2018-10-10 13:28:04   |   170 dəfə oxunub

Azərbaycanda metroda ilk dəfə qadın maşinist işləyəcək

Liqa sədri qadınların bu cür işlərdə çalışmasının tamamilə normal hal olduğunu bildirib




"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti 17 yeni maşinisti işə götürüb. Yeni işçilərdən 1 nəfərin qadın olduğu bildirilir.

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, 19 nəfər peşə seçiminin bütün mərhələlərini uğurla keçsə də, sonradan bütün mərhələləri uğurla keçmiş iki nəfər öz istəyi ilə təlim-tədris prosesinə qatılmayıb: 

"Bakı Metropoliteni" gender bərabərliyi prinsipini əsas götürərək paytaxt metropoliteni tarixində ilk dəfə qadınların bu peşəyə yiyələnməsinə imkan yaradıb. Müraciət edən qadınların sayı 10-dan artıq olsa da, müsahibə mərhələsində onlardan yalnız 3-ü iştirak etmək istəyib. Bütün mərhələləri yalnız bir qadın uğurla keçərək, təlim-tədris prosesinə qatılıb”.

Qadınların çətin peşələrdə çalışdığının çox şahidi olmuşuq. Amma Azərbaycanda ilk dəfə olaraq bir qadının metropolitendə maşinist kimi işləməsi müsbət mənada olduqca maraqla qarşılandı. Bir zamanlar ölkəmizdə qadınların taksi sürücüsü kimi çalışması da əhali üçün təəccüblü idi. Lakin zaman keçdikcə, bu, normal bir hal aldı və indi taksi sürücüsü kimi fəaliyyət göstərən xanımların sayı yetərincədir.

Bir vaxtlar Bakıda tramvay sürücüləri arasında qadınların çoxluq təşkil etdiyini deyən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədovun "Şərq”ə açıqlamasına görə, tramvayla metropoliten qatarını idarə etmək arasında ciddi bir fərq yoxdur. Hər ikisində eyni idarəetmə sistemidir və hər ikisi sabiq cərəyanla, yəni elektrik mühərriki ilə işləyir. Liqa sədri qadınların bu cür işlərdə çalışmasının tamamilə normal hal olduğunu da vurğuladı: 

"Nazirlər Kabinetinin 20 oktyabr 1999-cu il tarixli 170 saylı qərarı var. Qərarda qadın əməyinin tətbiqinin qadağan olunduğu əmək şəraiti, zərərli və ağır olan peşələrin, vəzifələrin, habelə yeraltı işlərin siyahısı qeyd olunub. Sözügedən qərarda qadınların işləyə bilmədiyi peşələr öz əksini tapıb. Bu baxımdan siyahıda nəzərdə tutulmayan istənilən işlərdə qadınların çalışması normal haldır”.

S.Məmmədov bildirib ki, qadınlar üçün rəsmən qadağan olunan işlər də var. Bu qadağalar qadınların analığı və uşaqlarının mühafizəsi məqsədilə edilir: "Düzdür, bəzi beynəlxalq təşkilatlar bunu ayrı-seçkilik sayır. Amma əslində Beynəlxalq Əmək Təşkilatının "Analığın mühafizəsinə dair” konvensiyasına əsasən dövlət tədbir görməlidir ki, qadınlar özlərinə və bətnindəki körpəyə ziyan gətirə biləcək işlərdə çalışmasınlar. Yerdə qalan işlərdə isə "qadın və kişi işi” deyilərək qeyri-rəsmi bölgü yaradırlar.

Ümumiyyətlə, qadınların ictimai nəqliyyatın yeraltı yox, həm də yerüstü növündə işləməsinə çox normal baxıram. Bu, qadınların məşğulluğunun təmin olunmasına xidmət edir. Bəzi hallarda isə ictimai nəqliyyatda qadınların çalışması daha yaxşıdır, çünki kişilər siqaretin qadağan edilməsinə baxmayaraq avtobusu idarə edəndə siqaretdən istifadə edirlər. 

Məsələn, gələcəkdə yeni ictimai nəqliyyat növləri - havada olan qatarlar və tramvaylar ola bilər. Yaxud da paytaxtda yenidən tramvaylar bərpa edilə bilər. Bu baxımdan xanımların belə sahələrdə məşğulluğu müsbət qarşılanmalıdır”.

Yeganə Bayramova







SON XƏBƏRLƏR

2018-12-10
2018-12-09