2018-09-25 19:05:48   |   245 dəfə oxunub

"Aeroportda taksi xidməti ilə bağlı vəziyyət çox acınacaqlıdır"

"Hava limanında turisti taksi sürücüləri qarşılayırlar ki, aldadıb artıq pul alsınlar. Elə sürücülər var ki, turistin ətəyindən yapışır, çantasını məcbur götürüb zorla maşına mindirmək istəyir”


Iqtisadçı ekspert Samir Əliyev Bakı aeroportunda fəaliyyət göstərən taksi sürücülərinin xidmətindən narazılıq edib: "Onları yığışdırsalar əla olardı. Adama rəsmən mənəvi terror edirlər..”. İqtisadçının qaldırdığı məsələ çox ciddi və aktual məsələdir. Baxmayaraq ki, hava limanında taksilər üçün xüsusi yerlər nəzərdə tutulub, xətt də çəkilib ki, o xətti keçməsinlər. Kimə taksi lazım olsa, özü yaxınlaşıb birini seçməlidir. Düzdür, taksi sürücülərinin öz xidmətlərini təklif etməsində qəbahətli bir şey yoxdur. O halda ki, onlar bu addımı daha sivil və mədəni şəkildə etsinlər. İnsanların zəhləsini tökmədən, onlarda ikrah və nifrət hissi yaratmadan seçim etməsinə şərait yaratsınlar. 

Ölkəmizə səfər edən turistlərə yüksək xidmət əvəzinə yüksək qiymətlər təklif etmək fikrinə düşən taksi sürücüləri isə hava limanı ətrafında qurbanını gözləyən ovçuları xatırladır. Sosial Strateji Tədqiqatlar Birliyinin rəhbəri, nəqliyyat eksperti Ilqar Hüseynlinin "Şərq”ə açıqlamasına görə, taksi sürücülərinin xidmət səviyyəsi üzərində ciddi işlər aparılmalıdır ki, onlar lazım olan standartlara cavab versinlər:

"Əvvəla, taksi kimi fəaliyyət göstərən bütün nəqliyyat vasitələrinə taksometr qoyulmalıdır. Hava limanından şəhərə gələn turistlər və yerli vətəndaşlar qət etdikləri vəsaitin həcmini görməli və həmin ödənişi etməlidir. 

Bizim taksi sürücüləri əvvəlcədən vətəndaşı məlumatlandırır ki, filan məsafəyə qədər bu qədər vəsait ödəyəcəksən. Narazılıq yaradan məsələlərdən biri budur. Konkret olaraq siz deyən məsələyə gəldikdə isə bunun həlli növbəlilik prinsipinin tətbiqindən keçir. Çoxsaylı ölkələrin hava limanında olmuşam. 

Taksi xidmətindən yararlanmaq istəyən sərnişin növbədəki sürücüyə yaxınlaşır və getmək istədiyi ünvanı deyib, maşına oturur. Bu vaxtı nə sərnişin əlavə səs- küydən narahat olur, nə də müştəri üstündə taksi sürücüləri arasında dava düşür. Bizim hava limanında isə bu sahədə vəziyyət çox acınacaqlıdır. Aeroportda turisti taksi sürücüləri qarşılayırlar ki, aldadıb artıq pul alsınlar. 

Bu da onlarda Azərbaycan, ümumiyyətlə isə Bakı haqqında pis təəssüratlar yaradır, turizm axınına da mənfi təsir göstərir. Elə sürücülər var ki, adamın ətəyindən yapışır, çantasını məcbur götürüb zorla maşına mindirmək istəyir”.

Şəymən







SON XƏBƏRLƏR

2018-10-20
2018-10-19