2018-10-11 11:28:36   |   181 dəfə oxunub

Azərbaycanın beynəlxalq aləmdə rolu artır

Prezidentin apardığı siyasət ölkəmizi Cənubi Qafqazın liderinə çevirib



Prezident İlham Əliyevin ölkəmizin müstəqillik dayaqlarını möhkəmləndirməklə bağlı fəaliyyəti daha çox xarici siyasətdə özünü göstərir. Xarici siyasət kursunda tarazlaşdırılmış konsepsiyaya üstünlük verən dövlət başçısı yürütdüyü siyasətlə Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırıb. Düşünülmüş siyasət sayəsində ölkəmizin dostlarının sayı çoxalıb, bizimlə müttəfiqlik etmək istəyən ölkələrin sırasına yeniləri əlavə olunub. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınıb və qəbul edilib. Bunu sübut edən ən böyük amillərdən biri Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsidir. 

Müstəqillik tariximizin ən böyük nailiyyəti olan bu hadisə Azərbaycanda yürüdülən siyasətə və beynəlxalq birliyin Prezident İlham Əliyevin fəaliyyətinə verdiyi önəmin, Azərbaycana olan inam və etimadın təzahürüdür. Ölkəmiz nəticə etibarilə bütün regional məsələlərdə əsas oyunçuya çevrilib. Ölkə rəhbərinin müəyyənləşdirdiyi hücum diplomatiyası nəticəsində erməni təbliğatı və erməni lobbisinin yaratdığı mif darmadağın edilib. Beynəlxalq təşkilatların diqqəti bu problemə yönəlib. Dağlıq Qarabağ probleminin mahiyyəti, Azərbaycan haqqında həqiqətlər bütün dünyaya yayılıb və beynəlxalq ictimai rəy Azərbaycanın xeyrinə dəyişib. Dünya birliyi Xocalı soyqırımını tanımağa və pisləməyə başlayıb.

Azərbaycanın uğurlu xarici siyasəti, beynəlxalq münasibətlərin inkişafı ötən gün cənab Prezidentin Nazirlər Kabinetinin iclasında etdiyi çıxışı zamanı da xüsusilə vurğulanıb. Dövlət başçısı nitqində Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi tanındığını deyib: "2018-ci ildə Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib. Mənim həmkarlarımla həm ikitərəfli, həm çoxtərəfli formatlarda bir çox görüşlərim olub. 

Doqquz ay ərzində mən 12 xarici səfər etmişəm və 15 dövlət və hökumət başçısı Azərbaycana səfərlər edib. Bu, onu göstərir ki, Azərbaycanın çox çevik və çoxşaxəli xarici siyasəti var. İkitərəfli formatda əldə edilmiş razılaşmalar icra edilir, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və bizim sözümüzə inanırlar. Çünki sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur”. Bu il qonşu ölkələrlə əlaqələrimizin yeni pilləyə qalxdığını vurğulayan dövlətimizin başçısı qonşu ölkələrin dövlət və hökumət başçıları ilə çoxsaylı görüşlərinin olduğunu bildirib: "Əldə edilmiş razılaşmalar həm ikitərəfli əlaqələrimizi möhkəmləndirir, eyni zamanda, regionda sabitliyin, təhlükəsizliyin, əməkdaşlığın inkişafına xidmət göstərir. Müsəlman ölkələri ilə bizim əlaqələrimiz həmişə olduğu kimi diqqət mərkəzindədir. Bu, bizim xarici siyasətimizin prioritet məsələlərindən biridir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal və dəyərli üzvüdür və bütün beynəlxalq təşkilatlarda, beynəlxalq tədbirlərdə biz islam həmrəyliyini göstəririk və bunu təbliğ edirik. 

Təsadüfi deyil ki, keçən il bizdə "İslam Həmrəyliyi İli” elan olunmuşdur. Azərbaycanda, islam aləmində birliyin, həmrəyliyin möhkəmləndirilməsi işində bizim fəaliyyətimiz müsəlman dünyasında çox yüksək qiymətləndirilir. İslam Əməkdaşlıq Təşkilatı bizim fəaliyyətimizi yüksək qiymətləndirir. Biz bu istiqamətdə səylərimizi davam etdiririk və etdirəcəyik. Təsadüfi deyil ki, bu il Azərbaycanın ikinci şəhəri, Bakıdan sonra bu dəfə Naxçıvan şəhəri İslam Mədəniyyətinin Paytaxtı adına layiq görüldü. Biz bunu bütün müsəlman aləminin bizə olan hörmətinin təzahürü kimi qəbul edirik, qiymətləndiririk. Eyni zamanda, əlbəttə ki, bu qərar bizim islam aləmində oynadığımız müsbət rol ilə bağlıdır və biz bu istiqamətdə səylərimizi davam etdirəcəyik. İslam aləmində həmrəyliyin, birliyin möhkəmlənməsi üçün səylərimizi davam etdirəcəyik, eyni zamanda, islam dəyərlərini dünyaya çatdırmaq üçün bundan sonra da addımlar atılacaq. Bildiyiniz kimi, Azərbaycanda multikulturalizmlə bağlı bir çox tədbirlər keçirilib və həm islam aləmində, həm Avropada bizim bu səylərimiz yüksək qiymətləndirilir, bu səylərin gözəl nəticələri var”.

Azərbaycanın xarici siyasətini və Prezidentin ifadələrini "Şərq”ə şərh edən siyasi elmlər namizədi, beynəlxalq münasibətlər üzrə ekspert Zaur Məmmədov deyib ki, son illərdə beynəlxalq miqyasda, müxtəlif sahələrdə rəsmi Bakı tərəfindən qarşıya qoyulan məqsədlərin reallasmasının şahidi oluruq:

 "Məhz Prezident İlham Əliyevin təşəbbüskarı olduğu böyük iqtisadi, siyasi və nəqliyyat layihələrinin reallaşdırılması həm dövlət başçısının rasional, çevik xarici siyasətinin, həm də Azərbaycanın Cənubi Qafqazda mühüm rola malik olmasının bariz nümunəsidir. Bu il ərzində Bakı-Tbilisi-Qars dəmiryolununun istifadəyə verilməsi, Çindən Avropaya uzanan Şərq-Qərb nəqliyyat dəhlizinin işə salınması Azərbaycanın artan rolunu göstərir. Eyni zamanda Xəzəryanı dövlətlərin ölkəmiz vasitəsi ilə Avropa bazarlarına çıxması, Hindistana qədər uzanan Şimal-Cənub nəqliyyat dəhlizinin istifadəyə açılması da olduqca mühüm hadisələrdir. Bununla yanaşı, Rusiya-Azərbaycan münasibətlərinin inkişafı, KTMT-yə üzv dövlətlərin birmənalı olaraq Azərbaycanı dəstəkləməsi, Avropa İttifaqı və ABŞ-la Bakı arasında əlaqələrin genişlənməsi də ölkəmizin uğurlu xarici siyasətinin ən yaxşı nümunələridir. Əlavə bir çox məsələləri, o cümlədən geosiyasi maraqlar naminə əldə edilən siyasi xətti buna misal gətirmək olar”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-12-11
2018-12-10