2018-10-10 13:18:23   |   478 dəfə oxunub

"Mədəniyyət jurnalistikasını öyrədən bir kafedra açılmalıdır"

Elçin Əlibəyli: "Mən mədəniyyət yazarları tanıyıram ki, bilmir teatrda senari olmur, pyes olur"

Ümümiləşdirməklə bir dənə mədəniyyət jurnalistikasının inkişafı üçün vəsait hazırlanmalıdır. Buna artıq illərdir ehtiyac var



Mətbuat hər bir cəmiyyətin açılan pəncərəsi, söz demək üçün tribunası sayılır. Ona görə də jurnalistikaya gələn hər bir şəxs üzərinə düşən məsuliyyəti dərk etməli, bu sahənin üzərinə qoyduğu yükün ağırlığını daşımağa intellekt və savad baxımından hazır olmalıdı. Azərbaycan jurnalistikası müxtəlif sahələr üzrə ixtisaslaşmış jurnalist imzaları ilə sözünü deməyə çalışıb. Mədəniyyət sahəsindən yazan jurnalistika ənənəsi isə Azərbaycanda illərdir mövcuddur. Ancaq dövri mətbuatda mədəniyyət jurnalistlərinin bu sahə ilə bağlı yazıları, məqalələri, sənət aləmindən bəhs edən araşdırmaları müasir oxucunu təmin edə bilirmi? Ümumiyyətlə mədəniyyət, incəsənət, şou-biznes sahəsindən yazan jurnalistlərin yazıları keyfiyyət baxımından qənaətbəxş sayıla bilərmi? Suallarımıza Sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəyli cavab verdi. Onun dövri mətbuatımızda mədəniyyət sahəsindən bəhs edən yazıların və yazarların keyfiyyəti, dil üslub məqamları ilə bağlı maraqlı fikirləri və tənqidləri oldu.

- Azərbaycan mətbuatında mədəniyyət yazarlarının yazıları, oxucuya təqdim olunan məqalələrin keyfiyyəti qənaətbəxş sayıla bilərmi?

- Demək, Azərbaycanda mədəniyyət yazarlarının formalaşmasında, ixtisaslaşmasında jurnalistika fakültəsi, jurnalistika bu işin öhdəsindən gələ bilmir. Bu sahənin ixtisaslaşması üçün Mədəniyyət və İncəsənət Universitetində ayrıca xüsusi bir jurnalistika ixtisası kafedrası açılmalı, kadrlar hazırlanmalıdır. Necə ki, sənətşünaslıq üzrə kafedra fəaliyyət göstərirsə, eləcə də mədəniyyət jurnalistikasını öyrədən bir sistem yaradılmalıdır ki, teatr, kino sahəsindən, musiqidən yazan jurnalist yetişsin, bu sahədə peşəkarlıq formalaşsın. Əgər bu yoxdusa, kinoşünaslar, sənətşünaslar mətbuata cəlb olunmalıdır. Bizdə bunların heç biri yoxdu. Bir çox hallarda mədəniyyətin əsaslarından xəbəri olmayan, incəsənət prosesindən bixəbər, dünya incəsənətindən ümumiyyətlə məlumatsız olan jurnalistlərə mətbuatda rast gələ bilirik. Onların yazıları çox dayazdı. Bu gün mədəniyyət və şou yazarları arasında elələri var ki, tədbirdə iştirak edən tanınmışların adını yazıb qısa məlumat verməyi jurnalistika hesab edirlər. İki cümlə təhlil, analiz vermək, bu tədbirin mahiyyətini açaraq yazı təqdim edən yazarlar azdı. Təqdim olunan filmdisə, filmin tənqidi tərəflərini açan, filmin mahiyyətini aça bilən yazarlara çox nadir hallarda rast gələ bilirik. Bəli, bir neçə imza var ki, onların adını çəkə bilərəm. Hamının adını qeyd edə bilmərəm, ola bilər unudaram. Amma Vüqar İmanovun, elə sizin imzanızda olan mədəniyyət yazıları bu baxımdan fərqlənir, onlara fərqli yanaşa bilirik. Çünki jurnalist yanaşması hiss olunur. Amma belə yazarlar azdı.

- Mədəniyyət yazarlarının dil-üslub məsələsi də vacib amillərdən sayılır. Təqdim olunan mədəniyyət yazılarında dil-üslub problemləri də mətbuatın daha çox tənqid olunan qüsurlarından sayılır.

- Təbii ki, bayaq qeyd etdiyim kimi, Azərbaycan mədəniyyətinin tarixindən, bugünkü fəaliyyətindən, ümumiyyətlə, mədəniyyət sahəsində baş verən proseslərdən xəbərsiz birinin məqaləsində dil-üslub probleminin olması da gözləniləndir. Müəyyən ədəbi terminləri, teatr, kino sahəsində vacib olan termin və ifadələri bilməyən mədəniyyət yazarı mədəniyyət sahəsindən yazı necə yaza bilər? Daha dəqiq desək, savadlı və oxucunu qane edəcək yazını yaza bilərmi? Mən mədəniyyət yazarları tanıyıram ki, bilmir teatrda ssenari olmur, pyes olur. Ssenari filmdə olur. Elementar bu terminlərin fərqini bilməyən yazar, mədəniyyət yazarı olaraq nə yaza bilər ki, oxucu o yazıdan məlumat əldə etsin. Süjet termini ilə, fabio termininin fərqini bilməyən kinodan yaza bilməz. Rəssamlıqdan yazan jurnalistin muzeylər barədə məlumatı belə yoxdusa, o nə yaza bilər? Azərbaycanın çox məşhur Xalq şairinin oğlu, mən ad çəkmək istəmirəm, bilənlərə kim olduğu məlumdur, bu yaxınlarda Lütfi Zadənin, Qara Qarayevin heykəli haqqında, guya, tənqidi fikir bildirib. Aşağı səviyyədə, təfəkkürlə Ömər Eldarovun qoyduğu abidəyə münasibət bildirmək özü mədəniyyətdən, incəsənətdən xəbərsiz birinin kal savadını sərgiləmiş oldu. Çünki prosesdən xəbəri yoxdur. Üsluba gəlincə isə bir mədəniyyət yazarının üslubunu oxuduğu kitablar, savad, intellekt, baş verən prosesləri izləyərək xəbərdar olmaq formalaşdıra bilir. Mədəniyyət sahəsində baş verən proseslərdən xəbərsiz biri mədəniyyət sahəsində hansı fərqli, maraqlı yazı ilə oxucunun diqqətini çəkə bilər? Burda hansı üslubdan danışmaq olar. Üslub zamanla, təcrübə toplamaqla, savadlı təxəyyülə sahib olaraq, mütaliə vasitəsilə formalaşır ki, bir çox şou yazarlarında savad problemi qabarıq hiss olunur.

- Hər bir yazı istər siyasi, istər iqtisadi, istərsə də mədəniyyət xəbəri ilə oxucunu məlumatlandırmaq, informasiya ilə təmin etmək məqsədi daşımalıdır. Mədəniyyət yazarları oxucuya operativ və dolğun mədəniyyət xəbərləri çatdıra bilirmi?

- Bir məsələ önəmlidir. Siyasi xəbərdən fərqli olaraq mədəniyyət xəbəri təkcə xəbəri çatdırmaq məqsədi daşıya bilməz. O mədəniyyət hadisəsinin mahiyyətini və o hadisənin mədəniyyət aləmində yerini, məqsədini çatdırmalıdı. Mən bilməliyəm ki, sərgiyə niyə gedirəm, konserti nə üçün izləməliyəm. Bununla bağlı Rusiyada bir neçə dərsliklər çap olunub. Misal üçün, musiqi jurnalistikası, şou-biznes jurnalistikası necə olmalıdır? Teatr jurnalistikasında vacib olan elementlər nədir? Bu, əslində çox vacib və qəliz bir prosesdir. Mədəniyyət yazısı təkcə xəbər məlumatı kimi təqdim olunmamalıdır, o tədbirin sosial mesaj olaraq mahiyyəti çatdırılmalıdır. O mənada mədəniyyət yazarlarında operativliklə yanaşı, dərinlik çox vacib məqam sayıla bilər.

- Adətən saytlarda, mətbuat səhifələrində maqazin və şou xəbərlərini oxuyanların sayı da çox olur. Deyək ki, bağırtılı başlıqlı maqazin məlumatlarının oxucusu daha çoxdu.

- Əslində burda bir məqamı unutmaq olmaz. Restorana gedərkən menyuda salatların 50 növü var, amma doyumlu və yaxşı yeməklərin 4-5 növü olur. Seçim sənə aid olur. Televiziyada da, KİV-də də şou, ya da siyasi yazını 200 nəfər oxuyur, izləyir. Ciddi mədəniyyət xəbərinin 50 oxucusu ola bilər. O, 50 oxucu elitar təbəqədir, cəmiyyətin elitasıdır. Onlar zövqü diktə edən insanlardı. Belə insanlar cəmiyyətin aparıcı qüvvəsi sayıla bilir.

- Rusiyanı misal çəkdiniz. Bizdə də mədəniyyət yazarlarının bu kimi metodik vəsaitlərə ehtiyacı var. Kim bunlara nəzarət etməlidir? Bunları kimdən tələb etməliyik?

- Belə vəsaitlərin hazırlanması üçün mədəniyyət sahəsinə cavabdeh səlahiyyətlilər peşəkarlara belə metodik vəsaitlərin hazırlanması üçün sifariş verməlidirlər. Kino alimlərimizə, musiqişünaslara, kinoşünaslara, teatrşünaslara, sənətşünaslara müraciət edərək sifarişlə belə vəsaitləri hazırlamaq olar. Ümümiləşdirməklə bir dənə mədəniyyət jurnalistikasının inkişafı üçün vəsait hazırlanmalıdır. Buna artıq illərdir ehtiyac var.

- Bəs nəyə görə bu sahəyə cavabdehlər susurlar, vacib olan problemin aradan qaldırılması üçün təkliflər təqdim olunmur?

- Bu sualı kommersiya yolu ilə ödənişli olan universitetlərin rektorlarına verin. O pulların hesabına dərslik buraxmaq əvəzinə, o gəlir hara xərclənir? Onlar bu suala cavab verməyə məcburdular.

- Uzun müddət müəllifi olduğunuz verilişlərdə şou, maqazin və mədəniyyət yazarları ilə təmasda olmusuz. Mədəniyyət yazarları digər jurnalistlərdən nə ilə fərqlənir?

- Təəssüf ki, şou yazarlarının əksəriyyəti peşəkar deyillər. Onların bir çoxunun jurnalistikadan xəbəri yoxdu. Az-çox mədəniyyət yazarlarının jurnalistikadan xəbəri var. Əslində ciddi mədəniyyət yazarları arasında peşəkarlar var, amma azlıq təşkil edirlər deyə, bu bizi narahat edir. Siyasi yazarlar, iqtisadi yazarlar həmişə mədəniyyət yazarlarına yuxarıdan aşağı baxıblar. Sayt rəhbərləri, redaktorlar, baş redaktorlar həmişə mədəniyyət yazılarına, mədəniyyət yazarlarına lazımsız bir tərəf olaraq yanaşıblar.

- Doğru yanaşmadırmı? Doğrudanmı, mətbuatda mədəniyyət yazılarına, yazarlarına ehtiyac yoxdu, bu sahə lazımsızdır?

- Qətiyyən belə deyil. Yanlış yanaşmadır. Hər xanada hər kəsin öz yeri var. Bu yanaşma ilə jurnalistikada fəaliyyət göstərənlərin də aqibətini görmüşük. Mədəniyyət sahəsini qeyri-ciddi sahə kimi qəbul etmək düşüncəsi özü səhvdir. Bir mədəniyyət prosesi ilə, ya da mədəniyyət sahəsində əldə olunan uğurla dünyaya daha böyük mesaj çatdırmaq mümkün olur. Deyək ki, bir ciddi mədəniyyət hadisəsi iki siyasətçinin tribunadakı çıxışından daha maraqla qarşılana bilər. Siyasətçinin saatlarla tribunadan, kürsüdən deyə bilmədiyi sosial mesajı bir mədəniyyət hadisəsi ilə çatdırmaq mümkündürsə, niyə mədəniyyət sahəsinə qeyri-ciddi yanaşılmalıdır? Bizdə mədəniyyət sahəsinə həmişə qeyri-ciddi yanaşılıb. Cəmiyyətimizdə mədəniyyət sahəsinə ikinci dərəcəli sahə kimi baxılıb. Bu gün də o yanaşma var. Azərbaycanda teatr yarananda səhnəyə çıxanları mütrif adlandırdılar. Azərbaycanda opera yarananda Üzeyir Hacıbəylinin ünvanına hansı təhqirlər səslənməyib, hansı təzyiqlər olmayıb ki? Həmin dövrdə dövri mətbuatda Üzeyir bəy barədə nələr yazılmadı? Hansı təhqirlərə məruz qalmadı? Hüseyn Ərəblinski tamaşa qoyduğu üçün hansı təhqirləri eşitməyə məcbur qalmadı? Ümumiyyətlə, cəmiyyətimizdə mədəniyyətə qarşı mənfi, kal münasibətin zaman-zaman şahidi olmuşuq.

- Nə edək ki, gənc nəsildə bu təfəkkürü dəyişə bilək?

- Fikrimcə, bu, mümkün deyil. Bu qədər maarifçilərimiz, əsrlərdi cəmiyyətin təfəkkürünü dəyişmək üçün əziyyət çəkən ziyalılarımız olub, onlar ömürlərini bu təfəkkürü dəyişmək üçün xərclədilər, bizdə bu təfəkkür bu günə qədər dəyişmədisə, bundan sonra da dəyişən nəsə olmayacaq. Ümid etmək belə mənasız görünür.

- Sizin özünüzün bir sıra mədəniyyətlə bağlı televiziya layihələriniz oldu ki, sizcə etdikləriniz, mədəniyyət sahəsində etdiklərimiz doğrudanmı dəyərsiz olub?

- Əlbəttə dəyərsiz olub. Heç kim tərəfindən nə mədəniyyət sahəsində edilənlərə diqqət verilir, nə də təşəkkür edənlər olur. Uzağa getməyək, jurnalist qurumlarının təşəbbüsü ilə nə zaman mədəniyyət yazarları, mədəniyyət sahəsindən yazan jurnalistlərlə mədəniyyət sahəsində olan sənətşünasların, teatr, kino xadimlərinin görüşlərini təşkil ediblər, onların əməyini qiymətləndirmək üçün mükafatlar veriblər. Ona görə də mədəniyyət jurnalistikası inkişaf etmir.

Tahirə Məmmədqızı







SON XƏBƏRLƏR

2018-12-10
2018-12-09