2018-10-10 12:56:17   |   118 dəfə oxunub

"Şərq"in krımlı qonağı var

Akif Aşırlı Zera Bəkirovanı redaksiyada yaradılmış mətbuat tarixi muzeyi ilə tanış edib




Avrasiya Yazarlar Birliyinin üzvü, türk dünyası və Krım türklərinin tanınmış jurnalisti, "Nenkecan” qadın jurnalının baş redaktoru, İsmayıl bəy Qaspralı fəaliyyətinin tədqiqatçısı Zera Bəkirova "Şərq" qəzetində yaradılan mətbuat müzeyini ziyarət edib. Jurnalist Aidə Eyvazlı ilə birlikdə redaksiyamıza təşrif buyuran krımlı qonağı qəzetimizin baş redaktoru Akif Aşırlı qarşılayıb və otaq- otaq gəzərək muzeydə öz əksini tapan eksponatlar barədə Z.Bəkirovanı məlumatlandırıb.

Eksponantlarla tanışlıqdan əvvəl isə qonaq çalışdığı "Yeni dünya” qəzeti, "Nenkecan” jurnalının yarandığı illərə, fəaliyyət istiqamətlərinə diqqət çəkərək A.Aşırlı ilə fikirlərini bölüşüb. Z.Bəkirova bundan əlavə Krım türklərinin yaşadıqları çətinlik, deportasiya illərində azərbaycanlıların onlara etdikləri yardımlar barəsində də ürək dolusu danışıb: 

"Krımın Rusiya İmperiyası tərəfindən işğalından sonra Krım tatarlarının əsas hissəsi Anadoluya (Türkiyə), Rumıniya və Bolqarıstana köçüb. Xalqın yarısı məhv edilib. 1944-cü ildə isə bütöv Krım-tatar xalqı Stalinin göstərişi əsasında deportasiya olunmuşdu. Bizim xalq Krım tatarlarının milli hərəkatının mübarizəsinin səyi və SSRİ-nin tədricən dağılması nəticəsində öz doğma yurdlarına qayıda bildi. Böyük maarifçimiz İsmayıl Qaspralı bütün ömrünü türk dünyasının birliyinin mübarizəsinə həsr edib. Onun "Tərcüman" qəzeti bu birliyə xidmət edirdi. İndi də Qaspralının "Dildə, fikirdə, işdə birlik" sözü bütöv türk xalqı üçün öz aktuallığını itirməyib. 1918-ci ildə "Tərcüman” bağlandıqdan sonra krım-tatar dilində, ərəb əlifbası ilə "Yeni dünya" qəzeti nəşr olunmağa başladı. Ötən illər ərzində qəzetin 3 dəfə əlifbası, 3 dəfə də adı dəyişdirilib”.

Muzeylə yaxından tanış olan qonaq görülən işlərdən məmnunluq ifadə edərək, yaratdığı böyük işə görə A.Aşırlını təbrik edib. 

Muzeydə toplanmış sənədlər, fotolar, eksponatlar, nadir, orijinal qəzet və kitab nüsxələri, hər biri Azərbaycan ictimai-siyasi həyatında müstəsna xidmətlər göstərmiş görkəmli ziyalıların rəsmləri krımlı qonağın marağına səbəb olduğundan, o, ilk olaraq belə bir təşəbbüsün yaranma səbəbi ilə maraqlanıb: "Mətbuat Muzeyi şəxsi təşəbbüsüm ilə ötən il həyata keçirilib. Azərbaycanda müxtəlif sahələrin eksponatlarının toplandığı muzeylər var. 

Amma çox təəssüf ki, Azərbaycan dövlətçiliyi, xalqın inkişafı üçün mühüm rol oynayan mətbuat tarixini əhatə edən bir muzey yox idi. Bu səbəbdən də Azərbaycan Mətbuat Muzeyinin bünövrəsini qoymağı düşündüm və gərgin zəhmət nəticəsində gördüyünüz bu guşələri ərsəyə gətirdik. Muzey redaksiyanın 6 otağını əhatə edir və hər otaqda ayrı-ayrı dövrləri əhatə edən mətbu nümunələrin orijinal nüsxələri, böyük yaradıcılıq yolu keçən jurnalistlərə aid sənədlər, nadir fotolar, şəxsi əşyalar toplanılıb. Nümunələrin əksəriyyəti orijinal nüsxələrdən ibarətdir. Bu, 138 yaşlı «Ziya» qəzetinin orijinal nüsxəsidir. Daşbasma yoluyla nəşr edilib. Bu da onun yaradıcısı Hacı Səid Ünsizadənin əlimizdə olan fotoları.

Muzeydə H.Zərdabinin, M.Şahtaxtlının, M.Ə.Sabirin, Şəfiqə xanım Əfəndizadənin, Xədicə xanım Əlibəyovanın, Ə.Topçubaşovun, M.F.Axundzadənin, C.Məmmədquluzadənin, M.Ə.Rəsulzadənin, Xəlil İbrahimin, Əli bəy Hüseynzadənin, Əhməd Ağaoğlunun, Üzeyir bəy Hacıbəylinin, Nəsir İmanquliyevin portretləri də sərgilənir”.

Z.Bəkirova:

- Orijinal nüsxələri haradan aldınız?

Akif Aşırlı:

- Biz bu işi öz kiçik imkanlarımızla həyata keçirdik. Ayrı-ayrı insanlardan, kolleksionerlərdən, antik mağazalardan, Türkiyədə fəaliyyət göstərən elektron satış mərkəzlərindən, bəzilərini isə auksionlardan almışam.

"Molla Nəsrəddin» jurnalının orijinal nüsxələri Zera xanımı xüsusilə valeh edib. Şəfiqə Əfəndizadə barəsində isə xüsusi məlumatlı olduğunu deyib: "Bir Şəfiqə burada, digəri isə Krımda böyük işlər görüb, cəsarətli addımlar atıb (söhbət Şəfiqə Qaspralıdan gedir). Yeri gəlmişkən, reaksiyalarından və müdaxilələrindən hiss olunur ki, Zera xanım Azərbaycanın mətbuat tarixi və görkəmli şəxsiyyətləri ilə bağlı əhatəli biliyə malikdir.

Daha sonra Cümhuriyyət dönəmi mətbuatının nümayiş edildiyi otağı ziyarət edən qonaq "Şərq”çilərlə də xatirə şəkli çəkdirib.




Şəymən







SON XƏBƏRLƏR

2018-10-16
2018-10-15