2014-08-18 16:40:49   |   538 dəfə oxunub

Əsrin azərbaycanlısı...

O dünyaya qovuşan Cavad Heyət o taylı, bu taylı Vətənin “Varlıq”ı idi



Azərbaycanı ən gözəl şəkildə təbliğ edən, ölkəmizi beynəlxalq aləmə layiqli formada tanıdan vətənpərvər şəxsiyyətlərimizdən biri də ötən həftə aramızdan ayrılan dünya şöhrətli alim, məşhur cərrah, Azərbaycan Yazıçılar Birliyinin üzvü doktor Cavad Heyət olub. Dahi alimin ömür yoluna və fədakar fəaliyyətinə nəzər salan hər kəs C.Heyəti haqlı olaraq xalqın milli və mədəni sərvəti hesab edir.

Həyatı

Cərrah-alim Cavad Heyət Beynəlxalq Cərrahlar Cəmiyyətinin idarə heyətinin və Paris Cərrahlar Akademiyasının üzvü, "Varlıq” dərgisinin təsisçisi, türkologiyaya aid yeddi cildlik kitabın müəllifi, Azərbaycanın müxtəlif universitetlərinin fəxri doktoru və professoru, Türk Dil Qurumunun fəxri sədri, eləcə də İstanbul Universitetinin fəxri doktoru olub. O, 1925-ci il mayın 24-də Təbrizdə soylu, əsli-nəcabəti ilə seçilən bir ailədə doğulub. İlk və orta təhsilini Təbriz, Həmədan və Tehranda alıb və daha sonra tibb təhsilinə başlayıb. Böyük alim və ruhani olan atası Əli Heyət Məşrutə inqilabının iştirakçısı və İran ədliyyəsinin qurucularından olub. Anası isə Hacı Mirzə Məhəmməd Müctəhidi Təbrizinin qızı idi. Şərqin Nəcəf, Qahirə və İstanbul kimi elm və təhsil mərkəzlərində oxuyub araşdırmalar aparan atası Əli Heyət 30 il İran ədliyyəsində işləyib və müəyyən dövrlərdə İranın Baş prokuroru seçilib. Birinci Dünya savaşı illərində (1918) Osmanlılarla birlikdə "İttihadi-islam” cəmiyyətini quran Əli Heyət İran tərəfindən cəmiyyətin rəhbəri olaraq fəaliyyətə başlayıb. 1919-cu ildə bu cəmiyyət naxçıvanlıları ermənilərin şiddətli basqınlarından qurtarıb. Xalqı bu tayda erməni təcavüzündən, o tayda isə dəfələrlə şah qırğınlarından qoruyan Əli Heyətin mötəbər missiyasını daha sonralar oğlu Cavad Heyət davam etdirib. C.Heyət atasının yalnız oğlu deyil, həm də yaxşı tələbəsi olur və millətçilik şüurunu da ilk dəfə ondan alır. Atasının dövlət məmuru kimi tez-tez iş yeri dəyişdirildiyindən Cavad ilk orta və lisey təhsilini Həmədan, Təbriz və Tehran kimi şəhərlərdə alır. Sonra Tehran Universitetinin tibb fakültəsinə daxil olur. Daha sonra İstanbulda təhsilini davam etdirib tibb doktoru olur. Ardınca Parisə gedib cərrahlıq ixtisasını tamamlayır. Daha sonra yüksək dərəcəli cərrah ixtisasına yiyələnərək İrana qayıdır. 40 ildən çox Tehran Universitetində çalışan görkəmli alim Azərbaycan, ingilis, fars, türk və s. dillərinə mükəmməl şəkildə yiyələnir.

Hər iki tayın müdrik ağsaqqalı - Cavad Heyət

Cavad heyət bu gün bütün dünyada və Azərbaycanın hər iki tayında yaşayan insanlarımızın adını qürurla çəkə biləcəyi və bütün dünyaya qürurla nişan verə biləcəyi bir şəxsiyyətdir. Azərbaycan xalqı və mötəbər ziyalılar tərəfindən "Əsrimizin yaşayan Dədə Qorqudu”, "Əsrin azərbaycanlısı” və bu kimi adları qazanan şəxs Cavad Heyət Vətənin Güneyində Mirzə Cəlil kimi xalqını "dilsizlikdən”qurtarmağa, Sabir sayağı "xabi-qəflətdən” oyatmağa, Əli bəy Hüseynzadə təki "ümmətdən millətə” keçməyə, Əhməd Ağaoğlu kimi milli haqlara və əsil islami dəyərlərə yiyələnməyə səsləyirdi.

Cavad Heyət fenomeninin varlığı olan "Varlıq” dərgisi

Ə.Hüseynzadə Azərbaycanda ilk mətbu orqanının yaradıcısı Həsən bəy Zərdabinin xidmətləri haqqında yazanda belə qeyd edirdi: "Aləmi-islam qaranlıqlar içərisində qaldığı zaman, bu adam əlinə məşəl alıb bu qaranlığı işıqlandırdı”. 1980-ci illərdən "Aləmi-islam”ın qaranlıqlarını işıqlandıran məşəli məhz Cavad Heyətin əlində idi. Bu məşəl 32 ildən bəri Tehranda nəşr olunan "Varlıq” jurnalı idi. Tibb sahəsində kifayət qədər dünya nüfuzu qazanmış bir ziyalının 50 yaşından başlayaraq, paralel şəkildə tamamilə başqa bir sahədə, özü də adi ölkələrin birində deyil, siyasi, ziddiyət və gərginliklərdən heç zaman xali olmayan bir ölkədə, İranda fəaliyyət göstərməsinə çox nadir hallarda rast gəlmək olar. Özünün dediyi kimi, daxildən gələn mənəvi ehtiyacdan doğub bu istək. Cavad Heyət 32 il öz vəsaiti hesabına çıxartdığı bu dərgi vasitəsilə İran azərbaycanlılarına Pəhləvi dönəmində az qala yadırğadıqları ana dilini yenidən öyrədib. Soydaşlarımızı milli mədəniyyətinə, tarixinə sahib çıxmağa çağırıb, onlara milli kimliklərini tanıdıb. Bir sözlə, C.Heyət kimi dünya şöhrətli cərrahın, türk dünyasında böyük nüfuz qazanmış böyük şəxsiyyətin, hərtərəfli savada, geniş erudisiyaya malik olan ziyalının həyat qayəsi olan "Varlıq” dərgisi 30 ildən artıq bir zaman ərzində fars rejimində Azərbaycan dilinin və ədəbiyyatının yaşadılmasında mühüm rol oynayıb.

İranda ilk dəfə ürək cərrahiyyəsi və böyrək köçürmə əməliyyatlarını aparan pioner cərrah..

İranda az bir zamanda pioner cərrah kimi tanınan Cavad Heyət 1968-ci ildə ilk dəfə ürək cərrahiyyəsi və böyrək köçürmə əməliyyatlarını aparıb. 12 il "Tibbi bilik” jurnalını nəşr etdirib. Jurnalda onun 70-ə yaxın elmi məqaləsi yayımlanıb. 1976-cı ildə Məhəmməd Rza Pəhləvi səltənətinin 50-ci və İran şahlarının ildönümü ilə bağlı yazı yayımlamadığı səbəbindən jurnal İranın Təhlükəzlik Orqanı tərəfindən qapadılıb. C.Heyət bütün həyatını və fəaliyyətini əsasən cərrahlığa, həmin sahə üzrə araşdırmalara sərf edərək, İranda nəzəri və eksperimental cərrahiyyənin əsasını qoyub. Elmi-nəzəri və əməli uğurlarına görə, 1983-cü ildə Paris Beynəlxalq Cərrahlıq Akademiyasının üzvü seçilib. Uzun illər Tehran Azad İslam Universitetinin Cərrahlıq kafedrasının müdiri və Beynəlxalq Cərrahlar Cəmiyyətinin İran nümayəndəsi olub. Bütün bu şərəfli və nadir uğurlarla yanaşı, C.Heyət millət sevdalısı kimi bir titul da qazanıb. Doktor Cavad Heyətin irsən qazandığı vətən təəssübkeşliyi son 20 ildə Şimali Azərbaycanda xalqın başına gətirilən müsibətlər, Qarabağ sindromu ilə həyata keçirilən azərbaycanlıların soyqırımı bu narahat ürəyin sahibinə dinclik verməyib. Həmin milli faciənin qarşısının alınması üçün hər vasitəyə əl atan, İrandakı Qarabağ Müsəlmanlarına Yardım Komitəsinin sədri Cavad Heyət dünyanın bəzi dövlət başçılarına, o sıradan İran və Türkiyə prezidentlərinə dəfələrlə müraciətlər edib.

"Öldürülənlərin şərqisi” əsərindəki doktor Cudi

C.Heyətin İrandakı bir çox azərbaycanlı aydınların, ziyalıların boynunda haqqı çox olub. Yeri gələndə onlara təbib kimi qulluq göstərib, müalicə edib. Bəzən də onları azərbaycanca yazıb-yaratmağa həvəsləndirib. Doktor Cavad Heyət Pəhləvi rejimi ilə silahlı savaşda yaralanan, İranda modern həyatı formalaşdıranlardan biri, istedadlı şair Əlirza Nabdilin son anlarını görüb, ona təsəlli verib, yaralarını sarıyıb. Digər iki həmyerlisi, ömrünün sonlarında Fransada yaşayıb yaradan istedadlı nasir, dramaturq Qulamrza Səidi və Kanadada dissident yazar kimi yaşayan və ədəbi fəaliyyət göstərən, dəfələrlə Nobel mükafatına təqdim olunan ünlü yazar, tənqidçi Rza Bərahəni ilə dostluq münasibəti qurub. Onlara əsərlərini azərbaycanca yazmağı tövsiyyə edib. Doktor Heyətin həyata 29 yaşında hayata gözlərini yuman Ə.Nabdil ilə bağlı söylədiyi xatirələr və onunla xəstəxanadakı görüşləri Rza Bərahəninin yazdığı "Öldürülənlərin şərqisi” adlı romanında əks olunub. Bu romanda doktor Cavad Heyət doktor Cudi kimi təsvir olunub. Əsərlərinin az hissəsi ana dilində olsa da, bu iki ünlü yazarın əsərlərinə Cavad Heyətin sayəsində həmişə millilik ruhu hakim olub. Bu ruh onların yaratdıqları qəhrəmanların xarakterində, təfəkkür və davranışında aydın sezilib. Dahi şairimiz Məmmədhüseyn Şəhriyarla və Səhəndlə məslək və könül yoldaşı olan doktor Heyət onları da ana dilində yazmağa təşviq edib. Şəhriyar məşhur Azərbaycan türkcəsində yazdığı şeirdən sonra "cəzalandırılıb” yatağa düşəndə onu Təbrizdən Tehrana çağırıb və 6 ay ərzində evinin birinci qatını ona ayıraraq, şairlə hörmətli qonağı kimi ilgilənib.

Süleyman Dəmirələ yazılan kədər dolu tarixi məktub..

Onun 1993-cü ildə böyük ürək ağrısı ilə Türkiyənin sabiq prezidenti cənab Süleyman Dəmirələ yazdığı açıq məktubdakı bu sözləri həyəcansız oxumaq mümkün deyil: "Mən bu sətirləri göz yaşlarımın qarşısını ala bilmədən yazıram və bu anda Allah-Təaladan xalqımıza qurtuluş, ya da özümə ölüm istəyirəm”.

Cavad Heyət həmin məktubda Azərbaycanı düşdüyü indiki fəlakətli vəziyyətdən çıxarmaq üçün səyləri gücləndirməyə, "böyük dövlətlərin silahları ilə təpədən-dırnağadək silahlanmış ermənilər qarşısında azərbaycanlıları müdafiə edib soyqırımına mane olmağa çağırıb. Doktor Heyətin və eləcə də digər müəlliflərin Şimalla bağlı yazılarında Qarabağ problemi və 20 Yanvar faciəsi dərginin aparıcı və ən yanğılı mövzularından olub. C.Heyətin Dəmirələ yazdığı açıq məktub xalqına qurtuluş yolları arayan vətəndaş yazıçının arxasında böyük dövlətlərin durduğu erməni işğalına qarşı dünya ictimaiyyətinə etiraz səsi və ədalətli tələblərinin ifadəsi idi. Məktubda azərbaycanlıların başına gətirilən bugünkü faciələr açıqlanır və göstərilir ki, "məmləkətimizin başına gətirilən bu faciə böyük bir millət və ya güclü bir dövlət tərəfindən deyil, bütün tarix boyu himayəmiz altında dolanan və ədalətimiz sayəsində bütün insani haqlardan faydalanan ermənilər tərəfindən açılıb. Şəxsən Süleyman Dəmirələ ünvanlanmış və surəti xarici işlər naziri doktor Əliəkbər Vilayətiyə göndərilmiş olsa da, əslində həmin açıq məktubun müraciət obyekti qat-qat geniş olub. Müraciətdə deyilir: "Silahsız, ordusuz və əsarətdən yenicə çıxmış qardaşlarımızı yalqızmı buraxmalıyıq? Erməni-daşnak ordusunun onların yurdlarına həyasızcasına təcavüzünə, qadın və kişilərini, qoca və uşaqlarını acından öldürmələrinə tamaşaçımı qalacağıq? Bu, bizlərin şərəfinə, türklüyə və müsəlmanlığa, nəhayət, insanlığa yaraşarmı?”

Cavad Heyət kimi vətənpərvər şəxslərin sayəsində 20 Yanvar faciəsini Güneydə, eləcə də Tehranda azərbaycanlılar milli fəlakət, milli faciə kimi qarşıladılar. Güney Azərbaycandakı bu kədər və iztirablar əks-sədasını "Varlıq”ın səhifələrində tapdı. Dərgi yazırdı: "Ölkənin namuslu xalqının uzun əsrlərdən baş alıb gələn milli-tarixi istəklərinə ədalət və məntiq ilə cavab vermək yerinə güllə və tankla cavab verildi...”.

Güneydə Azərbaycan dil və milli mədəniyyətinin qoruyucusu olan dərgi..

Doktor Cavad Heyətin azərbaycançılığı, bütöv Azərbaycan mədəniyyətinin tarixi missiyasını düzgün hiss etməsi, nəhayət, onun bu mənəvi sərvəti bütün xalqın malı etmək uğrunda mübarizəsi tam gücü və dolğunluğu ilə ustadın dərc etdiyi "Varlıq” jurnalı və bu dərginin nəşrində öz təcəssümünü tapıb. 1978-1979-cu illər İran inqilabının qələbəsindən və İran İslam Cümhuriyyətinin elan edilməsindən dərhal sonra 1979-cu ilin aprelindən nəşrə başlayan "Varlıq” jurnalı yardıma ehtiyacı olan Güney Azərbaycandakı mədəni həyatın bütün sahələr üzrə inkişaf yollarının hamarlanması məsələləri və onun bölünməz mədəniyyətinin problemlərini özündə əks etdirib. Pəhləvi diktaturası dövründə açıq assimilyasiya siyasəti tüğyan etdiyi vaxtlarda M.Ə.Fərzanə və digərlərinin şifahi xalq ədəbiyyatı, başqa sözlə, ağız ədəbiyyatı nümunələrini toplayıb saxlamaq, qismən də olsa, nəşr etmək böyük fədakarlıq tələb edirdi. İlk saylarından "Varlıq”ın səhifələrində həmin müəlliflərin bu sahədə araşdırmalarının tədricən oxuculara çatdırılması özü xalq qarşısında böyük xidmətdir. Cavad Heyətin "Varlıq” dərgisi Azərbaycanın müasir həyatında önəmli bir hadisədir. Onun fəaliyyəti həm İrandakı, həm də Quzey Azərbaycandakı azərbaycanlıların milli şüurunun formalaşmasında mühüm amillərdən biri kimi qiymətləndirilməlidir. Cənubda və Şimalda da 80-ci illərin ikinci yarısından etibarən vüsət almış milli azadlıq və demokratik hərəkatımızın köklərindən bir qismi də "Varlıq”a, onun naşiri və yazarı, bir sözlə, canı və ruhu Cavad Heyətə gedib çıxır. "Varlıq”da, xüsusilə Cavad Heyətin özünün məqalələrində bütöv Azərbaycan xalqının milli dediyimiz həmin şüurunu qidalandıra biləcək mövzuların əksəriyyətinə toxunulub. Bu məqalələrdə C.Heyət həm dilçi, həm də tarixçi kimi görünür. O, Azərbaycan dil, ədəbiyyat və tarixinə olan marağını belə açıqlayır: "İstanbulda tibb tələbəsi ikən türk ədəbiyyatı və tarixi ilə maraqlandım. Türk tələbələri tarixlərini və milli ədəbiyyatlarını çox yaxşı bilirdilər. Bu, məndə qibtə hissi oyadırdı. Və tarixi və ədəbiyyat tarixlərini oxumağa başladım. İnqilabdan sonra ana dilimizdə kitab və mətbuat nəşr etmək azad olduğu üçün "Varlıq” dərgisini çıxartmaq şərəfi mənə qismət oldu. Əlbəttə, biz bu işi yazıçılar heyətimizi təşkil edən bir neçə qələmdaşımızla aparmışıq”. C.Heyətin elmi-publisistik fəaliyyətində İranda Azərbaycan tarixini məqsədəyönlü şəkildə saxtalaşdıran, dünya ictimai fikrini azdırmağa çalışaraq xalqımızın tarixi ilə əlaqədar əsassız iddialar irəli sürən müxtəlif fikir sahibləri ilə cəsarətli mübarizə mühüm yer tutur.

(Ardı var)

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb






SON XƏBƏRLƏR

2018-11-20
2018-11-19