2018-10-10 13:05:58   |   94 dəfə oxunub

Yerindən duran dərslik yazıb, satışa buraxır

Şagirdlər, abituriyentlər də mat qalıb. Hansı vəsaitin daha təkmil olduğunu isə müəyyən etmək xeyli çətindir

Dərsliklərin hazırlanmasına bu sahənin mütəxəssisləri cəlb edilməli, ən yaxşı mütəxəssislərin ərsəyə gətirdiyi materiallar ortaya qoyulmalıdır


Təhsil nazirinin "Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrindən irəli gələn tələblərin icrası istiqamətində öyrədici seminarların və dərslik müəllifləri ilə görüşlərin keçirilməsinə başlanılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, bu tədbirlərin cari ilin sonunadək davam etdirilməsi planlaşdırılır. Seminarların əsas məqsədi müəllimlərə dərsliklərinin konsepsiyasını izah etmək, dərsliklə iş, iş dəftərlərindən istifadə, tədris zamanı qarşıya çıxan çətinliklərin və problemlərin həlli yollarını tapmaqdır. Təlimə Dəstək Mərkəzi tərəfindən təşkil olunan seminarlar çərçivəsində müəllimlər ilə dərslik müəllifləri arasında görüşlər də təşkil olunur.

Bakının 12 inzibati rayonu üzrə keçirilən seminarlarda dərslik müəllifləri fənn kurikulumunun məzmun xətləri və alt standartları barədə müəllimləri məlumatlandırıb, şagirdlərdə oxu və dinləyib-anlama bacarıqlarının, yazı vərdişlərinin, yaradıcı və tənqidi təfəkkürün formalaşdırılması yolları barədə pedaqoji heyətə tövsiyələr veriblər. Həmçinin, müəlliflər mətn üzərində iş, oxu savadlılığı, mətn əsasında açıq və qapalı sualların hazırlanması, dərslikdə verilən mətnlər arasında əlaqənin düzgün qurulması, şifahi nitq bacarıqlarının formalaşdırılması və digər məsələlər haqqında da ətraflı məlumat verib. Feysbukda bütün fənlər üzrə qrupların yaradıldığını vurğulayan Nabatəli Qulamoğlu deyib ki, orada dərsliklər müzakirəyə çıxarılıb. Müsbət və mənfi tərəfləri aydınlaşdırılıb:

 "Bu mənada dərslik müəllifləri ilə müəllimlər arasında görüşlərin keçirilməsini müsbət qiymətləndiririrəm. Hər halda bu görüşlər dərsliklərin daha da təkmilləşdirilməsinə və mükəmməl olmasına rəvac verəcək”.

10 il bundan əvvəl Azərbaycanda tikinti "bum”u yaşandığını vurğulayan təhsil ekspertinin sözlərinə görə, bu gün də ölkədə dərs vəsaitlərinin "bum”u yaşanır:

 "Yerindən duran dərslik yazıb, satışa buraxır. Şagirdlər, abituriyentlər də mat qalıb. Hansı vəsaitin daha təkmil olduğunu isə müəyyən etmək xeyli çətindir. Fikrimcə, əsas diqqət dərsliklərin üzərinə fokuslanmalıdır ki, digər vəsaitlər onları üstələməsin. Dərsliklərin hazırlanmasına bu sahənin mütəxəssisləri cəlb edilməli, ən yaxşı mütəxəssislərin ərsəyə gətirdiyi materiallar ortaya qoyulmalıdır. DİM-in vəsaitlərində öz əksini tapan 3-cü dərəcəli əhəmiyyəti olan məlumatlar testə salınır. 

Dərslikdən kənar olduğu üçün də abituriyentlər sualı cavablandırmaqda çətinlik çəkirlər. Hazırkı mərhələdə DİM-in vəsaitləri diqtəedici funksiyanı yerinə yetirir. Bu isə abituriyentlərin hüququnun pozulması deməkdir. Biz də abituriyentlərin hüquqlarını pozan insanları məhkəmə ilə təhdid edib, bu yöndə öz mübarizəmizi davam etdirəcəyik”.

Şəymən







SON XƏBƏRLƏR

2018-10-16
2018-10-15