2018-10-10 13:21:34   |   130 dəfə oxunub

Kök qadınların sayı kişilərdən çoxdur

Təəssüf ki, millət olaraq yağlı və qızartma yeməklərə daha çox üstünlük veririk

Orqanizmdə maddələr mübadiləsi düzgün getmir deyə piylənmədən əziyyət çəkənlər çoxalır. Bu zaman hər kəs ayaqlarından və sümüklərindən şikayət edir




Dövrümüzün ən böyük problemlərindən biri də artıq çəkidir. Demək olar, bir çox insan bu problemdən əziyyət çəkir. Bəzi insanlar nəfslərinə hakim çıxıb, pəhriz və idmanla çəkisini azalda bilsə də, bəziləri artıq kilolu olmalarına min bir bəhanə gətirirlər. Onların əksəriyyətinin sudan, çox az yeməkdən belə kökəlmə bəhanəsi var.

Statistik məlumatlara əsasən Azərbaycanda kök qadınların sayı kişilərdən çoxdur. Dövlət Statistika Komitəsindən verilən açıqlamaya görə, ölkəmizdə 45 yaşdan yuxarı piylənmədən əziyyət çəkən qadınların sayı kişiləri üstələyib.

20-44 yaşlı qadınların 3.8 faizi (əvvəlki illə müqayisədə 2 faiz artıb), 45-64 yaşlı qadınların 15.6 faizi (əvvəlki illə müqayisədə 1 faiz azalıb), 65 yaşdan yuxarı qadınların 16 faizi (əvvəlki illə müqayisədə 3 faiz artıb) artıq çəkidən əziyyət çəkir.
Ölkəmizdə 20-44 yaşlı kişilərin 4.4 faizi, 45-64 yaşlı kişilərin 12.8 faizi, 65 yaşdan yuxarı kişilərin isə 11.8 faizi artıq çəkidən əziyyət çəkir.

Bütün dünya ölkələri üzrə statistik məlumatlara əsasən piylənmədən əziyyət çəkən əhali arasında birinci yeri amerikalıların tutduğunu deyən həkim-dietoloq Şəmsiyyə Namazlı "Şərq”ə bildirib ki, artıq çəkinin yaranmasında bir çox faktorlar əsas rol oynayır. Təbii ki, yanlış qidalanma, sinir sistemi və hormonal tarazlığın pozulması kökəlməyə səbəb ola bilər. Lakin insanların daimi olaraq aktiv fiziki hərəkət etməsi böyük rola malikdir: "Təəssüf ki, millət olaraq yağlı və qızartma yeməklərə daha çox üstünlük veririk. Belə qidaların qəbulu, hərəkətliliyin azlığı, qəbul edilən qidanın enerjiyə çevrilə bilməməsi səbəbindən orqanizmdə piylənmə baş verir. Amma insanlar hər zaman çalışırlar ki, piylənməyə səbəb olacaq amilləri özlərindən kənarlaşdırsınlar. Məsələn, cavan, ya da orta yaşlı insanın hormonal tarazlığı pozulubsa və qalxanvari vəzdə problem varsa, təbii ki, onda artıq çəki problemi baş verəcək. Xüsusilə qadınlarda hormonal pozğunluqlar bəzən onların kökəlməsinə səbəb olur. Bu gün insanlar kütləvi olaraq daxili orqanların müayinəsindən keçmirlər. Orqanizmdə maddələr mübadiləsi düzgün getmir deyə piylənmədən əziyyət çəkənlər çoxalır. Bu zaman hər kəs ayaqlarından və sümüklərindən şikayət edir, yəni ayaqlara düşən çəkinin yükü artır. Ayaqlar və baldır sümükləri normadan artıq yükü daşımaq gücündə deyil. Zaman keçdikcə isə ayaqlarda ağrılar və əyilmələr, axsamalar baş verir”.

Dietoloq bildirib ki, ilk növbədə düzgün qidalanma, orqanizmin tam olaraq yoxlanması, hormonal tarazlıqların qaydaya salınması və aktiv fiziki hərəkət əsas şərtdir: "Hərdən elə olur ki, kimsə ciddi şəkildə idmanla məşğul ola bilmir. 

Belə olduqda onlar ən azı 4-5 kilometr piyada gəzə bilərlər. Ancaq bunu da etmirlər. Həmişə demişik ki, bütün idmanların şahı intensiv yerişdir. Bu yeriş intensiv sürətdə azaldılmayaraq yerinə yetirilməlidir. Belə olduqca artıq enerji sərf olunur və istər beyin qan dövranı, istərsə də aşağı ətraf qan dövranı yaxşılaşır, insanın gün ərzində qəbul etdiyi qidadan yığılan enerji sərf olunur. Ancaq hər kəs bir bəhanə edir. Biri aktiv həyat tərzi keçirə bilməməsini yaşla, digəri isə zamanının olmaması ilə əlaqələndirir”.

Həkimin sözlərinə görə, 21-ci əsrdə inkişaf edən texnikaların bizə gətirdiyi bəlaların ən böyüyü dinamik həyatın sıradan çıxması oldu: "Hər yer mexanikləşdirildi və 5 adamın görəcəyi işi bir aparat yerinə yetirir deyə, fiziki aktivlik azalır. Nə qədər ki, insanlar ildə bir dəfə müayinələrdən keçməyəcəklər və onların aktiv həyat tərzi olmayacaq, təbii ki, piylənmədən əziyyət çəkənlərin sayı getdikcə artacaq”.

Yeganə Bayramova







SON XƏBƏRLƏR

2018-12-10
2018-12-09