2018-10-08 11:40:27   |   619 dəfə oxunub

İngilis qapıya qol vurur, Mədətov təpik...

“Arsenal” yarı gücü ilə oynadığı üçün “Qarabağ”ın tarixi nəticə qazanmağa şansı var idi

Ayaq üstə məglubiyyətə əl çalmaq SEVMƏK deyil



Ötən günlərdə  Avropa Liqasında qrup mərhələsi çərçivəsində ikinci turun görüşləri keçirildi. Avro-kuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi "Qarabağ” E qrupunda növbəti oyununa çıxdı. Cari mövsümdə qrup mərhələsində ilk ev qarşılaşması keçirən komandamızın rəqibi İngiltərə "Arsenal”ı oldu. Təkcə qrupun deyil, turnirin əsas favoritlərindən olan London klubu oyuna ikinci heyətlə çıxmışdı. Komandanın əsas heyətinin 6 əsas futbolçusu, ümumiyyətlə Bakıya gəlməmişdi. Bütün oyun boyu vəziyyətə nəzarət edən təcrübəli "Arsenal” "Qarabağ”a ciddi şans vermədi. Londonluların 3 hücumu ağdamlıların qapısına qol vurulması ilə nəticələndi. 
Beləliklə, "Qarabağ” dalbadal ikinci oyunda da uduzaraq, qrupda sonuncu yerdə qərarlaşdı. İki oyunda 6 xal toplayan "Arsenal” isə qrup liderliyini qorudu. Milli komandamızın məğlubiyyəti Azərbaycan futbolsevərləri, xüsusən sosial şəbəkə istifadəçiləri arasında ziddiyyətli müzakirələrə səbəb olub. Feysbukda futbolun nəticəsi ilə bağlı fərqli münasibət bildirən ictimaiyyət nümayəndələrinin bəziləri oyunçuları, digərləri məşqçini və hakimi, başqa bir qrup isə fanatları təhlil və tənqid ediblər.

Məsələn, Ataş Sultanov adlı feysbuk istifadəçisi uduzan komandanın alqışlanmasına etirazını bildirib.
 
O yazıb ki, "Qarabağ” komandası "Arsenal”ın ikinci heyətinə 0:3 hesabı ilə uduzub, ancaq bütün jurnalistlər ayağa duraraq əl çalır, alqış yağdırırlar: "Mən ağdamlıları başa düşürəm, fanatları da başa düşürəm, onların bütün hallarda təəssübkeş olmağa haqqı var. Amma jurnalistlər niyə emosiyanı kənara qoyub oyunu ciddi, soyuq başla və ədalətlə analiz etmirlər?! Ya savadsızdırlar, ya da təmənnalı. Bunun başqa adı yoxdur. Biri yazır ki, "Oyuna görə Qurbana yağlı 5”, o biri yazır "əla, gözəl oyuna görə təşəkkür”. Mən yalnız bizdə görürəm ki, məğlubiyyəti alqışlayırlar. Rusiya və Avropa mətbuatına baxdım, qısaca yazıblar ki, "Arsenal” asan qələbə qazandı. Bunlar başa düşmür ki, "Qarabağ”a hər kəs azarkeşlik edir, dünən mən də qol imkanları qaçırılanda divana təpik vurmaqdan mebeli korlamışam. Mxitaryanın komandasını udmağın ikiqat yeri olardı. Amma olmadı. Niyə? Bu suala cavab axtarsaq, ədalətli tənqid etsək, nə olacaq ki? Tənqid olmasa, inkişaf olmayacaq. Dünyanın ən brend restoranlarının, top futbolçuların, klubların, şirkətlərin belə tənqidçiləri var. Biz "Qarabağ”ı sevirik, amma sevdiyimizi tənqid edə bilmərikmi? Qapımıza qol vuran Emil Smitin adı heç klubun saytındakı komandanın siyahısında yoxdur. Uduzmaq ayıb deyil, öyrənməmək ayıbdır”. Azarkeşin fikrincə, dünənki oyunda "Arsenal” yarı gücü ilə oynadığı üçün "Qarabağ”ın tarixi nəticə qazanmağa şansı var idi: "Əfsuslar olsun ki, nə futbolçularımızın ustalığı, nə də baş məşqçinin seçdiyi taktika buna imkan vermədi. Ağıllı və strateji futbol yox idi, emosional, hay-küy futbolu var idi”.

Statusun altına şərh yazan "Düşüncə” Gənclərin İnkişafına Dəstək İB-nin sədri, "Azertac”ın əməkdaşı Emil Hüseynli də bu fikri dəstəkləyib: 

"Tam doğru mövqedir. Həmişə deyirəm ki, bizim nə tərifimiz, nə tənqidimiz yerində deyil. Bir şeyi anlamalıdırlar ki, sənin kimi mövqeyi olan şəxslər yalandan məddahlıq edən "qarabağsevərlərdən” daha çox "Qarabağ”ı sevirlər. Tam səmimi deyirəm, bu oyunla noyabrın 8-də Poltavadan hansı nəticə ilə evə qayıdacağımızdan qorxuram. Dostlarımız inciməsin, vallah, televiziya şərhçilərinin şərhinə baxırsan, bir sağlam tənqidi sitata rast gəlmirsən. Yazarlara baxırsan, əksəriyyəti hələ sovet şinelindən çıxmayıblar, ancaq ayaq üstə əl çalmaqla kifayətlənirlər. Mən yaxınlarda Minskdə səfərdə idim. Onların uşaq futbol məktəbləri ilə maraqlandım və əmin oldum ki, Azərbaycan futbolunda ciddi problemlər kütləviləşməyə doğru gedir”.

ATV-nin əməkdaşı Emil Əliyarlı isə yazıb ki, "Qarabağ”ın göstərdiyi oyun və nəticə mövsüm öncəsi bəlkə də tarixin ən bərbad transfer siyasətinin nəticəsidir.

Tanınmış idman jurnalisti Mahir Rüstəmli də əksər fikirlərlərlə razı olduğunu deyib: "Ancaq yüzdəyüz qol vəziyyətini qaçırana baş məşqçi nə etsin?! Özü də bu, bir yox, beş dəfə oldu. Bir də Emeqara taktiki baxımdan çox savadsızdır”.

"Report.az”ın idman müxbiri Elşən Məmmədov baş məşqçi Qurban Qurbanovun sözünü xatırladıb və ustalıq səviyyəsinin öz sözünü dediyini qeyd edib: 

"18 yaşlı ingilis futbolçu qapıya qol, 21 yaşlı Mahir Mədətov təpik vurur, hətta bundan sonra ayağı azacıq axsayır da. BATE ilə Bakıdakı oyundan sonra da təxminən eyni fikirlər yazılmışdı. Rəqib bir hücum etdi, o da qol oldu”.

"Cümhuriyyət” qəzetinin redaktoru Elman Cəfərli isə keçənilki komandanın dağıdılmasını anlamadığını deyib: 

"Axı o heyət artıq formalaşmış, Avro-liqalarda təcrübə yığmışdı. Almeyda, Ndlovi, Pedro Enrikeni niyə göndərdirlər? Topu saxlamağı bacarmayan Mahir Mədətovla Avroliqalarda hara qədər getmək olar? Yaxşı ki, hələ Rəşad oynamadı. Son müsahibəsində "Qurban Qurbanov onu niyə oynadır” sualına aydınlıq gətirib və deyib ki, "Avroqliqalarda 95 oyun keçirmişəm, 100-ə az qalıb”. Deməli, bunlar statistikaya oynayırlar. Mənim nəyimə lazımdır vikipediyada, sorğu kitablarında Rəşadın hesabına Avroliqalarda nə qədər oyun yazılacaq?!”

İsmayıl







SON XƏBƏRLƏR

2018-12-11
2018-12-10