2018-10-10 12:28:11   |   191 dəfə oxunub

ABŞ-ın Azərbaycan və Gürcüstanla problemləri yoxdur

Boltonun bölgəyə səfərində daha çox Ermənistanla münasibətlər aydınlaşacaq



Yaxın vaxtlarda ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Gürcüstana, Ermənistana və Azərbaycana səfər edəcək. Bu barədə erməni politoloq Suren Sarkisyan məlumat yayıb. Onun sözlərinə görə, regiona səfər müşavirin öz təşəbbüsü ilə baş tutacaq: "Vaşinqtonun ən nüfuzlu şəxslərindən biri iki həftə sonra Rusiya, Ermənistan, Azərbaycan və Gürcüstana səfər edəcək”. Sarkisyan əmindir ki, erməni tərəfi "ciddi məsələləri” Bolton vasitəsilə həll edə bilər. O, bunu "öz ayağı ilə gələn nadir şans” kimi dəyərləndirib. Vurğulamaq lazımdır ki, siyasi ekspertlər müşavirin səfər ehtimalına ciddi yanaşırlar. Hesab edilir ki, Boltonun bölgəyə səfəri Vaşinqtonun regionla bağlı ciddi planları ilə əlaqəli ola bilər. Əksər analitiklər isə düşünürlər ki, səfər zamanı daha çox enerji və İranla bağlı məqamlar müzakirə olunacaq. 

Hər halda Trampın yaxın çevrəsinə daxil olan nüfuzlu bir şəxsin Qafqaz bölgəsinə səfəri adi məsələ sayıla bilməz. Erməni şərhçi Sarkis Artsruni Boltonun gəlişinin təsadüfi olmadığını hesab edir. Onun fikrincə, amerikalı müşavirin Ermənistana gəlişi Paşinyan hakimiyyətini cəzalandırmaq məqsədi daşıyır: "Bolton ABŞ-ın yeni siyasətinin əsas memarlarından biridir. Əlbəttə, onun Gürcüstan və Azərbaycana səfəri də planlaşdırılır. 

Bu ölkələr ABŞ-la sıx əməkdaşlıq təcrübəsinə malikdirlər və Boltona hazır təkliflər paketi verə biləcəklər. Ermənistanda isə situasiya fərqlidir. Boltonun İrəvanda əsas müzakirə edəcəyi məsələ Ermənistanın Suriyada Rusiya missiyasına qoşulmasıdır. Bu, Vaşinqtonu qəzəbləndirir. Ermənistan hakimiyyətinin arqumenti bu olacaq ki, missiya humanitardır və Suriyada erməni icmasının təhlükəsizliyinə hesablanıb. Lakin Vaşinqton "göz yaşları”na inanmayacaq, çünki amerikalılar Paşinyan hakimiyyətinin bu addımını öz maraqlarına qarşı atılmış hesab edirlər”.

Amerikalı müşavirin bölgəyə səfərini "Şərq”ə dəyərləndirən politoloq Azər Rəşidoğlu bildirib ki, Bolton İran məsələsində barışmaz mövqeyə sahibdir. Ekspertin qənaətincə, İrana və Rusiyaya qarşı sanksiyalar müəllifi kimi tanınan Boltonun Cənubi Qafqaza səfəri bölgə üçün önəmli hadisədir: 

"Ermənistana səfəri zamanı Bolton İrəvanın Suriyadakı humanitar missiyada iştirakını müzakirə edə bilər. Ermənistan rusiyalı mütəxəssislərlə Suriyada humanitar əməliyyatlarda iştirak edəcək. İrəvanın məhz bu missiyada iştirakı ABŞ üçün həssas nöqtədir. Əgər İrəvanın qərarı qəti deyilsə, o zaman Bolton İrəvanı atdığı addımdan geri çəkilməyə razı salmağa çalışacaq. Bu, ABŞ-Ermənistan münasibətlərinə yenidən baxılması üçün müstəsna fürsətdir. Ermənistandan fərqli olaraq, Azərbaycan və Gürcüstan ABŞ-la daha dərin əməkdaşlığa sahibdir və Bolton İrəvana qulaqburması verə bilər. Müşavirin Ermənistana səfəri zamanı Paşinyan yeni siyasətini təbliğ etməyə çalışacaq. O cümlədən, Ermənistan bu məsələ ilə əlaqədar ABŞ-dan investisiya və yardım istəyəcək. Əlbəttə, bunun reallaşacağına ümid azdır”.

Ekspertin sözlərinə görə, Boltonun səfərində əsas məsələ Amerikanın Qafqaz ölkələrinə məxsus xarici siyasəti olacaq. Bu mənada Boltonun Azərbaycana səfəri mühüm önəm kəsb edir: 

"Avropanın enerji təminatının diversifikasiyası, Azərbaycanın bu məsələdə rolu, həyata keçirilən layihələrin indiki vəziyyəti və bununla bağlı perspektivlər müzakirə mövzusu olacaq. Həmçinin, Yaxın Şərq və ya ABŞ-ın İranla siyasətində Bakının mövqeyi, Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivi Bakı səfərində müzakirə edilə bilər. Bir sözlə, ABŞ üçün bölgədə Azərbaycan daha önəmli ölkədir və Boltonun Bakıda aparacağı müzakirələr də bunu deməyə əsas verir”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-12-11
2018-12-10