2018-10-10 18:31:26   |   92 dəfə oxunub

"Növbət il də sosial proqramlara daha çox vəsait ayrılacaq" - Ekspert


Ölkə başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıdan duran vəzifələrə həsr olunan iclası zamanı bildirib ki, gələn ilin büdcəsi həm investisiyayönümlü, həm də sosialyönümlü olacaq.

Dövlət başçısı bütün sosial layihələrin icra ediləcəyini də qeyd edib:

 "Eyni zamanda, dövlət kapital qoyuluşu üçün kifayət qədər vəsait də nəzərdə tutulur. Əsas məsələ ondan ibarətdir ki, biz bu vəsaitdən səmərəli şəkildə istifadə edək, ölkə qarşısında duran əsas məsələlərin həllini təmin edək, prioritetləri düzün seçək”.

Keçən ilki müzakirələr zamanı da büdcənin daha çox sosialyönümlü olacağı qeyd edilmişdi. Növbəti ildə düdcənin investisiyayönümlü və sosialyönümlü olması yeni iş yerlərinin açılması üçün də böyük rola malikdir. 

Ölkə başçısının çıxışını əsas götürərək növbəti ildə həyata keçiriləcək layihələrlə bağlı fikirlərini "Şərq”lə bölüşən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, pensiyalara ayrılan vəsaitlərin ödənilməsi büdcənin sosial öhdəlikləri hesab olunur. Bu baxımdan 2019-cu ildə məhz bu öhdəliklər qorunub saxlanılır: 

"Növbəti il də büdcədən sosial proqramlara daha çox vəsait ayrılacaq. Eyni zamanda 2019-c ildə bir sıra sektorlarda layihələrin maliyyələşdirilməsi üçün vəsaitin ayrılması nəzərdə tutulub. Xüsusən də inşaat sektoruna dövlət daha çox vəsait sərf edəcək və bu istiqamətdə layihələrin reallaşdırılması həyata keçiriləcək. Buna görə də investisiya qoyuluşları büdcənin əsas prioritetləri sırasındadır, çünki invesitisiya qoyuluşlarının özünün də sosial tərəfləri var. İnvestisiya yatırımı həyata keçirilərsə, bu, nəticə etibarı ilə yeni sektorların canlanmasına təkan verəcək. 

O da təbii ki, sosial baxımdan vətəndaşların yeni işlə təmin olunması deməkdir. İnvestisiya istiqamətinə vəsaitin ayrılması həm də sosial baxımdan prioritet məsələlərdəndir . Ona görə də daha çox iki istiqamətə vəsait sərf olunacaq. Bununla 2019-cu ildə dövlət sosial öhdəliklərini qoruyub saxlayacaq, digər tərəfdən isə inşaat sekotrunda canlanmanın olması üçün investisiya layihələrinin maliyyələşdirilməsini həyata keçirəcək”.

Yeganə Bayramova






SON XƏBƏRLƏR

2018-10-16
2018-10-15