2018-10-11 11:31:52   |   227 dəfə oxunub

Rəsmi Bakının mövqeyi qəti və dəyişməzdir

Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı hər hansı format dəyişikliyindən söhbət belə gedə bilməz


"Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqların formatı dəyişməz olaraq qalır”. Bunu Nazirlər Kabinetinin ötən gün keçirilən iclasında Prezident İlham Əliyev deyib. Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən danışan dövlət başçısı vurğulayıb ki, Ermənistan tərəfinin cəhdləri nəticə vermədi: "Danışıqlar Ermənistan və Azərbaycan arasında aparılıb, aparılır və aparılmalıdır. İki ölkənin xarici işlər nazirlərinin iki görüşü bunu bir daha sübut edir. Son vaxtlar baş vermiş digər hadisələr onu göstərir ki, danışıqlar formatı dəyişməz olaraq qalır. Bu münaqişə tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqların predmeti olmayıb, bu gün də deyil və heç vaxt olmayacaq. Ona görə biz bundan sonra da öz prinsipial mövqeyimizdə qalacağıq. Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi öz siyasətində konstruktivlik nümayiş etdirəcək və torpaqlarımız tezliklə işğalçılardan azad olunacaq”.

Dövlət başçısının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlamasını "Şərq”ə dəyərləndirən millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov ilk növbədə bildirib ki, 2018-ci il Azərbaycan üçün uğurlu olub. Cari il ərzində ölkəmizdə sabitlik qorunub, təhlükəsizlik mühiti daha da möhkəmlənib. Eyni zamanda Azərbaycanın davamlı inkişafı təmin olunub. İnsanlarımız sülh və əmin-amanlıq şəraitində yaşayıblar. 

Elə bu səbəbdən də paralel olaraq ölkə iqtisadiyyatı inkişaf edib, şaxələnib. Cənab Prezident iclasda xüsusi vurğuladı ki, əgər Ermənistan işğalçılıq siyasətindən əl çəkərsə, bizim nailiyyətlərimiz, uğurlarımız daha çox olar: "Biz münaqişənin həlli ilə bağlı Paşinyan hökumətindən qarşılıqlı mövqe gözləyirik. Dövlət başçısı iclasda bildirdi ki, münaqişənin nizamlanması ilə bağlı hər hansı format dəyişikliyindən söhbət belə gedə bilməz. Prezidentin bu yanaşması təsadüfi deyil. Çünki Paşinyan hakimiyyətə gəldiyi ilk gündən israr edirdi ki, danışıqlar prosesində Ermənistan və Azərbaycanla yanaşı qondarma Dağlıq Qarabağ rejimi də iştirak etməlidir. Yəni üçtərəfli danışıqlar aparılmalıdır. Paşinyan BMT Baş Məclisinin 73-cü Sessiyasında çıxışı zamanı da beynəlxalq ictimaiyyəti aldadaraq söylədi ki, "əgər Azərbaycan dövlətinin Dağlıq Qarabağla bağlı ərazi iddiası varsa, o zaman oradakı rejimlə danışıqlara getməlidir”. 

Əlbəttə, bu çox məntiqsiz yanaşmadır. Axı hansı ərazi iddiasından söhbət gedir? Dağlıq Qarabağ və ətraf rayonlar bütünlüklə Azərbaycanın tarixi və hüquqi torpaqlarıdır. Əksinə bu ərazilərə tarix boyu iddia edən Ermənistan tərəfi olub. Ermənilər həmin əraziləri işğal edərək orada separatçıları yerləşdiriblər. Bunlara diqqət çəkən dövlət başçısı qəti şəkildə bəyan etdi ki, hansısa format dəyişikliyindən söhbət gedə bilməz. Çünki rəsmi Bakının mövqeyi qəti və dəyişməzdir. Ərazi bütövlüyü məsələsi heç vaxt danışıqların predmeti olmayıb və bundan sonra da olmayacaq.
İndi Ermənistandan gözlənilən konstruktiv danışıqları bərpa etməkdir”.

Deputat vurğulayıb ki, ötən illər ərzində Azərbaycanın iqtisadi vəziyyəti, xalq-hakimiyyət birliyi, siyasi sabitliyi, təhlükəsizlik mühiti, sosial siyasəti inkişaf edib: 

"Dövlət başçısı bildirib ki, 2019-cu il büdcəsi investisiya və sosialyönümlü büdcə olacaq. Milli ordumuzun hərbi-texniki bazasının, Silahlı Qüvvələrimizin daha da gücləndirilməsi Azərbaycanın regiondakı liderlik mövqeyinə sahib olduğunu göstərir. Ermənistan tərəfi bu reallığı dərk etməlidir. Təəssüflər olsun ki, düşmən ölkə hələlik danışıqlardan yayınır, qeyri-konstruktiv mövqe sərgiləyir. Lakin Ermənistan anlamalıdır ki, danışıqlardan boyun qaçırmaq siyasəti müharibə variantını aktuallaşdıra bilər. O zaman isə bütün məsuliyyət Ermənistanın üzərinə düşəcək. Bu baxımdan dövlət başçısının Nazirlər Kabinetində söylədiyi nitq həm də Ermənistana ciddi bir xəbərdarlıq idi”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-12-15
2018-12-14