2018-10-11 11:47:29   |   149 dəfə oxunub

Məktəbə gözyaşardıcı qazı şagird gətirib

"Baş verən hadisə onu göstərir ki, məktəbdə idarə olunmayan, çətin idarə olunan uşaqlar xüsusi nəzarətə götürülməlidir"



Bakının Hövsan qəsəbəsində 76 nömrəli tam orta məktəbdə gözyaşardıcı qazdan zəhərlənən bütün şagirdlər xəstəxanadan evə buraxılıb.
Məktəbdən verilən məlumata görə, şagirdlərin valideynləri ilə təhsil müəssisəsində görüş keçirilib:
"Valideynlərə tövsiyə edilib ki, övladları dərsə gələrkən onların çantalarına qoyduqları əşyalara xüsusi nəzarət etsinlər. Hazırda məktəbdə hər şey qaydasındadır".

Qeyd edək ki, 6-cı sinif şagirdi məktəbə gözyaşardıcı qaz gətirib. Tənəffüs zamanı şagird qazı buraxıb, nəticədə 8 şagird qazdan zəhərlənib və Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb.
Hadisə yerinə təcili tibbi yardım və hüquq-mühafizə orqanları cəlb olunub.

Yaşanan xoşagəlməz hadisəyə münasibət bildirən ekspert Kamran Əsədov "Şərq"ə açıqlamasında məktəblərdə uşaqlara nəzarətin düzgün həyata keçirilmədiyindən təəssüfləndiyini deyib: 

"Son 5 ilin statistik göstəricilərinə nəzər saldıqda görürük ki, orta ümumtəhsil məktəb şagirdləri arasında bıçaqlanma, məktəbə qeyri-qanuni, qadağan olunmuş əşyaların gətirilməsi kimi hallar artıq adi hal alıb. Bu, sistemsiz tendensiyanın baş verdiyini göstərir və orta ümumtəhsil məktəblərinə rəhbərlik edən direktorların məktəblərə nəzarəti düzgün həyata keçirmədiyinin bariz nümunəsidir. Birincisi, məktəbin psixoloqu olmalıdır ki, həmin uşaqların bir-birləri ilə münasibətlərini, psixoloji durumlarını öyrənsin. Bu hadisələr əksər vaxtlarda qisasçılıq zəmnində baş verir. Baş verən proseslər onu göstərir ki, şagirdlər arasında münasibətləri məktəb rəhbərliyi düzgün tənzimləyə bilmir. İkinci tərəfi budur ki, bu gözyaşardıcı alət xüsusi təyinatlı bir silah növü hesab olunur. Onun tapılması, əldə edilməsi şagirdin imkanları xaricindədir. Yenə də deyirəm, azyaşlı şagirdlərə gözyaşardıcı qazın satışı qanunla qadağan edilib. Ola bilər ki, şagirdə kənardan göstəriş olsun və yaxud kənardan əldə etsin. Üçüncü vacib amil məktəblərin mühafizəsi məsələsidir. Təbii ki, şagirdlər məktəbə buraxılanda onların çantaları yoxlanılmır. Amma baş verən hadisə onu göstərir ki, məktəbdə idarə olunmayan, çətin idarə olunan uşaqlar xüsusi nəzarətə götürülməlidir. Bilirsiz ki, bıçaqlanma, döyülmə, fiziki xəsarət yetirmə halları adətən tənəffüs zamanı baş verir. Bu səbəbdən də onlara tənəffüs zamanı xüsusi nəzarət olmalıdır".


Ekspertin fikrincə, ən dəhşətli məqamlardan biri də ondan ibarətdir ki, hadisədə məktəbin açıqladığı rəqəmlərlə Səhiyyə Nazirliyinin açıqladığı rəqəmlər arasında ziddiyyət var idi: 

"Bu onu göstərir ki, informasiya vermək baxımından da məktəbin imkanları çox aşağıdır. Bununla yanaşı, məktəbdə təhlükəsizliyi həyata keçirəcək şəxslər vəzifəsinin öhdəsindən gələ bilmir. Düşünürəm ki, problemin aradan qaldırılması üçün "Məktəblinin dostu" layihəsi bütünlükdə Bakı şəhərində yerləşən məktəblərə tətbiq edilməlidir ki, nəzarəti aktiv tədris prosesinin iştirakçısı olmayan şəxslər həyata keçirsinlər. Ümumiyyətlə, artıq SOS siqnalı verməyin vaxtıdır. Çünki əgər bir məktəbli bu gün məktəbə gözyaşardıcı qaz gətirə bilirsə, sabah soyuq silah da, kəsici-deşici alətlər də gətirə bilər ki, bunun zaman-zaman şahidi oluruq".

İlahə







SON XƏBƏRLƏR

2018-12-11
2018-12-10