq göstərməyə, İslamın mahiyyətini, dinin əsaslarını, milli adət-ənənələrimizi, böyük dövlətçilik irsimizi dərindən öyrənməyə çağırıb. C.Məmmədov bildirib ki, şəffaf, modern, qabaqcıl seçim meyarları ilə formalaşdırılan institutda dünya standartları ilə ayaqlaşan yüksək təhsilin verilməsi nəzərdə tutulub.

Sonra Aİİ rəhbərliyi tərəfindən institutun I-IV kurs tələbələrinə İslam tarixi, İslam məzhəbləri tarixi, İslam əxlaqı, əqaid, təsəvvüf, Azərbaycanda multikulturalizmin əsasları, fars dili, ingilis dili fənlərindən dərsliklər təqdim edilib. Bildirilib ki, digər fənlər üzrə də kitabların verilməsi də təmin olunacaq.






SON XƏBƏRLƏR

2018-12-11
2018-12-10