2018-10-11 11:41:54   |   131 dəfə oxunub

Bundan sonra parklanma yerlərinə Bakı Nəqliyyat Agentliyi nəzarət edəcək

Elməddin Muradlı: "Məntiqlə də əslində belə olmalı idi. Çünki nəzarət edən, təşkil edən qurum Bakı Nəqliyyat Agentliyidirsə, dayanacaqlardan yığılan pullar da elə onların büdcəsinə ödənilməlidir"



Baş nazir Novruz Məmmədov "Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələləri haqqında" Nazirlər Kabinetinin (NK) 1999-cu il 6 aprel tarixli 60 nömrəli qərarında dəyişikliklər edilməsi barədə qərar verib. NK-nın 1999-cu il 6 aprel tarixli 60 nömrəli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə"də müəyyən dəyişikliklər edilib.

Bakı şəhərinin inzibati ərazisində İnzibati Xətalar Məcəlləsinin (İXM) 346.1-ci və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsinin yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə həmin Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda nəqliyyat vasitələrinin müvəqqəti olaraq saxlanılması üçün mühafizə olunan duracaqlar Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən təşkil edilir.

Eyni zamanda, Bakı şəhərinin inzibati ərazisində İXM-nin 346.1-ci və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsinin yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə həmin Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda nəqliyyat vasitələri BNA-nın mühafizə olunan duracağına gətirilir.

BNA-nın mühafizə olunan duracaqlarında xidmətə görə ödəniş Prezidentin 2018-ci il 2 aprel tarixli 1902 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Bakı Nəqliyyat Agentliyinin Nizamnaməsi"nin 6.7-ci bəndinə uyğun olaraq müəyyən edilir.

Bakı şəhərinin inzibati ərazisində bu Əsasnamənin 2.4-1-ci bəndinə uyğun olaraq BNA-nin mühafizə olunan duracağında saxlanılmış nəqliyyat vasitəsi İXM-nin 97.2-ci maddəsində nəzərdə tutulmuş hallarda sahibinə qaytarılır.

Bununla yanaşı, qərarda qeyd edilib ki, Məcəllənin 2. 2.5-ci bəndə "DİN-in" sözündən sonra "(bu Əsasnamənin 2.4-1- ci bəndində nəzərdə tutulmuş hallarda isə Bakı Nəqliyyat Agentliyinin)" sözləri əlavə edilsin.

Baş nazirin imzaladığı sənədin ümumi prosedurları tənzimləyən bir qərar olduğunu vurğulayan Avtosfer.az saytının baş redaktoru, nəqliyyat üzrə ekspert Elməddin Muradlı "Şərq"ə bildirib ki, əvvəl Bakı şəhərində dayanma-durma və parklanma qaydaları ilə əlaqədar nəzarət Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilirdi. Ekspertin sözlərinə görə, həmin ödənişlər də elə icra hakimiyyətinə çatırdı. İndi isə o səlahiyyət Bakı Nəqliyyat Agentliyinə verilib. "Təbii ki, buna görə də ödənişləri elə onların qəbul etməsi lazım idi. Yəni bu qərar texniki bir məsələdir. Sadəcə, qaydaları düzgün nizamlamaq üçün belə bir qərar verilib. Məntiqlə də əslində belə olmalı idi. Çünki nəzarət edən, təşkil edən qurum Bakı Nəqliyyat Agentliyidirsə, dayanacaqlardan yığılan pullar da elə onların büdcəsinə ödənilməlidir".

İlahə







SON XƏBƏRLƏR

2018-10-20
2018-10-19