2018-10-10 20:18:26   |   203 dəfə oxunub

"Bu, Azərbaycan diplomatiyasının uğurudur" - Hikmət Babaoğlu



"Dünyada təhlükəsizliyi təhdid edən risklərin artdığı bir vaxta Azərbaycanda sabitlik və inkişaf mövcuddur”.

Bunu "Sherg.az”a açıqlamasında Prezident Əliyevin 2018-ci ilin 9 ayı ərzində Azərbaycanın sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasda milli təhlükəsizliyə dair çıxışına münasibət bildirərkən millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, Prezident ölkəmizdəki iqtisadi-siyasi inkişafı təhlil edərək bunun əldə olunmasını dünyada baş verən qlobal proseslər kontekstində qiymətləndirdi: 

"Cənab Prezident Azərbaycandakı sabitliyi qlobal proseslər kontekstində qiymətləndirərək qeyd etdi ki, sabitliyin əsasında Azərbaycan hakimiyyətinin həyata keçirdiyi siyasət və onun xalq tərəfindən dəstəklənməsi durur. Bu öz-özlüyündə həm Azərbaycanın inkişafını, həm də təhlükəsizlyini təmin mühüm edən sosial-siyasi faktordur. Prezident bildirdi ki, dünyada təhlükəsizliyi təhdid edən risklər artmaqdadır. Köhnə risk ocaqları ləğv edilməmiş yeni risk ocaqları yaranır ki, bu konteksdə münasibətləri sabit saxlamaq və ölkənin inkişafına nail olmaq olduqca çətindir. Doğrudan da hazırkı beynəlxalq münasibətlər sistemində ayrıca götürülmüş bir dövlətin milli aktor kimi özünün təhlükəsizliyini təmin etməsi heç də asan deyil.

Çünki "Seccurity Community” adlandırılan, yəni mühafizə olunan cəmiyyətlərdən kənardakı bu cəmiyyətlər əsas etibarilə, Qərb və Şimali Atlantika strateji rayonlarını əhatə edir. Bunlardan kənarda milli aktorların öz təhlükəsizliyini təmin etməsi çox çətin məsələdir. Lakin buna baxmayaraq, Azərbaycan öz təhlükəsizliyini təmin edir və inkişafımızın da əsasında duran başlıca faktor budur. Ancaq milli təhlükəsizliyin təmin olunması o qədər də sadə məsələ deyil. 

Beynəlxalq münasibətlərdə çoxsaylı iştirakçılar var və onların hər birinin öz maraqları var. Belə olan halda, mütləq toqquşan maraqların uzlaşdırılması və əməkdaşlıq platformasında qarşılıqlı maraqların təmin olunmasına nail olmaq lazımdır. Bu konteksdə cənab Prezident Azərbaycanın qonşu ölkələrlə əlaqələrinə toxunaraq bildirdi ki, 2018-ci ildə Azərbaycanın qonşu ölkələrlə əlaqələri yeni pilləyə qədəm qoyub. Düşünürəm ki, bu aspektdə önə çıxan məsələlərdən biri də Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanmasıdır. Bildiyiniz kimi, Azərbaycan 5 Xəzəryanı ölkə ilə qonşudur və dünyada təhlükəsizliyi təhdid edən bu qədər risk ocaqları olduğu zamanda bir də qonşu ölkələrlə anlaşımazlığın olması əlbəttə ki, ciddi narahatedici məsələrdən biri idi. Uzun illərdir davam edən danışıqların bəhrə verməsi Xəzər ətrafında yeni şərtlər formalaşdırmaqla həm onu sülh dənizinə çevirdi, həm də Xəzərin resurslarından istifadə olunması üçün yeni perspektivlər yaratdı. Eyni zamanda Xəzərdə yeni neft-qaz komunikasiyalarının yaranması üçün də şərtlər formalaşdırdı. Bu, Azərbaycan diplomatiyasının uğurudur".

Deputatın sözlərinə görə, başqa vacib məsələ isə beynəlxalq təşkilatlarla münasibətlər və onların hazırkı səviyyəsidir:

 "Cənab Prezident söylədi ki, Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlığın prioriteləri haqqında memorandum imzalanıb. Burada isə başlıca məsələ Azərbaycanın ərazi bütövlüyünün tanınması məsələsidir ki, bu da bizim xarici siyasətimizin əsas prioritelərindən biridir. Dünyanın ən böyük hərbi-siyasi təşkilatlarından biri olan NATO-nun 2018-ci il zirvə toplantısında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatın qəbul edilməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və nüfüzundan xəbər verir. Əlbəttə, xarici siyasətin qarşısında duran əsas məsələ Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasından ibarətdir. Bu istiqamətdə atılan strateji addımlar sayəsində Azərbaycan ordusunun gücü daim artır, ölkəmizdə hərbi paradlar və hərbi-sənaye məhsullarının sərgisi keçirilir. Əslində əsas məqsəd işğalçı ölkəyə gücümüzün nümayiş etdirilməsidir. Çünki güc nümayişi olmasa, sülhə məcburetmə də mümkün olmur”.

H.Babaoğlunun sözlərinə görə, Azərbaycanın hərbi qüdrətinin artması, beynəlxalq təşkilatlarla münasibətlərin daha da genişlənməsi hər şeydən öncə Azərbaycan xalqının sosial rifahı və iqtisadi inkişafının təmin olunmasından keçir:

 "İclada səsləndirilən rəqəmlər bir daha onu göstərdi ki, ötən 9 ay ərzində valyuta ehtiyatlarımız daha 3 milyard artaraq 45 milyarda çatıb. Bu, ciddi göstəricidir. Buna paralel olaraq Azərbaycanda yeni sosial problemlərin həll olunması, qaçqın və köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlər keçirilir. Cənab Prezident görüləcək işlərlə bağlı önümüzdəki mərhələdə iqtisadi islahatların daha da dərinləşəcəyini bildirdi və həyata keçirilən bu layihələrin növbəti illərdə Azərbaycanın inkişafı üçün yaxşı perspektivlər yaratdığını qeyd etdi”.

İsmayıl









SON XƏBƏRLƏR

2018-12-14
2018-12-13