2018-10-11 11:37:42   |   187 dəfə oxunub

Yenə ən müasir texnika və silahlar alınacaq

Bu gün Cənubi Qafqaz regionunda Azərbaycan ən müasir hava hücumundan müdafiə sisteminə malikdir




Müharibə şəraitində yaşayan, torpaqları işğal altında olan ölkə üçün ordu quruculuğu həyati əhəmiyyətə malik məsələlərdən biridir. Bunu nəzərə alan Prezident və Ali Baş Komandan İlham Əliyev hakimiyyətinin ilk illərindən müasir silahlarla təchiz olunan, yüksək döyüş qabiliyyətinə malik ordu yaradılması istiqamətində davamlı və qətiyyətli iş aparır. Bu gün Azərbaycanda dünya miqyasında ən güclü ordulardan biri formalaşıb və bu ordu işğal altındakı torpaqlarımızı düşməndən azad etməyə qadirdir. Vaxtilə bütün silahları xaricdən alırdıqsa, indi Azərbaycan özü müasir silah və texnika istehsal edir. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin yaradılması bu istiqamətdə atılmış ən önəmli addımlardan biridir. 

Milli Ordumuz öz gücünü və döyüş qabiliyyətini 2016-cı ilin aprelində həm düşmənə, həm də dünyaya nümayiş etdirdi. Azərbaycan tarixinə zəfər səhifələrindən biri kimi daxil olmuş aprel döyüşlərində qəhrəman ordumuz ümumilikdə 2 min hektardan çox torpağı işğalçılardan təmizləyərək böyük bir əraziyə nəzarəti ələ aldı. Bu döyüşlərin ən mühüm yekunu Lələtəpə yüksəkliyinin azad olunması və bununla da Cocuq Mərcanlı təhlükəsizliyinin təmin edilməsi idi. Dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetinin cari ilin 9 ayın yekunlarına dair iclasında ordu quruculuğuna xüsusi diqqət çəkdi. Prezident bildirdi ki, Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır və biz öz hərbi qüdrətimizi artırırıq: "Bu il Bakıda iki dəfə möhtəşəm hərbi parad keçirildi və bu paradlarda hərbi qüdrətimiz həm xalqımıza, həm dünyaya nümayiş etdirildi. Bu gün Azərbaycan Ordusu ən müasir silahlarla, texnika ilə təchiz edilib və bu proses davam etdirilir. Biz bundan sonra da ən müasir hərbi texnikanı alacağıq, çünki yeni kontraktlar imzalanır. Əvvəlki illərdə imzalanmış kontraktlar əsasında ən müasir silahlar ölkəmizə gətirilir. Onların bir hissəsi hərbi paradlarda göstərilib, bir hissəsi isə göstərilməyib. Demək olar ki, biz bu gün öz hərbi potensialımızı maddi-texniki təchizat baxımından tam təmin etmişik. Biz bundan sonra yalnız ən müasir texnikanı, silahları almaq fikrindəyik. Bu texnikanı bizə satmaq istəyən ölkələrin sayı artır. Onsuz da bu məsələ ilə bağlı heç bir çətinlik yoxdur. Əvvəlki illərlə müqayisədə bu gün biz seçim edirik, nəinki hansısa bir təchizatçıya bağlıyıq. Ona görə biz bu gün bir çox ölkələrdən hərbi təyinatlı məhsullar alırıq”.

Dövlət başçısının diqqət çəkdiyi məqamlarla bağlı "Şərq”ə danışan hərbi ekspert Rəşad Süleymanov bildirib ki, Azərbaycan 2005-ci ildən silahlı qüvvələrin əsaslı modernləşdirilməsi prosesini həyata keçirir və bu kontekstdə işlər geniş spektrdə aparılır:

 "Başqa sözlə desək, hərbi hissələr yenilənir, yeni bazalar inşa olunur, şəxsi heyətin yaşayış şəraiti yaxşılaşdırılır, peşəkarlıq artırılır, eyni zamanda yeni silah və hərbi texnikaların alınması həyata keçirilir. Qeyd edim ki, 1992-ci ildən 2003-cü ilədək Azərbaycana başda Rusiya olmaqla bir çox ölkələr silah satışında embarqo tətbiq edirdi. Cənab İlham Əliyev 2003-cü ildə prezident seçilərkən əsas hədəflərindən birinicisinin respublikanın ərazi bütövlüyünün təmin edilməsi və ordu quruculuğu olduğunu bəyat etdi. Xaricdən hərbi-texniki asılılığı aradan qaldırmaq məqsədi ilə MSN yaradıldı və yerli hərbi sənayenin inkişafına dövlət tərəfindən diqqət yetirilməyə başladı. Eyni zamanda, xarici ölkələrdən müasir silah və hərbi texnikalar alındı. Bu gün artıq bir çox postsovet respublikaları, Cənub Şərqi Avropa dövlətlərinin arzu edə biləcəkləri silahlar Azərbaycan Ordusunun istifadəsində yer alır. Azərbaycanın silahlanma xəttində diversifikasiyaya həmişə diqqət yetirilib. Bunun da bəlli səbəbləri var. Müasir dünyada baş verən münaqişələr silahlanmada bir yerdən asılı olmağın acı fəsadlarını üzə çıxarır. Məhz buna görə də rəsmi Bakı bu sahədə şaxələndirmə siyasəti yürüdür. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycana silah və hərbi texnika satmaq istəyən ölkələrin də sayı get-gedə çoxalır. Ötən əsrin 90-cı illərində silah və hərbi texnikanı əsasən Ukrayna və Belarusdan, qismən isə Türkiyədən alırdıqsa, son 15 ildə bu siyahıya Rusiya, İsrail, Çexiya, Pakistan, Serbiya, İtaliya, Kanada, Fransa və digər ölkələr də qoşulublar. Bunu dəfələrlə müşahidə etmişəm ki, bir vaxtlar silah almaq üçün müraciət etdiyimiz, adi atıcı silahları belə "nazlanaraq” satan dövlətlər bu gün Azərbaycandakı sərgilərdə təmsil olunur, ən müasir silahlarını belə ilk dəfə Azərbaycana təqdim edirlər”.


Ekspertin sözlərinə görə, real faktların analizi göstərir ki, bu gün Cənubi Qafqaz regionunda Azərbaycan ən müasir hava hücumundan müdafiə sisteminə malikdir: 

"Azərbaycan tank və zirehli döyüş texnikalarının, artilleriya vasitələrinin sayına görə Gürcüstan və Ermənistanı ən azı 4-5 dəfə üstələyir. Azərbaycan Ordusunun silahlanmasında mövcud olan pilotsuz uçuş aparatları sayına və tipinə görə postsovet məkanında Rusiya daxil olmaqla bütün respublikaları qabaqlayır. Hazırda Azərbaycan regionda havada 40-48 saat qala bilən PUA-lara sahib yeganə ölkədir. Ölkəmiz bu gün eyni zamanda silah ixrac edən ölkədir. Hazırda Azərbaycan silahları başda Türkiyə olmaqla NATO ordularında, eləcə də dünyanın bir çox dövlətlərinin hərbi qurumları tərəfindən istifadə edilir”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-12-15
2018-12-14