2018-10-11 12:08:33   |   103 dəfə oxunub

Hər bir təşkilat vergilərini tam ödəməlidir

Prezidentin mesajlarından sonra bəzi sahibkarlara himayədarlıq edən məmurlar da nəticə çıxaracaq



Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda əsas vəzifələrdən birinin kölgə iqtisadiyyatının aradan qaldırılması olduğunu deyib: "Düzdür, heç bir ölkədə buna 100 faiz nail olunmayıb, hər bir ölkədə kölgə iqtisadiyyatı var, amma bunun dərəcəsi var. Azərbaycanda kölgə iqtisadiyyatının kəskin şəkildə azalması üçün çox ciddi addımlar atılır". Onun sözlərinə görə, vergidən yayınma halları əvvəlki illərdə kütləvi xarakter daşıyırdı. "Bu, əlbəttə, imkan vermirdi ki, biz öz potensialımızı tam gücü ilə işə salaq. Bu gün bu hallara son qoyulur. Bütün dövlət orqanları vergi orqanlarına kömək göstərməlidir".

Vergidən yayınmaya son qoyulmasını vacib hesab edən Prezident deyib ki, bu, həm iri, həm də kiçik sahibkarlara aiddir. Sahibkarlar da bilməlidirlər ki, əgər onlar sahibkarlar kimi öz fəaliyyətini davam etdirmək istəyirlərsə, vergiləri tam ödəməlidirlər. Heç kimə heç bir güzəşt edilmir və edilməyəcək: "Bilirəm ki, bəzi sahibkarlar bəzi dövlət məmurlarına arxalanırlar, o dövr artıq keçib. Heç kimə arxalanmasınlar. Əgər hansısa bir dövlət məmuru sahibkarlara xüsusi şərait yaratmaq üçün qanunsuz əməllər edəcəksə, çox ciddi şəkildə cəzalandırılacaq”.

Konstitusiya Araşdırmalar Mərkəzinin rəhbəri Əliməmməd Nuriyevin sözlərinə görə, prezident 9 ayın yekunları ilə bağlı keçirdiyi müşavirədə korrupsiyaya qarşı mübarizə tədbirlərinin aparıldığını və bu tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib. Xüsusən də vergidən yayınmalarla bağlı sərt tapşırıqlar verdi.

Dövlət məmurlarına arxalanan sahibkarlar məsələsinə toxunan Ə.Nuriyev deyib ki, bir çox hallarda məmurlar öz səlahiyyətlərindən sui- istifadə edərək özlərinin şirkətlərini qurub sahibkarlıq fəaliyyəti ilə məşğul olur, vergi ödəmələrinə də müdaxilələr edirdilər. Vergilərin ödənilməsi ilə bağlı bir çox sahibkarlar, sahibkarlıq subyektləri dövlətin verdiyi imtiyazlardan sui-istifadə edərək vergiləri ödəməkdən yayınırlar. Eyni zamanda korrupsiya sövdələşmələrinə getməyə meyil edirlər. Bu qanunsuzluqlar da cənab prezident tərəfindən dəqiq ifadə edilib: "Düzdür, son dövrlər aparılan islahatlar nəticəsində bu proseslərin qarşısının alınması istiqamətində əhəmiyyətli addımlar atılıb. Sözügedən tədbirlər gömrük sahəsində də həyata keçirilir. Ölkə başçısı da qeyd edib ki, son vaxtlar bu sahədə şəffaflıq və hesabatlılıq artıb. Vergi sahəsində həyata keçirilən islahatlar kursu indiyə qədər yaranmış problemlərin köklü həllinə, vergi inzibatçılığının ən müasir formada təşkilinə imkan verəcək. Vergi dövlət büdcəsinə daxil olan gəlirləri təşviq edən bir qurumdur. 

Vergi ödəmələri vaxtlı-vaxtında həyata keçirilməsə, sosial proqramların həyata keçirilməsində müəyyən ləngimələr yaranar, investisiya proqramlarında da problemlər ola bilər. Bu baxımdan cənab prezidentin müşavirədə səsləndirdiyi fikirlər vergi sisteminin daha da təkmilləşdirilməsi və bu sistemə yanaşmanın dəyişməsi baxımından çox əhəmiyyətlidir. Çox güman ki, bu mesajlardan sonra bəzi sahibkarlara himayədarlıq edən, həmçinin də şəxsi biznesləri olan məmurlar nəticə çıxaracaq. Bu da vergidən yayınma hallarını aradan qaldıracaq. Sahibkarlar qanunvericilik çərçivəsində fəaliyyət göstərəcəklər.

Qohumluq münasibətlərindən asılı olmayaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan bütün şəxslər vaxtlı-vaxtında vergisini ödəməlidir. Burada hər hansı bir güzəştdən və ya gəlirlərin az göstərilməsindən söhbət getməməlidir. Hamının qanun qarşısında bərabərliyi təmin olunmalıdır”.

Şəymən







SON XƏBƏRLƏR

2018-10-16
2018-10-15