2018-10-10 13:11:15   |   196 dəfə oxunub

Hər yeri ədəbiyyata çevirmək zor işdir

Qulu Ağsəs: "Vaxtı ilə biz də belə kampaniya apardıq, sonu olmadı"

Qulu Məhərrəmli: "Bu cür ədəbiyyat trendləri hər gün olmalıdır. Çünki çoxlu sayda çirkli informasiyanın içində itib-batan müasir insanın ədəbiyyatdan, mütaliədən uzaq düşməsi əsl humanitar fəlakətdir"



Mirmehdi Ağaoğlu: "Onlardan təvəqqem budur ki, məqsədlərini konkretləşdirsinlər, ortaya platforma-nizamnamə qoysunlar"

Qismət Rüstəmov: "Nəticənin necə olacağını indidən proqnozlaşdırmaq çətin olsa da, hazırkı mərhələdə xeyli səs-küy yaratdığını deyə bilərəm"



Bir qrup gənc yazarın təşəbbüsü ilə sosial şəbəkədə #heryeredebiyyat adlı həşteq yaradılıb və bu ad altında müxtəlif aksiyalar keçirilir. Həşteqdə kamera qarşısına keçən gənclər Azərbaycan yazarlarını öyərək ədəbiyyata marağı artırmağa çalışırlar. "Hər yer ədəbiyyat” aksiyası artıq diqqət toplayıb. Gənc yazarlar, şairlər statuslar, şeirlər, yazılar, videolar paylaşaraq ədəbiyyatı təbliğ edirlər. Aksiyanın yaradıcılarından olan Ayxan Ayvaz "heryeredebiyyat” həşteqinin yaranma səbəblərindən danışıb.

Çoxdandır ədəbiyyatımızda durğunluq yarandığını, ədəbiyyat saytlarının az, kitab satışının isə çox zəif olduğunu vurğulayan gənc yazar vəziyyətin qəliz həddə çatdığını deyib: "Düşündüm ki, nəsə bir canlanma etmək lazımdır. Çoxdan fikrimdə olan mədəni aksiya məsələsini status kimi yazdım. Düzdü, dostlar, həmkarlar, oxucular münasibət bildirdi, dəstək olan oldu. Amma faktiki heç kim bu məsələyə yaxın durmadı. Eləcə layk eləyib, rəy yazıb keçdilər. Bircə Aysel Əlizadə mənə yazdı ki, bu çox ciddi məsələdir, gərək bunu müzakirə edək. 

Aysel xanımla söhbətimiz oldu və qərara gəldik ki, bir qrup açaq, orda bir neçə yazarla həmsöhbət olaq. Biz danışdıq, görüş təyin elədik, çay süfrəsində oturub müzakirə elədik. Nəhayət, qərara aldıq ki, aksiya bir dəfə olan bir şeydi. Olacaq və bitəcək. Bunun nə qədər effekt gətirməsini də bilmək olmur. Ona görə də mərhələli şəkildə fəaliyyət göstərməyə qərar verdik. İlk addım kimi həşteq yaratmaq və sosial şəbəkədə diqqət çəkmək istədik. Və bu da alındı. İki günə çox böyük effekt gördük”.

Bir neçə vaxt sosial şəbəkədə fəaliyyətlərini davam etdirəcəklərini qeyd edən Ayxan "Azərbaycan yazıçısı bu deyil” adlı video-rolikdən əlavə növbədə başqa videolar da olacağını deyib: 

"Kreativ, ütüsüz formada çıxacağıq tamaşaçı qabağına. Etdiyimiz hər şey modern formada olacaq. Həşteqin adından da məlum olduğu kimi, hər yerdə ədəbiyyatı göstərəcəyik. Metroda, avtobusda, kafelərdə, küçələrdə və s”.

Yazarın sözlərinə görə, aksiyanın hədəfi cəmiyyətin ədəbiyyata marağını artırmaq, gənclərin kitab oxumasına nail olmaq, yazarlara qonorar verilməsini təmin etməkdir. "Biz istəyirik ki, yeni yazarlar cəmiyyətdə tanınsın, onların öz kütlələri olsun. Daha sonra ölkədə kitab bazarında vəziyyəti düzəltmək, yazarların kitablarının satışını təşkil etmək, sponsorları bu işə qoşmaq niyyətindəyik. Bir şirkət bizə dəstək verib. Rayonlarla iş, oxucularla görüş və s. işlərdə bizə kömək edəcəklərini dedilər. Başqa bir nəfər də sponsorluq eləmək istəyir. Hələ söz kimi deyilib, güman ki, yaxın günlərdə reallaşacaq. Jurnal buraxmaq fikrimiz var. Mütləq öz dərgimiz olmalıdır. Və bir də sayt. İstəyirik ki, müəlliflərə normal qonorar verə bilək. Bütün bunlar üçün xeyli yol qət etməliyik. Mən ümidliyəm. Yaxşı olacaq. Sadəcə, tələsməmək, səbr və aktivlik lazımdı. Daşlar yerinə oturacaq. "Həryerədəbiyyat” artıq brendə çevrilmək üzrədir və bir çox yerdən təkliflər alırıq".

"Ulduz” jurnalının baş redaktoru, şair, publisist Qulu Ağsəs də "Şərq”ə açıqlamasında gənclərin bu addımını dəstəklədiyini bildirib: 

"Ədəbiyyat adına keçirilən hər aksiya gözəldir. Arzu edək ki, bütün kampaniyalar ədəbiyyatdan yana olsun. Bu aksiyanın ölçüləri, formatı barədə tam məlumatlı olmadığım üçün fikir bildirməyə çətinlik çəkirəm. Ədəbiyyatın təbliğatı dedikdə gənclər nəyi nəzərdə tutur? Öz yaradıcılıqlarını, yoxsa ümumi ədəbiyyatı? Əgər bu kampaniya ədəbiyyata marağı artırmaq üçündürsə, hər cür dəstəyi verməyə hazıram”.

Bu cür aksiyaların nə dərəcədə əhəmiyyətli olduğuna gəldikdə isə şair deyib ki, müəyyən vaxt kəsimində uğur əldə etmək olur: 

"Vaxtı ilə bu cür kampaniyaları biz də həyata keçirmişik. Bir müddət effektiv nəticələrini görsək də, sonradan hər şey əvvəlki axarına qayıtdı. Müəyyən qədər bu aksiyanın da gündəmdə qalacağına və hansısa irəliləyişə nail olacağını düşünürəm. Gerisi barədə isə konkret proqnoz verməkdə çətinlik çəkirəm. Güman edirəm ki, unudulub gedəcək”.

Jurnalist, Filologiya elmləri doktoru Qulu Məhərrəmlinin fikrincə, bu cür ədəbiyyat trendləri hər gün olmalıdır.

 Çünki insanın, xüsusilə sürətli texnologiya və bu texnologiyanın gətirdiyi çoxlu sayda çirkli informasiyanın içində itib-batan müasir insanın ədəbiyyatdan, mütaliədən uzaq düşməsi əsl humanitar fəlakətdir: "Ədəbiyyat bu dünyada insanın ən etibarlı yol yoldaşı, yaşadığı dünyanı və zamanı mənəvi cəhətdən modelləşdirən, onu ovudan, ruhunu bir dinc məcrada saxlaya bilən vasitədir. Ona görə də zaman-zaman ədəbiyyat söhbətlərinin qabardılmasını, medianın, xüsusən TV-lərin və sosial şəbəkələrin bu mövzunu trendə çevirməsini təqdir edirəm”.

Yazıçı Mirmehdi Ağaoğlu isə ədəbiyyat, mədəniyyətlə bağlı istənilən aksiyanın onu sevindirdiyini deyib: 

"Hətta arxasında kiminsə şəxsi xeyri güdülsə belə ədəbiyyata maraq, mədəniyyət tədbirlərinin keçirilməsi yaxşı haldır. Dostlarımızın aksiyası isə əminəm ki, sırf ədəbiyyat təəssübkeşliyindən doğur. Və görürəm, çox böyük əzmlə çalışırlar. İnanıram ki, bunun bir nəticəsi olacaq. Mən də bu aksiyaya dəstək verməyə hazıram. Sadəcə onlardan təvəqqem budur ki, məqsədlərini konkretləşdirsinlər, ortaya platforma-nizamnamə qoysunlar. Belə olan halda onlar üçün də üfüq aydın olar, əlini günlük edib onların arxasıyca baxan bizlər üçün də. Uğurlar arzulayıram”.

Şair, esseist Qismət Rüstəmov da #heryeredebiyyat adlı həşteq aksiyasının maraqlı bir kampaniya olduğunu düşünür: 

"Gənclərin xahişi ilə mən də bu aksiyaya qoşulub, onlara dəstək oldum. Münasibətim də müsbətdir. Nəticəsinin necə olacağını indidən proqnozlaşdırmaq çətin olsa da, hazırkı mərhələdə xeyli səs-küy yaratdığını deyə bilərəm. Reaksiyaların olması da #heryeredebiyyat adlı həşteqinin uğurlu bir seçim olduğunu göstərir. Gənclərin dediyinə görə, aksiyanın davamında kitablar da çap olunacaq. Ümid edirəm ki, onlar öz hədəfinə çatacaq və bu aksiya ədəbiyyata maraq yaradacaq”.

Yazar Qan Turalı ədəbiyyat naminə atılan hər addımın gözəl və alqışa layiq olduğunu deyib.

Şəymən








SON XƏBƏRLƏR

2018-10-20