2018-10-10 13:09:00   |   188 dəfə oxunub

Korrupsiya idarəsinə bu il 3007 müraciət daxil olub

Kamran Əliyev deyib ki, onlardan 181-i özəl sektorla bağlıdır



Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin sözlərinə görə, xəstəlik insan orqanizmi üçün nə qədər zərərlidirsə, korrupsiya da cəmiyyət üçün o qədər zərərlidir.

Məhz bu səbəbdən də korrupsiyaya qarşı mübarizənin Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biri olduğunu qeyd edən K.Əliyevin sözlərinə görə, korrupsiyaya qarşı mübarizə özü-özlüyündə yalnız ixtisaslaşmış qurum tərəfindən aparılsa da, bunun daha səmərəli olması üçün digər dövlət qurumları ilə əməkdaşlıq edilməlidir: "Birgə fəaliyyət, məqsəd olmadan korrupsiyaya qarşı mübarizənin səmərəsi effektli olmaz”.

K.Əliyev bu ilin yanvar ayından bu günə qədər Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə 3007 müraciətin daxil olduğunu və onlardan 181-nin özəl sektorla bağlılığını diqqətə çatdırıb: "Bunlardan 55-i mənzil-tikinti kombinatları ilə, qalanları isə digər müəssisələrin fəaliyyəti ilə bağlıdır. 24 işin istintaqı yekunlaşdırılaraq məhkəmələrə göndərilib".

Onun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan "Lifttəmir” İstehsalat Birliyinin sabiq direktoru Qüdrət Şükürov barəsində əlavə cinayət işi açılıb. Barəsində Cinayət Məcəlləsinin 193-1 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddəsi ilə əlavə cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, fakt üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin iki maddəsi üzrə - 179.4-cü (mənimsəmə və ya israf etmə - xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb.

Bu ayın əvvəlində "Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov vəzifəsindən azad olunub.

Baş prokurorun müavini deyib ki, Dövlət Gömrük Komitəsi korrupsiyaya yol vermiş əməkdaşları barədə hüquqi qiymət verilməsi üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə 2 material göndərib. Hər iki material üzrə cinayət işlərinin başlanması nəzərdə tutulur: "Eyni zamanda idarədə gömrük əməkdaşlarının fəaliyyəti ilə bağlı 3 cinayət işi var ki, onların istintaqı davam etdirilir”.

Şəymən







SON XƏBƏRLƏR

2018-12-12
2018-12-11