2018-10-02 11:52:40   |   320 dəfə oxunub

38 ildir səsi ilə yaşayan MƏLƏK

"Bizi mətbuatdan uzaq salan şou aləmi oldu"

Mələkxanım Əyyubova: "Məni şou xarakterli verilişlərə dəvət edəndə deyirəm ki, nə olar, imkan verin biri saf qalsın, nümunə gətirməyə sənətçi adı çəkə bilək"




Bəzən insanın adı onun xarakterinə, həyatına, yaşam tərzinə, hətta çöhrəsinə təsirsiz ötüşmür. Bununla artıq dünya alimləri də, sosioloqlar da, müdrik insanlar da razılaşır. Dünyaya gələrkən bizə verilən adlar elə ömür yolumuzun hər səhifəsində izini qoymuş olur. Onun adı da könül dünyasının paklığından xəbər verir - Mələkxanım! Xanım-xatun çöhrəsində mələk xanım olduğunu görmək heç də çətin deyil. Ya da sadəcə, ifasında bir musiqini eşitmək bir mələyi dinləmək qədər gözəl hisslər yarada bilir insanda. Söhbət Azərbaycan səhnəsində bənzərsiz səsi, əxlaqı, yüksək mədəniyyəti ilə seçilən, sənətə gəldiyi gündən bu günə qədər qadın adını yüksək tutmağı bacaran Xalq artisti Mələkxanım Əyyubovadan gedir. Onun səhnədə öz çəkisi, nüfuzu, xüsusi yeri var. Mələxanım Əyyubova barədə yazı hazırlayarkən məsuliyyət də hiss edirsən. Çünki yazdığın hər kəlməni seçmək lazımdı. Sənətinə verilən dəyərə uyğun kəlmələr, xanımlığına layiq ifadələrlə söhbətə başlamaq istədik. Ondan yazmaq məsuliyyətli olduğu qədər də çətindi. Ona görə çətinlik çəkirsən ki, «xanəndənin sənətindən daha çox məlumat versək, düz olarmı», ya xanım-xatun bir qadından danışmaq lazımdı?» deyə sualla üz-üzə durursan.

 Sənətindən danışıb xanımlığını qeyd etməsək, haqsızlıq etmiş olarıq. 

Xalq artisti Mələkxanım Əyyubovanın evinin qonağı olduq. Sənətindən də söhbət açdıq, xanımlığından da danışdıq. 38 il səhnədə ləkəsiz, pak, əxlaqı ilə əsl Azərbaycan qadınının adını daşımağa layiq olan xanəndəmiz bəlkə də ilk dəfə könül pıçıltılarını dilə gətirdi. Adətən susan xanəndə bu dəfə sükutu pozub dilə gəldi, həyatın acımasız tərəflərini «Şərq»lə bölüşdü.

- Mətbuatdan uzaq qalmağa üstünlük verirsiz. Bu günə qədər də sənət aləmində baş verən söz-söhbətlərdən həmişə kənarda qalıb, susmusuz. Çətin deyilmi bu qədər susmaq?

- Bilirsiz, əvvəllər mənim haqqımda mətbuatda o qədər maraqlı yazılar dərc edilib ki, hər bir ifam, qastrol səfərim xüsusi qeyd edilirdi. O zamanlar mətbuat daha ciddi qəbul olunurdu. Niyə bu gün mətbuatdan uzağam? Bizi mətbuatdan uzaq salan şou aləmi oldu. Dövlətimizi, muğamımızı yüksək səviyyədə təbliğ edirik. Müsahibə verirsən, sənətlə bağlı danışdıqların bir kənarda qalır, təsadüfən çaşıb bir kəlmə işlədirsən, yozub bir başlıqla onu təqdim edirlər ki, müsahibə verməyə peşman olursan. Sənin o gördüyün işlər, uğurların hamısı bir kəlmə mənasız sözün kölgəsində qalır. Ona görə mətbuatdan uzaq qalıram. Qorxuram ki, qazandığım hörmətə xələl gələr. Yoxsa kim istəməz ki, onun uğurları barədə yazılmasın, deyilməsin. Təvazökarlıq da bəzən yaxşı xüsusiyyət deyil. Sənətkarların təvazökarlığı sənətdə istedadı olmayan ifaçıların yolunu açmağa imkan yaradır. Biz susduqca, onlar danışıb söz sahibi olublar. Biz qorxub susmuruq, abrımıza bükülüb danışmırıq. İstəyirəm efirdə bir yaxşı verilişə çıxım, baxıram ki, bir yaxşı veriliş də yoxdu. Bəs mən nə zaman danışmalıyam? Sənətimi harda təqdim etməliyəm?

- Sosial şəbəkələrin varlığı sizin yaradıcılığınıza təsir etdimi? Yaşam tərzinizə sirayət etdimi? Əvvəllər sənət adamları əlçatmaz idi, yalnız efirdə onları görmək imkanı olurdu. Sosial şəbəkələr sənət adamlarını əlçatan etdi. Kim onlara söz demək istəsə deyə bilir…

- Təbii ki, təsirsiz ötüşmədi. Səmimi söhbət edirik. Tahirə xanım, sizinlə illərdi təmasdayam, sənətim barədə dəfələrlə maraqlı məqalələr hazırlamısız. İndi sual verirsiz, bu sualı düşünəndə çox kövrəlirəm (doluxsundu). Hətta ərklə xalqımdan inciyirəm.

- Uman yerdən küsərlər, deyiblər…

- Xalqımız sənətkarına qiymət verəndir. 38 ildir səhnədəyəm. Bu illər ərzində ancaq xalqımdan hörmət görmüşəm. Universitetə daxil olan gündən professional səhnədə olmuşam. Tələbəliyimi rahat yaşamadım. Tələbəliyimin ilk günlərindən xalq məni tanıdı, efirdə oldum. Yəqin səsimə ehtiyac duydular. O zamanlar folklor sənəti təqdim edilmirdi. Milli geyimdə səhnəyə çıxan xanım xanəndə ilk mən olmuşam.

- 38 il əvvəl mən balaca bir qızcığaz idim. Evimiz İçərişəhərdə yerləşirdi. İrs Folklor Teatrı da İçərişəhərdə fəaliyyətə başlamışdı. Daş hasarların arasından, dar pilləkənlərlə muğam teatrına enirdim ki, hər dəfə milli geyimdə sarışın qızın ifalarını dinləyim. Milli geyimdə bir xanımın ecazkar ifası uşaqlıq xatirələrimin ən yaddaqalan anı idi. Çox sonralar bildim ki, mən Mələkxanım Əyyubovanı dinləməyə gələrdim.

- Siz danışdız, xəyallara daldım, kövrəldim. Həqiqətən o zamanlar milli geyimdə İrs Folklor Ansamblında fəaliyyətə başlamışdım. Sonralar ora muğam teatrı oldu. O illər həqiqətən saf, səmimi idi. İnsanlar sənətkara əlçatmaz olaraq baxırdı, qiymətləndirirdi. Bu gün də sənətə dəyər var. Sadəcə sosial şəbəkələr sanki cəmiyyəti zombiləşdirib, aqressivləşdirib. İnsanlarda soyuqluq, sərtlik yaranıb. Bəzən insanlar sənin də haqqında elə sözlər deyirlər ki, abrına bükülüb mat qalırsan. Yəni mənim barəmdə deyilir bunlar? Axı mən o deyilən xanım deyiləm. Sənət adamları kövrək olur. Bu gün sənətə gəlmək o qədər asan olub ki... Biz səhnəyə asanlıqla gəlməmişik. Biz olmazları özümüzə qadağa qoymuşuq. Olmaz deyib, gündəlik həyatımıza məhdudiyyətlər yaratmışıq. Ailəylə dincələrkən belə ehtiyat etmişik ki, kənardan necə görünərik. 

Xalqı düşünmüşük ki, birdən barəmizdə yanlış düşüncə yaranar. Bu hərəkətim səhv qəbul olunar. Mən əlimə şirə alıb içməmişəm ki, birdən onu yozarlar, qədəhdə içki kimi qəbul edərlər. Görün nə qədər incəliklərə toxunuram. Biz insanıq, robot deyilik. Amma 38 ildə sənətimə, xanımlığıma qarşı məsuliyyətli olmuşam ki, barəmdə yanlış düşüncə yaranmasın. Sənətə gəlişim də fərqli olub. Ayrı bir həyat tərzi ilə səhnəyə gəlmişəm. Həyat yolum başqa olub. Mənim üçün ailə dəyərləri vacib olub. Əks cinsin nümayəndələri ilə görüşəndə əl belə verməzdim ki, birdən kənardan xoş görünməz. Ancaq düşünmüşəm ki, nə deyərlər? Mən özümü, adımı, xanımlığımı qoruya-qoruya 38 il sənətdə duruş gətirmişəm. İndi kimsə istədiyi vaxt sənin barəndə söz demək cəsarətini özündə tapır. Sənin ailənin içindən xəbəri yoxdu, sənin həyat tərzindən çox-çox uzaqdı, amma istədiyini deyə bilir. Sosial şəbəkələrdə kim nə istəyir demək haqqı tapır. Hansı haqla axı? Heç bir haqqı olmadan damğa vurmağa çalışır. Mən 38 ildə heç vaxt belə təpkilərlə üzləşməmişdim.

- Bir müddət onu da deyirdilər ki, qardaşınızın, bacınızın uşaqlarına dəstək olmursuz...

- Məni körpə vaxtımdan bibim saxlayıb. Bunu hər dəfə qeyd edirəm. Bibimin övladı olmayıb, məni saxlayıb, Bakıda böyümüşəm, qardaşlarım, bacılarım rayonda yaşayıb. Gənclik illərimdən tanındım. Bu illər ərzində də heç vaxt diqqətimi, qayğımı ailəmdən əsirgəməmişəm. Tanınmış olmağımın istər-istəməz rayonda yaşayan bacımın, qardaşımın həyat tərzinə təsiri olub. Onlara sirayət edib. Yaxşı mənada onlara təsirsiz ötüşməyib. Mən onlardan yaşda kiçik olsam da, tanınırdım deyə rayon rəhbərliyindən tutmuş insanlara qədər ailəmə hörmət edirdilər ki, bizim rayonun fəxridir. Kimdir bu ailə? Mələkxanım Əyyubovanın bacısı, qardaşı. O zamanlar rayondan ali məktəblərə göndərişlər olurdu. Mənim doğmalarıma da mənə görə dəstək oldular, Bakıya universitetə oxumağa göndərdilər. Bu dəstək deyildi? Bu onların həyatına təsir etməyib? Qardaşımı sonralar Şamaxıda mədəniyyət idarəsinin müdiri qoydular, bacımı Səadət Sarayının rəhbəri təyin etdilər. Bu günə qədər də bacım rayonda vəzifədədir, muzey müdiridir. Əliyaqub qardaşım, Ramal İsrafilovun atası sonradan işdən özü çıxdı ki, mən rəsmiyyəti sevmirəm, xalqın içində olmaq istəyirəm, toylara getdi. Qardaşımın uşaqlarına, Ramala, Valehə, Vüsala dəstək olmuşam. Bacımın balası Mirkamili Bakıya gətirdim, Konservatoriyaya daxil olmasına dəstək oldum. O müəllimə tapşır, bu dostdan xahiş etdim ki, kömək ol, o bəstəkara zəng etdim ki, bu uşağa mahnı ver, ondan muğayat ol. Bunlar dəstək deyil? Mirkamil üçün restoran sahibindən xahiş etdim ki, gəlib orda oxusun, bir tikə çörək qazansın. Vacib deyil ki, mən gündə min manat onların cibinə pul qoymalıyam. Bəs bunlar dəstək deyildi nə idi? Deyirlər heç nə etmir. Siz bizim ailənin içindəsiz? Mən onlara deyirəm ki, balam, heç yerdə deməyin, onlar da demirlər. Susuram, deyirlər xəsisdi. Elə deyil axı. Mirkamil efirə çıxanda, müsabiqədə iştirak edəndə də ona dəstək olmuşam, səhnəyə çıxarkən onun geyimini belə özüm yuyub ütüləmişəm, geyindirmişəm, birinciliyə qədər gətirib çıxartmışam. Ramalı Konservatoriyaya düzəltdim, Vüsala Gimnaziyaya daxil olsun deyə dəstək oldum. Bibi daha nə etməliydi? Toylara gedən, bir az da ərköyün uşaqlardı, dərsə getmədilər, müəllimlərindən xahiş edirdim, Mələkxanımın sözündən keçə bilmirdilər. Bunları kim edib? Ramalı bir bəstəkar kimi tanıtmaq üçün dəstək oldum, sənətçilər bilirdilər ki, mənim doğmalarımdı, etibar etməyə başladılar onlara. Bunun adı dəstək deyil?

- Pedaqoq kimi də fəaliyyətiniz olub...

- Bəli, ilk xanım xanəndəyəm ki, pedaqoq kimi çalışmışam. Konservatoriyada da, Gimnaziyada da çalışırdım. Əvvəllər nə Konservatoriyada, nə də İncəsənət Universitetində muğam kafedrası var idi. İncəsənət Universitetində muğam kafedrası açıldıqda məni dəvət etdilər. Mən artıq iki yerdə işləmək istəmədim. İncəsənət Universitetində fəaliyyyət göstərməyə qərar verdim. İstəməmişəm ki, tələbə ilə xaltura edim. İki yerdə dərs demək üçün zamanım yetməzdi. İstəmədim tələbələrim məni gözləsin. Mən bir gün dərsə gedim, digər gün çatdırmayım. İlk gündən də müəllimlərimə necə sadiq olmuşamsa, bu gün də o sadiqliyimi qorumuşam. Mən kimsənin haqqını yeməmişəm. Mənə səhnədə zərrə qədər dəstəyi olanın da adını hörmətlə çəkmişəm, sağ qalanlara hörmət, ölənlərə rəhmət istəmişəm. Tələbələrimə də valideyn olmuşam. 

Kim mənim bu doğmalığımı anlayıb sağ olsun, kim də danır, Allahı bilsin. Mən valideyn kimi onların üzərində əsmişəm. Əslində mən müəlliməyəm, gəlib dərsimi deyib getməliyəm. Amma tələbələrimə həm maddi, həm də mənəvi dəstək olmuşam. Hər dövrün çətinliyi olub. Tələbələrimi xaricə də aparmışam, səhnəyə də çıxartmışam. İndi kim mənim etdiyimi danır, bu onun öz qabiliyyətidir. Mənim ustadım Qulu Əsgərov 30 ildir dünyasını dəyişib. Tələbəsi kimi hər 5 ildən bir, onun yubiley gecəsini möhtəşəm şəkildə qeyd edirəm. Yubiley keçirtmək o qədər də asan deyil. Muğam Mərkəzində yubiley keçirtmək nə qədər məsuliyyətli, nə qədər çətindir. İstər mənəvi, istərsə də maddi baxımdan bunu həyata keçirmək üçün güc lazımdı. Böyük bir ansamblla o gecəyə hazırlıq, rejissor işi, qonaqlar, bunları tənzimləmək asan görünməsin.

- Bunlardan danışan olmadı?

- Bunlardan danışan olmayacaq. Çünki onlar üçün maraqlı deyil. Deyəcəklər ki, Mələkxanım pis müəllimədir, xəsis insandı. Sənətə illərimi vermişəm. Mən elə-belə professor olmamışam. Ali təhsil ocağında ilk qadın muğam dərsi verən və professor adını qazanan xanəndə mən olmuşam. Bundan kimsə yazmaz, deməz. Müəlliminə 3-4 yubiley keçirdən tələbə də mənəm. Bunu nəyə görə etmişəm? Ona görə etmişəm ki, örnək olaq. Ustadlarımızın zəhmətini dəyərləndirək.

- Gənc yaşlarından ailə qurdunuz. Necə oldu həyat yoldaşınızla tanış oldunuz?

- Mən çox gənc, hətta uşaq ikən peşəkar səhnədə oldum. Ailə qurarkən də səhnədə tanınırdım. Yoldaşım uzaq qohumumuz olub. Amma Bakıda yaşadığım üçün uşaq yaşlarından biri-birimizin evinə gedib, gəlmişik. O həm də mənim uşaqlıq dostum olub. Hələ uşaq ikən ailə məni çox istəyirdi. Bilinmirdi ki, gəlinləri olacam, amma o sevgini hiss etmişəm. Əslində uşaq yaşlarımdan həyat yoldaşım məni gözaltı edib, mötərizəyə alıbmış. Qismət. Onlar çox ziyalı ailədirlər. Mənə dəstək, dayaq oldular. Mənə inam, etibar edirdilər. O inam məni səhnədə dik saxlatdı.

Möhlət Müslümov: "Mələkxanımın səhnədə əziyyətləri mənim gözümün önündə olub"

Xalq artisti Mələkxanım Əyyubova haqqında «Şərq»ə danışır.

İllərin dostluğu, 38 ilin səhnə paylaşımı imkan verir ki, səhnəmizin xanım-xatun xanəndəsi barədə bilmədiklərimizdən danışsın.

«Mələkxanım Əyyubovanın atası aşıq Məzahirlə gözəl dostluğum olub. O zaman bilmirdim ki, Mələkxanım adlı qızı var. Mənə dedi ki, qızımın gözəl səsi var, onunla çalış. Mən Mələkxanımın yoldaşı Xosrovun ailəsi ilə də yaxın olmuşam. Bakıda gəlib İrs Folklor Ansamblında Mələkxanımı tapdım. İfasını dinlədim. O vaxtlardan bu günədək bir yerdə çalışmağa başladıq. Gözümün qabağında Xosrovla nişanlandılar, evləndilər. Yəni ailənin yaxını olmuşam. Mələkxanımın səhnədə əziyyətləri mənim gözümün önündə olub. Ən ağır muğam dəsgahlarını lentə aldırıb. Ən böyük solo konsertləri mənim rəhbərliyimlə reallışıb. Xarici qastrol səfərlərinin sayı-hesabı yoxdu. Hərdənbir Mələkxanıma deyirəm ki, sən mənim həm anamsan, həm bacımsan, həm dostumsan. Onun barəsində inanın, günlərlə danışaram, bəs etməz. O qədər gözəl qəlbə sahib bir insandır ki, yaxınlarının, doğmalarının başı ağrısa, yanında olur, kömək edir. Gözəl ailə başçısıdır, mükəmməl anadır, sadiq dostdur. Xanımlığına hər zaman hörmət edən bir insandır. Sənət aləmində onun qədər qadınlığına, xanımlığına məsuliyyətlə yanaşan sənətkar bəlkə də olmayıb. Hər addımına nəzarət edən bir qadındır. Sənət aləmində xanım xanəndələr arasında onun qədər milli musiqimizin inkişafı üçün zəhmət çəkən xanəndə az olub. Onlarla tələbəsi olub, onlara analıq edib. İndi dünən yerindən durub bir az tanınan kimsə, Mələkxanım Əyyubova barədə söz deyə bilməz. Buna indi gələn ifaçıların haqqı çatmır. Axı onun qədər Azərbaycan musiqisinə töhfə verən olmayıb. Mələxanım xanımlığı ilə də seçilib. İz qoyub, gənc xanım xanəndələr üçün bir körpü açıb ki, sənətçi ilə ailə qurmaq olar. Mələkxanım həqiqətən adını elə belə daşımayıb. Onun mələk kimi kövrək qəlbi var. Mən onunla qastrol səfərlərində yol yoldaşı olmuşam. 40 ilə yaxındı onunla bir yerdə səhnədəyik. Bu insan səhnədə səliqəsi, mədəniyyəti, xatunluğu, məsuliyyəti ilə imzasını qoyub. Ulu öndər Heydər Əliyevin ən çox bəyəndiyi xanəndələrdən biri olub. Səbəbsiz yerə 40 ildə xalq onu sevməyib. O, bu sevgini qazanıb. İndi kimsə onun barədə rahatlıqla fikir söyləyə bilməz. İnsanın dili yanmalıdır ki, onun kimi illərini sənətə verən, xanımlığına xələl gətirmədən səhnədə duruş gətirən xanəndə barədə mənfi fikir söyləsin. Nə qədər vicdansız olmalısan ki, Mələkxanım Əyyubovaya dil uzada biləsən. Mən onun yaxın dostu olduğum üçün demirəm. Mən vicdanına baxıb rahat ola bilmək üçün bunları deməyə məcburam. Əslində Mələkxanım xalqın gözündə o qədər sevgi qazanıb ki, onu söz-söhbətlərlə nüfuzdan salmağa gücləri çatmaz. Mən onun xeyirxahlıqlarının şahidi olmasam, susaram. Tələbələrini özü ilə qastrol səfərlərinə aparıb, sarayda konsertlərə çıxardıb, onlara yeri gəlib maddi dəstək göstərib. Mən ona mələk qəlbli insan kimi baxmışam həmişə. Bircə onu deyə bilərəm ki, Allahsız olasan ki, onun adını dilə gətirib pis düşüncəyə sahib olasan. Mən bu günlər ərzində istədim mətbuatda o qıza da cavab verim. Mələkxanım icazə vermədi. Axı o qıza olunan yaxşılıqlar gözümün önüdə olub. Mələkxanım sıradan bir sənətkar deyil. Sən ustadına necə dil uzada bilərsən? Ayıb deyil? Nə sənətin, nə yaşın, nə də statusun imkan verir ki, Mələkxanım Əyyubova barədə fikir bildirəsən. Hansı haqla? Mən sual verirəm, o cəsarəti sənə kim verib? Sən hələ sənətdə yeni addımlayırsan. Əməkdar artist adını almaq sənə hələ o səlahiyyəti verməyib ki, ustadına dil uzadasan. Hələ də belə xanım haqqında. Ustadına kəm baxanın gözlərinə qan damar. Bu söz elə-belə deyilməyib, böyük hikməti var. Sən ustadının zəhmətini necə unuda bilərsən? Bundan sonra sənə kim hörmətlə yanaşar? Ustadının üzünə qayıdan səhər hər kəsin yaxşılığını unuda bilər. İnsan dünəni unuda bilməz. İnsan böyüklərinə, ustadına, ona dəstək olanlara üz döndərirsə, demək ki, Allahına üz döndərir. Çünki Allahından qorxan haqsızlıq etməz. Mələkxanım Əyyubova illərlə öz namusu ilə hörmət qazanıb xalqın gözündə, abır, ismət, namus simvolu kimi sənət aləmində ad qazana bilib. Hər xanım bu nüfuza sahib ola bilmir. O bunu alın təri, əxlaqı, mədəniyyəti, tərbiyəsi, xanım-xatunluğu ilə qazanıb».

Tahirə Məmmədqızı
(Davamı gələn sayımızda)








SON XƏBƏRLƏR

2018-10-16
2018-10-15