2018-10-10 15:59:06   |   156 dəfə oxunub

Binəli Yıldırım: Ermənistan özü-özünü təcrid vəziyyətinə salıb



Həqiqəti sarsıdan fikirləri qəbul etməyimiz mümkün deyil. Əgər Ermənistan doğrudan da Türkiyə ilə əlaqə qurmaq istəyirsə, saxta "erməni soyqırımı” iddiasından əl çəkməli, tarixi hadisələrin araşdırılmasını tarixçilərin öhdəsinə buraxmalıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Avrasiya ölkələri parlament sədrlərinin Antalya şəhərində keçirilmiş üçüncü görüşünün plenar iclasında söyləyib.

Binəli Yıldırım deyib ki, Ermənistan Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyinə görə əslində özü-özünü təcrid vəziyyətinə salıb. Bu ölkə anlamalıdır ki, qonşuları ilə əlaqələri normallaşdırmalı, Cənubi Qafqazda sülh, sabitlik və rifah yolu tutmalıdır. Yalnız belə olarsa, mövcud problemlər aradan qalxa bilər.

Xatırladaq ki, iclasda çıxış edən Ermənistan parlamenti sədrinin müavini Eduard Şarmazanov işğalçı dövlətin ənənələrinə uyğun olaraq uydurma "erməni soyqırımı” və Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətə uyğun olmayan fikirlər səsləndirib, bu da Azərbaycan və Türkiyə parlament sədlərinin kəskin etirazına səbəb olub.

Ermənistan tərəfi Azərbaycan və Türkiyə ilə birgə təmsil olunduğu bütün tədbirlərdə bu cür pozucu mövqe nümayiş etdirir və tutarlı cavabını da alır. Türkiyənin sədrlik və yaxud ev sahibliyi etdiyi elə bir tədbir yoxdur ki, təcavüzkar Ermənistanı təmsil edən şəxslər səmərəli fikir ortaya qoysun, faydalı əməkdaşlığa dair normal bir təklif irəli sürsünlər. Bütün bunlar işğalçı tərəfin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qeyri-konstruktiv mövqeyinin göstəricisidir.






SON XƏBƏRLƏR

2018-12-14
2018-12-13