2018-10-11 12:04:54   |   250 dəfə oxunub

Bu artıq siqnaldır

Sərnişindaşıma xidməti göstərən şirkətlər işlərində dönüş yaratmalıdır, əks halda onların yolları bağlanacaq



Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxışı zamanı Bakıda baş verən qatar-avtobus qəzasına münasibət bildirib.

Şəhər nəqliyyatından danışan ölkə başçısı islahatlar aparıldığını deyib: 

"Biz şəhər nəqliyyatının təkmilləşdirilməsi işində islahatlar aparırıq, həm yol-nəqliyyat hərəkətinin tənzimlənməsi, eyni zamanda, yeni yolların açılması, nəqliyyat vasitələrinin alınması istiqamətində. Bu il şəhərimizə əlavə 300 yeni müasir avtobus gətiriləcək. Mən göstəriş vermişəm, gələn il də, minimum 300, əgər maliyyə imkanımız olsa, 500 yeni avtobus gətirilməlidir. Dövlət bu sahədə öz liderliyini göstərməlidir. Çünki son vaxtlar baş vermiş dəhşətli qəzalar bizim hamımızı çox üzür və bu, vətəndaşlar üçün böyük faciədir, böyük itkidir. Nəyə görə? Çünki sükan arxasında oturan öz məsuliyyətini dərk etmir. Onun psixoloji, narkoloji durumuna, peşəkarlığına lazımi qaydada nəzarət olunmur. Ona görə də bədbəxt hadisələr baş verir. Avtobus qatara çırpılır, günahsız insanlar həlak olur”.
Prezident deyib ki, mühafizə orqanları belə hallara çox ciddi reaksiya verməli və belə hallar nəzarətdə olmalıdır: "Avtobusları idarə edən şirkətlər çox ciddi nəzarətə götürülməlidir. Avtobusların texniki parametrləri ilə bağlı çox ciddi təftiş aparılmalıdır. Mən bir daha demək istəyirəm, əfsuslar olsun ki, özəl sektor bu sahədə istədiyimizə nail ola bilmədi. Ona görə, bizim dövlət qurumumuz var – "BakuBus” şirkəti. Onların xətti ilə biz bu işi davam etdirməliyik. Əgər özəl şirkətlər bu sahədə işləmək istəyirlərsə, öz işlərində ciddi dəyişiklik etməlidirlər və dövlət orqanları onlara çox ciddi nəzarət etməlidir".

Nəqliyyat üzrə ekspert Azər Allahverənovun sözlərinə görə, prezident sözügedən müşavirədə avtobusları idarə edən şirkətlərə ciddi xəbərdarlıq edərək onları intizamlı olmağa çağırdı: 

"Binə qəsəbəsində baş verən dəhşətli qəzaya toxunan prezident bu hadisənin vətəndaşlar üçün çox üzücü olduğunu deyib. Bu artıq siqnaldır. Avtobusların iştirakı ilə baş verən qəzaların sayı artıb. Səbəb isə sükan arxasında oturanların peşəkarlığına lazımi qaydada nəzarət olunmamasıdır. Prezidentin də qeyd etdiyi kimi şirkətə pul lazımdır, vəssalam! Biz dəfələrlə qeyd etmişik ki, sürücülük təcrübəsi olmayan şəxslərin fəaliyyətinə icazə verilməməlidir. Avtobus sürücüləri psixoloji testlərdən keçirilməlidir. Bu da aidiyyəti qurumların nəzarəti altında olmalıdır. Cənab Prezidentin bu məsələyə xüsusi diqqət ayırması onu göstərir ki, hüquq-mühafizə orqanları, aidiyyəti qurumlar bu sahəyə diqqət ayırmalıdır. Avtobusları idarə edən şirkətlərə aidiyyəti qurumlar xüsusi nəzarət etməlidir. Sürücülərin peşəkarlıq qabiliyyəti, psixoloji durumu yoxlanılmalıdır”.

A.Allahverənovun sözlərinə görə, prezidentin "avtobusların texniki parametrləri ilə bağlı çox ciddi təftiş aparılmalıdır" mesajı da əsassız deyildi. Bu mesaj həm Bakı Nəqliyyat Agentliyinə, həm Dövlət Yol Polisi İdarəsinə, həm də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə ünvanlanıb: "Deməli, bundan sonra texniki baxış məsələləri xüsusi diqqət mərkəzində saxlanılmalıdır. Sınıq-salxaq, sıradan çıxmış avtobusların xəttə buraxılması da ölkə başçısının diqqətindən yayınmayıb. Hesab edirəm ki, özəl sektor bu xəbərdarlıqların hər biri barəsində ciddi ölçü götürməlidir”.

Müşavirə zamanı prezidentin müsbət dəyişikliklərə toxunduğunu qeyd edən ekspert deyib ki,"BakuBus” MMC-nin nəzarətində olan sürücülərin davranışı digər daşıyıcıların sürücülərindən tamamilə fərqlənir: 

"Prezident qeyd edib ki, əgər özəl şirkətlər bu sahədə işləmək istəyirlərsə, öz işlərində ciddi dəyişiklik etməlidirlər. Əks halda dövlət orqanları ciddi tədbirlər həyata keçirib bu sahəni tam nəzarət altına almalıdır. Hansısa bir sənişindaşıma xidmətini həyata keçirən şirkətə məxsus marşrut xətti ilə bağlı narazılıqlar artsa, qanunsuzluqlar qeydə alınsa və onlar BNA-nın tələblərinə cavab verməsələr, həmin şirkətin lisenziyası ləğv olunaraq həmin xətlər üzrə sərnişindaşınması "BakuBus”a həvalə olunacaq”.

Şəymən








SON XƏBƏRLƏR

2018-12-10
2018-12-09